Oktyabr, 1993-cü il. Zəngilan rayonunun Babaylı kəndindəyik. 12 yaşım var. Kənddə ancaq kişilər qalıb, o vaxt 12 yaşlı uşaqlar da kişi sayılırdı.
Motosiklet sürüb tütün yığmağa gedirdik, ot biçirdik, tüfəng götürüb ova gedirdik, tövləni təmizləyirdik, quzu otarırdıq… Kişi kimi olurdu kənd uşaqları. Biz də kişi kimi kəndimizi qoruyurduq. Cibimizdə güllə, qumbara gəzdirirdik. Əldə düzəltmə tapança ilə əməlli-başlı atəş açırdıq. Bir dəfə dağda sahibsiz eşşəklərdən birini nişan aldıq, sərrast alındı. Biz də öz aramızda döyüşə belə hazırlaşırdıq. Çünki bizə avtomat vermirdilər.
Ocaq qalayıb içinə güllə atırdıq, partlayanda maraqlı mənzərə alınırdı, 5,45 güllələrdən yana-yana gedənləri var idi, bu güllə insan bədənində sümüyə dirənənə qədər gəzir. Biz də ən çox bu güllədən qorxurduq.
Bir gün dedilər, ermənilər gəlir. Qubadlı rayonunun Xanlıq kəndindəki elektrik stansiyasını ermənilər partlatmışdı. Ona görə də bizim kəndlər işıqsız idi, ermənilər isə işıq yandırırdı. Bizim kənddə ancaq uzel-radio işləyirdi, gecə atam uzeli pəncərəyə bərk-bərk sıxırdı, xəbərlərə qulaq asırdıq. Hərbi jurnalist Şəmistan Əlizamanlının hər xəbərin sonunda inamsız sözləri hələ də yadımdadır; «Qələbə müjdəli sabahlaradək». Mən o vaxt qələbəyə çox inanırdım. Amma Şəmistan Əlizamanlı «Qələbə» sözünü həmişə axırda dediyi üçün əvvəldə dediyi sözlərdən sarsılırdım. Hər gün bəd xəbərlər gəlirdi bizə. Laçının qalan bütün kəndləri işğal olunurdu, Qubadlı, Cəbrayıl, Füzuli, Ağdam da əldən gedirdi. Ermənilər Zəngilanın da bir neçə kəndinini işğal etmişdilər. Amma rayon hələ dözürdü…
… Bizə hələ yayın əvvəlində xəbər gətirdilər ki, kəndi boşaldın, ermənilər gəlir. Ona görə də, mənə elə gədir ki, Zəngilan iki dəfə işğal olunub. Birinci işğal xəbəri səhv çıxmışdı. Amma yenə də xəbər yayılan kimi əvvəlcə imkanlı adamlar kənddən çıxdı, sonra hamı. Amma kişilər qaldı. Bizi – balaca kişiləri aldadıb Bakıya göndərdilər. O vaxt yadıma gəlir, Bakıya gəlməyə bir qədər sevinirdik. Anam bir neçə toyuq kəsib yola götürmüşdü ki, ac qalmayaq. Amma biz acgöz ailədə böyüməmişdik. Yenə də yolu düşünürdü anam. Yola çıxdıq. Bir neçə ailə bir “QAZ-53”ə sığınmışdı. Hər ailə də bir-iki dəst paltar, yemək və xırda-para şeylərini götürmüşdü. Hava hələ isti olduğu üçün biz səhərə yaxın Beyləqan rayonunda yol kənarında dayanıb yemək bişirmək istəyəndə baxıb gördük ki, anamın kəsib yola götürdüyü toyuqlar iylənib. Yeyə bilmədik. Amma ac qalmadıq, qatıq, pendir, yağ var idi. Gəlib Nəvai postuna çatanda polislər bizi saxladı. İki maşın olmuşduq yolda. İkisi də “QAZ-53” idi. Polislər deyirdi ki, qaçqınlar Bakıya buraxılmır. Gedin rayonların birinə. Bizim başqa rayonlarda qohumlarımız yox idi. Bakıda var idi. Anamın, atamın qohumları. Biz kənddə toyuq kəsəndə arıq-sıskaları kəsib yeyirdik, amma kəndimizdən Bakıya gələn olanda anam ən yaxşı toyuqları kəsib Bakıdakı qohumlara göndərirdi. Biz də elə həmin qohumların yanına pənah gətirirdik. Nəvai postunda maşında oturub saatlarla gözlədik, səhər açıldı, hamı deyirdi ki, müvəqqəti çətinlikdi, buraxın gedək. Onsuz da qayıdacağıq. Axırda polislər bizim böyüklərimizi otağa çağırıb pul alandan sonra dedilər, gedin maşını xodlayın, elə bərk sürüb gedin ki, guya qaçdınız. O biriləri narazılıq eləməsinlər. Bizim sürücülər belə də etdilər. Polislərdən biri avtomatı əlinə alıb arxadan bizi nişan aldı, sonra nə oldusa guya atəş açmaq fikrindən daşındı. Beləcə, Bakıya gəldik, 3 ay həmin qohumların yanında qaldıq. Mən bu 3 ayda başa düşdüm ki, anam nahaq yerə o yağlı toyuqları bu qohumlara göndərirmiş…
Üç aylıq həsrətdən sonra eşitdim ki, kənd uşaqları bir-bir kəndə qayıdırlar. Bizdən əvvəl kişilər qayıtmışdılar, sonra kişi qeyrətli yaşlı nənələrimiz. Onlar «kişilər ac qalmasın» deyib kəndə qayıdırdılar bir-bir. Mən də kəndə gedən maşınların biriylə kəndimizə – Babaylıya qayıtdım. Ora çatanda gördüm, məndən kiçik qardaşım da ata babamla birlikdə kənddədirlər, nənəm də onların yanında idi. Kiçik qardaşım, bacım və anam isə Bakıda qaldılar. Gözəl günlərimiz başladı. Kəndə çatan kimi Xeyransa xalagilin bağına qoz yığmağa getdik. Sonra başqa bağlara baş çəkdik, nar, heyva yığırdıq, karalyokun yetişən vaxtı idi. Kənddə evlərin çoxu boş idi. Biz də kef çəkirdik.
Gecələr kəndimizi vahimə basırdı. Tək-tük hərəkət edən maşınların və itlərin səsindən başqa heç bir hənirti yox idi. Biz qardaşımla atamın yanında qalırdıq. Uzeldən bəd xəbərlər gəlməyə başlayırdı sentyabr ayında. Qubadlının işğal xəbərini eşidəndə atam dedi, gərək gəlməyəydiniz, siz ki, balacasız. Mənsə düşünürdüm ki, yəqin, hər ay of tüfəngi ilə səngərdə keşik çəkməyə gedən atam ermənilərlə döyüşəndə bizə başı qarışmasın deyə belə deyir. Ata olandan sonra atamı anladım. Hava qaralanda o taydan – Alıbəyli, Xumarlı kəndəlirinin arxasından alazan tipli raketlərin göydə necə uçuşduğunu açıq-aydın görürdük. Vəziyyət qarışmışdı. Artıq kənddə hamı narahat idi.
Avqustun 30-da kəndimizdə tarix müəllimi Müqabil müəllim uşaqları yığıb dedi ki, sentyabrın 1-də məktəbə gəlin. Dərsə gəlin demədi, məktəbə gəlin dedi. Onsuzda biz bilirdik, dərs olmayacaq. Amma orada başqa dərs öyrəndik. Müəllimlər bizi yığıb göstəriş verdilər ki, biz birinci dəfə kənddən çıxanda məktəbə Güləbirtli Vaqifin taboru girib, burada məskunlaşıbmış. Çıxıb gedəndə isə çoxlu silah-sursat tərgediblər. Biz o silahları, qumbaraları, güllələri təmizləməyə başladıq. Güllələrin, qumbaraların 5-ni müəllimlərə verəndə 2-3 dənəsini də özümüzə saxlayırdıq. Güllə partlatmaq maraqlı olurdu axşamçağı. Qumbaranı isə Oxçu çayına atıb balıq tuturduq. Suda bir qumbara partlayanda xeyli balıq çıxırdı üzə. Gecələr vahimə dəhşətli idi kəndimizdə. Bizim əsgərlərin ermənilərə atdığı alazanları sayırdım hər gecə və elə saya-saya da yuxuya gedirdim. Səhəri AzTV-nin «Xoş gördük» proqramının səsi ilə aça bilmirdik daha. İşıq yox idi. Gecələr kəndimizə tank gəlirdi. Tankçı Elmanın tankı. Elman gecə tankla kəndə niyə gəlirdi? Çünki səngərdə yemək yox idi, Elman da tankla gəlib səngərə yemək aparırdı öz evlərindən. Elman bu tankı ermənilərdən qənimət götürmüşdü. O vaxt Azərbaycan Ordusunda T-80 tankı olmayanda Elman ermənilərdən gətirdiyi və «Tiqr» kimi tanınan bu tankla ermənilərə dərs keçirdi. Kəndimizdən yenicə əsgər gedənlər hərdən gəlib evlərinə baş çəkirdilər, əyin-başlarını dəyişib gedirdilər. Hər gələn də ciblərində erməni qulağı gətirirdilər. Təsbeh düzəldirdilər erməni qulağından.
Elmanın əmisi oğlu Kamil də ermənilərə qan uddururdu. Mən eşitdiyimə görə, ermənilər Kamilin başına pul qoymuşdular. Onun başını ermənilərə verənə yaxşı pul verəcəydilər. Yazıq Kamil, o pul söhbətindən sonra qorxurdu yaman. Arxadan vurarlar deyə.
Zəngilanın, bizim kəndin igid oğulları yaxşı döyüşürdülər (bəzi namərdləri çıxmaş şərtilə). Elə buna görə idi Zəngilan ən sonda işğal olundu, köməksiz vəziyyətdə, mühasirədə təslim oldu Zəngilan…
Oktyabrın 20-də kəndimizə qara xəbər gəldi. Füzuli və Cəbrayıl rayonlarının əksər kəndləri işğal olunduğu üçün Zəngilandan Bakıya gedən yol bağlandı. O yolda çox qanlar töküldü, ermənilər o yolu əldə tutmaqla Zəngilanın ümidini qırdılar. Amma bizimkilər təslim olmurdular. Yolu açmaq mümkün deyildi. Heç kim də kənddən çıxmaq istəmirdi. Şəxsən mən Bakıda 3 ay ərzində gördüklərimdən elə bezmişdim ki, bir daha Bakıya gəlmək istəmirdim. Amma vəziyyət gərginləşirdi. İş o yerə çatdı ki, Laçından bizim kəndə qaçıb gələnlər yenidən gedəsi oldular. Amma hara? Yol bağlı idi axı…
Artıq hərbi qüvvələr də geri gedirdi. Böyüklər məsləhətləşəndən sonra biz də kənddən çıxası olduq. Birinci dəfə kənddən çıxanlardan kim geri qayıtmışdısa, apardıqlarını da gətirmişdi, elə biz də apardıqlaramızın çoxunu gətirmişdik ki, erməni nə gəzir, kəndimiz yerindədir. Amma bu dəfə heç nə götürmək olmazdı, yalnız yemək-içmək və isti geyim. Yenə də bir maşina 10 ailə yığışdı. Yaxşı yadımdarı, nənəm bir «meşok» şirin nar götürdü yolda yeməyə. Qalan şeylər yadımda deyil.
Oktyabrın 27-də biz dayım Vahidin avtobusu ilə kənddən çıxdıq. 3 ay əvvəl Bakıya gedirik deyə sevinərkən indi həqiqətən ağladım. İlahi, nə dəhşət idi o səhnə. Sahibsiz qalan dovşanıma, itimizə, bir də hələ tam təmir olunmamış evimizə baxıb ağladım. Hönkürüb ağlamışdım o gün 12 yaşında. Bəlkə də birinci dəfə ağlamadan kənddən getməyimin səbəbi o idi ki, yenidən qayıtmaq ümidi var idi. Çünki o vaxt «müvəqqəti çətinlik» kəlməsi beynimizə işləmişdi. Amma ikinci dəfə kənddən çıxanda mən artıq Bakının nə olduğunu dərk etmişdim. Sanki katorqaya gedirdim. Kənddən çıxıb qohumlarımızın yaşadığı Məlikli kəndinə getdik. Ora Araz çayına yaxın idi. Bizə demişdilər ki, rəhmətlik prezident Heydər Əliyev İranla danışıqlar aparır, yəqin ki, İran bizim Arazdan keçməyimizə icazə verəcək. Biz də elə buna görə Araz çayına yaxınlaşırdıq. Gecəni Məlikli kəndində qaldıq. Səhəri gün atamgil babamın motosikleti ilə yenidən kəndə getdilər. Onlar qayıdanda sevindim. Kəndimiz hələ işğal olunmamışdı. Həm də anamın sevimli cehizlik somavarını gətirmişdi atam. Axşamüstü bizə göstəriş verildi ki, hamı Arazın qırağına yığılsın. İran razılıq verib. Həm də Naxçıvandan da kömək göstərib Arazın suyun azaldıblar ki, biz o taya rahat keçə bilək. Biz Arazın qırağına yollandıq. Dayımın avtobusu bizi soyuqdan qoruyurdu. Yaxşı ki, bu dəfə QAZ-53-lə gedəsi olmadıq. Hava çox soyuq olurdu axşamlar. Araza yaxınlaşda tikanlı məftillərlə hasara alınmış sərhəd gözətçiləri bizə yaxınlaşıb girişə icazə vermədilər. Maraqlıdır, 1993-cü ildə sərhəddə rus əsgəri nə gəzirdi? Rus dilində «olmaz» deyib, bizi buraxmırdılar. Böyüklər işə qarışandan sonra sərhəd açıldı. Biz mühasirədə idik. Hərdən böyüklərin yanında dayanıb söhbətlərə qulaq asırdım. Deyirdilər, bizi də Xocalının gününə salacaqlar. Amma o vaxt Xocalı haqqında çox az məlumatım var idi. Çünki hər gün televiziyada, radioda xocalıyabənzər saysız-hesabsız xəbərlər eşidirdim. Şəmistan Əlizamanlı hüzünlü səsi ilə bu xəbərləri oxuyurdu və axırda da inamsız halda «Qələbə müjdəli sabahlaradək» deyib, sağollaşırdı. Biz də artıq kəndimizlə sağollaşmışdıq. Gecəni arazın qırağında keçirdik. Sakit hava var idi. Hamı öz yükünün yanında ocaq qalayıb qızınırdı, yemək bişirib çay dəmləyənlər də az deyildi. Mal-heyvanın hənirtisi əməlli-başlı köç havası yaratmışdı. Böyüklər Arazı necə keçəcəyimizi müzakirə edirdilər. Su çox idi. Maşınlar keçə bilməzdilər. Səhərə yaxın xəbər gəldi ki, Naxçıvandan Araz çayının suyunu azaldıblar, İran da bizim o taya keçməyimizə razıdır. İranın keçmiş prezidenti Haşimi Rəfsəncanini bu qərarına görə həmişə yadımda saxlayacam. Yoxsa bizi qırıb suya tökəcəkdi ermənilər. Qaçmağa başqa yol yox idi. Onlar qırmasa da biz məcbur olub özümüzü suya atmalı idik. Üzə bilən, soyuğa dözümü olanlar sağ qalacaqdılar. Qalanlarını isə Araz udacaqdı…
Səhər acılanda avtobusdan düşüb çiskinli havanı ciyərlərimizə çəkirdik. Ocaqlar tüstüləyirdi, çay dəmləyib yolüstü səhər yeməyi yeyirdi hamı. Biz də səhər yeməyi yeyəndə eşitdim ki, dayım erkəndən kəndə gedib, nəsə yaddan çıxıb qalıb, onu gətirəcək. Amma hələ gəlməyib. Babam çox narahat idi, ora-bura vurnuxub dayımın qarasınca danışırdı; «Ay zalım oğlu, kəndə qayıtmaq vaxtıydı?». Bu arada kəndlərin sürətlə işğal xəbəri gəlirdi, hərbçilər də bizə yaxınlışdı yavaş-yavaş. Dayımın gecikməsi hamımızı nahat etməyə başladı. Çünki avtobusu o sürürdü. Bir saatdan sonra dayım gəldi, babam bilmədi sevinsin, yoxsa ağlısın sevincdən. Hər iki halda sevinci gözlərindən hiss olunurdu. Axı dayım onun tək oğlu idi…
Dayım kənddən nəsə gətirmişdi, avtobusa yığdı. Babamsa onu danlayırdı ki, daha getməsin, cəhənnəm olsun hər şey.
Günəşin şüaları havanı tam işıqlandırdığı bir vaxtda bir səs eşitdim. Təpənin başında keşik çəkən yaşlı bir kişi «Ayə, tərpənin, ermənilər gəlir» dedi. Arazın sahilinə səpələnmiş insanların arasına elə bir vəlvələ düşdü ki, toz-duman bir-birinə qarışdı. Kimi uşağını haylayırdı, kimi ərini, kimi oğlunu, kimi də mal-qoyununu. İşin tərsliyinə baxın ki, həmişə birinci dəfədən xoda düşən avtobusumuz bu dəfə xoda düşmədi. Hamı getdi, yarım saatdan sonra avtobus xoda düşdü. Biz də Araza yaxınlaşdıq. İlahi, bu nə dəhşət idi? Ağlaşma, ah-nalə hər yeri bürümüşdü. Suyun üzündə qara ləkə vardı sanki. Bir tərəfdən mal-qara keçirən insanlar, bir tərəfdə suya qərq olub axdıqca mələşən heyvanlar, səs-küy salan toyuq-cücə, bir tərəfdə də Arazı üzərək keçmək istəyənlərin təşvişi. Ölümdən xilas olmaq üçün insanlar hər şeyə hazır idi. Biz hələ Arazın bu tayında olanda bir neçə hərbi maşın da Arazdan o taya keçdi. O zaman bizi lap dəhşətli vahimə basdı. Dayım bir suya baxdı, bir avtobusa, sonra dedi, yox, bu maşın bu sudan keçə bilməz. Həqiqətən də maşınların əksəriyyəti suya girə bilmirdi. Çünki təhlükəli idi. Ağır texnika kömək edirdi bəzi maşınlara. Sonra gördük, İran tərəfdən də kömək gəlir, traktorlar. Nədənsə, bu iranlıların traktorları çox balaca idi. Bizim avtobusu traktora qoşdular ki, çəkib o taya keçirsin. Suyun ortasında avtobus böyük bir daş parçasına ilişdi. Traktor nə qədər çəkdisə də, yerindən tərpənmədi. Bu arada Arazın suya da avtobusu vurub əymişdi, maşının bir tərəfi qalxırdı. Aşmaq təhlükəsi var idi. İçəri su dolurdu. Biz də avtobusda idi. İranlı traktor sürücüsü kabinədən çıxıb bir təhər qoşqunu açıb «baba, mən çəkə bilmirəm, başqa maşın tap» deyib getdi. Qaldıq köməksiz. İndi hər il Zəngilanın işğalı ilə bağlı telekanallarda göstərilən kadrlara diqqətlə baxsanız Arazın ortasında əyilmiş vəziyyətdə duran ağ rəngli avtbusu görəcəksiniz. O, bizim avtobus idi…
Bir qədər sonra böyük bir traktor gəlib avtobusu dartıb o taya keçirdi. Şükürlər olsun, sağ-salamat qurtulduq. Ona da şükürlər olsun Arazdan keçəndə suda boğulub eləyən olmadı. Mal-qarası tələf olanlar isə bir qədər üzülmüşdü. İran tərəfdə maşınlardın düşüb islanmış yükləri boşaltdıq, bir az dincimizi alıb yola düşməli idik. İran ərazisi ilə hərəkət edib İmişli rayonuna çatandan sərhəddi keçəcəkdik. Mən bir də onda başımı qaldırdım ki, İran tərəfdən dağlardan minlərlə insan bizim üstümüzə gəlir. Atamdan soruşdum ki, bunlar kimdir, ermənilər bura da gəlir? Dedi, yox, iranlılardır. Bizim mallarımızı almağa gəlirlər. Hə, Arazın o tayında alver başladı. Mal-heyvanı o taya keçirə bilənlərdən heç kim İran ərazisi ilə İmişli rayonuna qədər mal-qara aparası halda deyildilər. Ona görə də hamı satırdı. İranlılar isə alırdı. Mənim iranlılara xüsusi nifrətim o vaxtdan yarandı. Müstəqillik əldə etdikdən sonra İrana gediş-gəliş başlamışdı. Amma az adam gedə bilirdi. Ona görə də, İran pulunu hamı tanımırdı. İranlı əclaflar da xırda pulları paçka-paçka yığıb bizi aldıtdılar. Təsəvvür edin ki, 5 min manatlıq mal-qara alıb 5 paçka pul verirdilər ki, «baba, halallıq ver». Pulu tanıyanlar aldanmadılar. Tanımayanlar isə Bakıya gəlib burada İran pulunu milli pula dəyişəndə şoka düşdülər. İranlılar bizi orada çox pis aldatdılar. Axşama yaxın hər kəs aldığını aldı, satdığını satdı. Xalça, palaz, mal-qara, motosiklet, at-eşşək, somavar, ət çəkən maşın, paltartikən maşın və başqa qiymətli şeylərin çoxu satıldı. Amma biz yalnız mal-qaranı satdıq. Hamı eyni vaxtda yola düşdü. Xudafərin körpüsünün yanından keçəndə bizim kəndlər görsənirdi. Kəndimizi ağ tüstü bürümüşdü. Dedilər, ermənilər yandırır evləri. Amma sonradan bildik ki, kəndi yox, ot tayalarını yandırıb bizə göz dağı verirmişlər ki, gözünüzü çəkin, daha yandı hər şey.
Yol boyu İran polisi bizi müşaiyət edirdi, yol göstərirdi. Yolda dayanıb mağazalara da baş çəkə bildik, orada bizi mehribanlıqla qarşıladılar. Yolda isə İran polisi bizi bir neçə dəfə saxlayıb avtobusu yoxlayırdı. Nəhayət, İrandan İmişliyə keçib Azərbaycan torpağına ayaq basdıq…
Tankçı Elmanı da gördüm yolda. Dedilər, ermənilərin 4 tankını vurub. Axırda ermənilər də bunu vurub, tankın sepini sıradan çıxarıblar. Sürmək mümkün deyilmiş. Elman da tanka mina qurub partladıb ki, ermənidən gətirdiyimi yenidən onlara verən deyiləm…
Bakıya çatanda səhər saat 7 olardı. Maşından düşən kimi qohumların evinə qaçdım. Anamgil orada idi. Bilirdim ki, anam çox narahatdı. Axı biz iki həftə mühasirədə qaldıq. Bakıda da televiziya hər gün bu xəbəri yayırmış. Yazıq anam, nələr çəkib o iki həftədə. Sonradan öyrəndim ki, bilet alıb qatarla Zəngilana gəlmək istəyirmiş. Onun bilet aldığı gün deyiblər ki, yol bağlıdı, heç yana getmirik. Yaxşı ki, gəlməyiblər. Kişilər təkbaşına daha cürətli olur axı. Mən o səhnələri gözümün önündə canlandıranda dərk edirəm ki, biz heç nədən qorxmurduq, açılan top, alazan raketləri, Elmanın tankını, gecənin qorxunc səssizliyi bizi qorxutmurdu. Amma bu şəraitdə yanımızda anam, bacım olsaydı qorxulu olardı. Şükr edirəm ki, bizim mühasirəyə düşdüyümüz gün anamın bilet aldığı günə düşüb və anam qatara minə bilməyib. Biz mühasirədə qaldığımız günlərdə çıxış yolu fikirləşərkən anam Bakıda iki oğlunu, həyat yoldaşını itirdiyini düşünürmüş. Və bu düşüncə ilə də oktyabrın 29-u səhəri gözüaçıq açmışdı. Bu gün də vağzala gedib «Zəngilana qatar varma» deyə, soruşacaqdı. Bütün gecəni ağlamışdı. Səhər saat 7-də mən anamın dayısıgilin darvazasına çatdım. Qardaşımdan qabaqda qaçırdım ki, anamı tez görüm, ona gəldiyimizi xəbər verim. Darvaza bağlı idi. Darvazanı üstündən atılıb həyətə düşdüm. Qapını döydüm. Anamgil elə qapının ağzındakı otaqda qalırdılar. 6 nəfərlik ailə bir otaqla qaldıq 3 ay, sonra daha bir neçə ay…
İçəridən anamın səsi gəldi. «Kimdir», deyə soruşdu. Anamın səsini eşidəndə gözümün yaşını saxlaya bilmədim. Ağlaya-ağlaya, «mənəm» dedim, «biz gəldik». Qapının necə açılmağından, bir-birimizə necə sarılmağımızdan xəbərim olmadı. Bircə o yadımdadı ki, anam «Allaha şükür bala, başınıza dönüm» deyib, ağlaya-ağlaya qapını açdı. Sonra heç nəyi xatırlamıram. Həmin günə aid heç nəyi xatırlamıram. Amma aylar-illər sonra «qaçqın» olduğumuzu xatırladım, kəndimizə bir daha qayıda bilməyəcəyimi anladım. Yadıma düşdü ki, böyük bir ailə bir otaqda yaşaya bilmir. Anladım ki, qohum evində çox qalmaq olmaz. Öyrəndim ki, «evimizdən çıxın» sözünü dolayı yolla necə çatdırmaq olar. Onu da anladım ki, öz yurdunda xan kefində yaşayanlar özgə yurdda boynubükük necə yaşayırlar. Bir şeyi də dərk elədim ki, kişi elə 12 yaşında da ailəyə kömək etməlidir. Və qaçqınçılığın 1-ci ilinin tamamında ailəyə kömək üçün işə başladım. 13 yaşımda idim. Deyirlər, 13 nəhsdir. Mənim də nəhs günlərim o vaxtdan başladı… Bu günlərə isə min dəfə şükr edirəm. 20 il keçsə də Zəngilan deyəndə adamın içində nəsə qəribə hislər baş qaldırırsa, demək, ümidimiz hələ ölməyib. Siyasəti bir kənara qoyub, sıradan bir insan ki, Zəngilana qayıtmaq istəyirəm. Özü də tezliklə. İnsanlar həmişə öz əməllərinə görə cəzalanırlar. Görəsən, bizim hansı əməlimiz Tanrıya xoş getmədi ki, 20 ildir cəza çəkirik? Zəngilansızlıq cəzası…
P.S. Kəndimizin işğalından bir gün sonra, kəndimizdən tüstü çıxan günün səhərisi bir nəfər kəndə qayıdıb öz evlərindən nəsə götürmək istəyirmiş. Evə girəndə görüb ki, bir neçə əsgər evi yağmalayıb dağıdır, xalçaları büküb aparmaq istəyirlər. Həmin adam əsgərlərin qolunda Azərbaycan bayrağı gördüyü üçün onlara «kimsiniz, burda neynirsiz» deyə, müraciət edib. Əsgərlər əllərindəki əşyaları yerə atıb heç nə demedən qaçıblar…
… Və biz oktyabrın 29-da İran ərazisi ilə hərəkətə başlayanda Arazın o tayında, Xudafərin körpüsünün yanında bir qrup əsgər yeyib-içirdi. Sonradan eşitdim ki, içimizdə olan quldur dəstələrindən biri imiş. Ermənilərlə də araları yaxşı olub həmin quldurların. Hətta, Zəngilanın işğalı günü əyləniblər doyunca…
Elməddin Muradlı