Müəllimlərin Qurbanı

4
70

QurbanlıqBir Qurban bayramı da tarix oldu, ondan geriyə qalan xatirələr oldu. Adam əlindəki iti bıçağı hazır saxlayıb yerə yıxdığı qurbanlığa doğru əyilir və “Bismillah! Allahu Əkbər!” deyir, bıçağı heyvanın boğazına çəkir, sonra onun boğazından fışqıran qana baxa-baxa “Allahu Əkbər… Allahu Əkbər…” deyə təkrar edir və gördüyü işdən məmnun halda ayaqları altında çırpınaraq can verən heyvana baxaraq təmkinlə onun sakitləşməsini gözləyir. Bir heyvan Allah yolunda qurban edilir…

Qurban bayramının ikinci günü birdən ağlıma belə bir fikir gəldi: “Görəsən, qurban kəsən müəllimlər Qurbana hazırdırlarmı? Özlərini qurban verməyə necə baxırlar?  Görəsən, “Yeni nəsil uğrunda mən də qurban olum, malımı, canımı onlara qurban verim!-deyə biləcək neçə müəllim var?

Görəsən, neçə müəllim kəsdiyi qurbanın ətindən kasıb, möhtac şagirdinin evinə göndərib?

Görəsən, neçə müəllim evinə gətirilən qurban ətindən bişirilən xörəyi yeyərkən tikəsi boğazında qalıb, öskürə-öskürə, ona uzadılan bir stəkan suyu qurtumlaya-qurtumlaya “Görəsən, filan valideynim də qurban əti yedimi?”-deyə düşünüb?

Qurban Allaha yaxınlaşmaq deməkdir. Bir adamın Allaha yaxınlaşması isə onun Allahın əmr və tövsiyələrinə, qadağalarına riayət edib-etməməsi ilə ölçülür. Müəllimin Allaha yaxınlaşması isə bambaşqadır. O, saf, bulaq suyu kimi təmiz, fədakar, əxlaqlı, elmli, bacarıqlı insanlar yetişdirmək üçün vardır və onun qurbanı da əldə etdiyi bu nəticə olmalıdır.

Bir müəllimin neçə şagirdi var və o bu şagirdlərdən neçəsini yüksəkkeyfiyyətli insan kimi yetişdirə bilmişdir? Bu uğurda müəllim özünü qurban edə bilmişdirmi? Məsələn, gecə səhərə qədər yatağında gözünə yuxu getməmiş, o tərəf-bu tərəfə dönərək “Filan şagirdim dünən bir az fikirli idi. Görəsən, evində bir şey olubmu? Niyə soruşmadım? Niyə maraqlanmadım?” Yaxud “Bu gün mən filan təcrübəni də göstərməli idim, niyə unutdum? Görəsən, bunu necə və nə ilə əvəz eləyə bilərəm?”

Müəllim yeni sağlam nəsillər yetişdirməyə özünü qurban etməmişsə, onun kəsdiyi dəvə olsa, nə işə yarayar?

Bağışlayın bu sözlərimi “müəllimlər qurban kəsməsinlər!” kimi başa düşməyin ha… Mən qurban kəsən, kəsdiyi ətin bir hissəsini şagirdlərinə yedirən və yuxarıdakı sualları düşünən müəllimlər görmək həsrəti ilə bu sualı verdim, yoxsa Allah qurbanlarınızı qəbul etsin, əziz müəllimlər!

P.S. Bir gün Molla Nəsrəddin çay kənarında harasa gedirmiş. Baxır ki, bir dəstə adam çayın kənarına toplaşıb, çaya tərəf əyiliblər; hamısı əllərini suda çabalayan bir nəfərə uzadıb, “A kişi, tut əlimi!”-deyə bağırır, o adam sanki onları eşitmirmiş kimi suda batıb-çıxmağa davam edirmiş.

Molla Nəsrəddin yaxınlaşıb əyilir, “A müəllim, al əlimi!”-deyir. Həmin adam dərhal əlini uzadır, mollanın əlindən tutur. Molla onu çəkib çıxarır.

Bunu görən adamlar təəccüblənirlər. Molla Nəsrəddin isə izah edir: “Bu adam müəllimdir, almağa öyrənib, verməyə yox. Ona görə də mən sizin kimi “Ver əlini” demədim, “Al əlimi” dedim. O da məni eşitdi.”

P.S. (Yuxarıdakı məşhur lətifənin yeni redaktədə mətni mənimdir – N.Ə.)

Nazim Əkbərov

4 ŞƏRH

  1. Açığı heç nə başa düşmədim.Mən bildiyimə görə borcu olana QURBAN kəsmək olmaz.Yəni indiki zamanda borcu olmayan müəllim varmı.Ona görə də müəllimlər “gecə səhərə qədər yatağında gözünə yuxu getməmiş, o tərəf-bu tərəfə dönərək” filankəsə borcumu necə qaytaracağam,filan bankdakı kreditin də vaxtının keçdiyi … barədə düşünməyə məhkumdur.Onun şagird haqqında dərs haqqında düşünmək imkanı belə yoxdur.
    P.S “A kişi, tut əlimi!” ilə “A müəllim, al əlimi!”-nin fərqi nədir.

  2. Bu ne serek meqaledi? Uje bu saytda bele weyler de yerlewdirirler? get-gede zayi cixir. admin bu meqaleni oxuyub goresen bura yazmamiwdan? muellim deyil sizleri bu gunlere getirib cixaran? onlar olmasaydi indi it doyurdunuz kucede

Comments are closed.