Kəpəz TV-nin xəbərinə görə, Gəncə-Göygöl yolunda yol qəzası baş verib. Sürücü yolu keçən piyadanı vurmamaq üçün avtomobilini digər maşına çırpıb.
27 yaşlı Gəncə şəhər sakini Orucov Elsəvər Hidayət oğlu “VAZ 2106” markalı avtomobil ilə Göygöl rayonundan Gəncə istiqamətində hərəkətdə olarkən qarşısına çıxan piyadanı vurmamaq üçün əks yola çıxıb.
Nəticədə maşın Aslanov Vidadi Vaqif oğlunun idarə etdiyi “VAZ 2106” ilə toqquşub.
Sürücü Elsəvər Orucov: “Piyada yolun kənarı ilə sərxoş halda gəlirdi. Maşının işığı düşəndə çevrilib maşına baxdı, tamamilə yolun mərkəzinə çıxdı. Siqnal verdim ki, yoldan çıxsın, dayandı. Dayananda maşının sürətini azaltdım, maşın ona çatanda maşının üstünə qaçdı, mən də avtomobili kənara çəkəndə o biri maşını vurdum. Sonra gəlib özünü maşına vurdu, mən də xəstənaya apardım”.
Zerdab.com Kəpəz TV-ə istinadən bildirir ki, “VAZ 2106” markalı avtomobilin sürücüsü də deyilənləri təsdiqləyib.
Sürücü Vidadi Aslanov: “Yolun sağı ilə yuxarı doğru hərəkət edirdim, qabağıma əks istiqamətdən maşın çıxdı. Mən də yolun sağına çəkdim, vurdu məni.”
Qəzaya səbəb olan Zərdab rayon sakini Fuad Yusibov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Həkim Şahin Quliyev: “Xəstə sərxoş olduğu üçün şikayətlərini çox bildirmir, əsas sol alın nahiyəsində çapılmış yara var idi, yara sarınıb. Sərxoş olduğu üçün şöbəyə yerləşdirilib, ayılandan sonra nə olduğu tam dəqiq bilinəcək”.
Baş vermiş yol qəzası ilə bağlı araşdırma aparılır.