2 il əvvəl idi. 4 nəfər azərbaycanlı Nyu-Yorka getmək üçün Çikaqo aeroportundaydıq.
Qeydiyyat növbəsində gözləyərkən öz aramızda söhbət edirdik. Arxamızda söhbətimizə diqqətlə qulaq asan bir amerikalı bir qədər sonra bizə yaxınlaşdı. Əvvəlcə, narahat etdiyi üçün üzr istədi. Bizdən hansı dildə danışdığımızı soruşdu. Azərbaycandan gəldiyimizi və Azərbaycan dilində danışdığımızı söylədik. Bizə: “Çox gözəl diliniz var. Sanki şeir dinləyirəm. Həqiqətən heyran oldum”, – dedi.
Bazar günü AzTV-də “Breyn rinq” intellektual oyuna baxırdım. Maraqlı proqramdır. Mübarizə aparan komandalardan birinin lideri bir neçə dəfə dedi ki: “Bu suala Qumbatov cavab verəcək”. Komandanın lideri də, Qumbatov dediyi də azərbaycanlı idi. Əslində Hümbətov imiş. “Müasirləşib”, ruslaşıb Qumbatov olub.
Oktyabrın 10-da Moskvada bir Rusiya vətəndaşı öldürüldü. Şerbakov adlı bu gəncin Azərbaycan vətəndaşı Orxan Zeynalov tərəfindən öldürüldüyü iddia olunur. Adi bir cinayət hadisəsi olsa da, Rusiya KİV-i tərəfindən məsələ həddindən artıq qabardıldı. Azərbaycan və azərbaycanlı düşmənçiliyi kütləvi şəkildə qızışdırıldı. Provokasiyalar nəticəsində hər an hər şey ola bilər.
Orxan Zeynalovun həbsedilmə görüntüləri əsl biabırçılıq idi. Qolubağlı birisinin döyülməsi, daxili işlər nazirinin otağına aparılması… Sanki insanlıq tarixinin ən böyük cinayətkarı həbs edilib. Sanki bundan sonra dünyada heç bir cinayət olmayacaq.
Rusiya hökuməti bu şou ilə nəyi hədəfləyirdi?
Bir çox ehtimallar ola bilər. Məsələn, Vilnüsdə keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində Azərbaycanın qərarlarına təsir etmək, Azərbaycanı daha çox güzəştə getməyə məcbur etmək və s. Digər bir ehtimal: Rusiyada hal-hazırda federasiya daxilində bir çox problemlər mövcuddur. Sovet İttifaqı dövründənqalma belə gedişlərlə məqsəd, adətən, ölkədaxili problemləri gizləmək, ikinci plana keçirmək, əhalinin diqqətini xarici “düşmənlər”ə yönləndirmək olur. Bu ehtimalların hamısı birlikdə də ola bilər.
Azərbaycan-Rusiya münasibətlərinin tarixinə yüngülvari nəzər salsaq, bugünkü hadisə bizim üçün sürpriz olmamalıdır. Rusiya hökumətlərinin Azərbaycana münasibəti, baxışı, demək olar ki, heç vaxt dəyişməyib. Təbii ki, söhbət dövlət siyasətindən gedir. Yoxsa, Rusiyada ağlı başında hər kəs hökumətin bu addımını pislədi. Belə zorbalıqların uzun müddətdə Rusiyanın özünə zərər verəcəyini bildirdilər.
Bəs bizim baxışımız, duruşumuz necə? Dəyişibmi? Tarixdən dərs alırıqmı?
Əsas məsələ də budur. Biz Azərbaycan xalqı olaraq nə edirik?
Əgər biz özümüzə inansaq, öz dəyərlərimizə sahib çıxsaq, hörmətlə yanaşsaq, o zaman bir çox problemlər həll olacaq. O zaman hamı bizə ehtiramla yanaşacaq.
Azərbaycan dili gözəl dildir. Hər cür hörmətə, ehtirama layiqdir. Amerikalı belə, dilimizi bilməsə də, səslənişinə valeh olur. Amma bizim bəzilərimiz dilimizdən utanırıq. Azərbaycan dilində danışmağı özümüzə ar sayırıq. Rus dilində danışaraq səviyyəmizin yüksəldiyini zənn edirik. Özümüzü rus dilində danışmaq məsələsinə o qədər fəda etmişik ki, Hümbətov dönüb olub Qumbatov. Acınacaqlı haldır.
Xarici dil bilmək təqdirəlayiqdir. Nə qədər çox dil öyrənsək, o qədər yaxşıdır. Amma öncə ana dilimizi bilmək, öyrənmək şərti ilə… Öz dilimizdən utanmamaq şərtilə…
Necə deyərlər, özü-özünə edənə, el yığılsa edə bilməz. Bunu pozitiv mənada da başa düşə bilərik, neqativ mənada da. Seçim qalır bizə…
Anar Qaraxançallı
ÇOX HAQLIZINIZ.
SAĞ OLUN BU YAZIYA GÖRƏ.
BİRCƏ FAKT DEYİM: FRANSANIN DÜNYA ŞÖHRƏTLİ MÜĞƏNNİSİ VƏ İNDİ HƏM DƏ SƏFİR İŞLƏYƏN ŞARL AZNAUR ÖMRÜ BOYU ERMƏNİSTANI GÖRMƏMİŞDİ. 1980-Cİ İLLƏRİN SONLARINDA O ERMƏNİSTANA GƏLDİ VƏ İRƏVAN HAVA LİMANINDAKI MİTİNQDƏ ERMƏNİ DİLİNDƏ DANIŞDI…
BİZİMKİLƏR İSƏ (onlar doğrudanmı bizimkilərdir?) BİLMİRLƏR Kİ, MƏŞHUR RUS ŞAİRİ LERMONTOV YAZIRDI Kİ, “AZƏRBAYCAN DİLİ ÇOX ZƏNGİN, ÇOX GÖZƏL DİLDİR, AVROPADA FRANSIZ DİLİ NƏ QƏDƏR GƏRƏKLİDİRSƏ, QAFQAZDA AZƏRBAYCAN DİLİ BİR O QƏDƏR GƏRƏKLİDİR. BU DİLDƏ DANIŞSAN, BÜTÜN QAFQAZDA SƏNİ TAM BAŞA DÜŞƏCƏKLƏR”…
NƏRİMAN NƏRİMANOV İSƏ BELƏ YAZIRDI: “DEMİRƏM BALALARIMIZ RUS DİLİNİ ÖYRƏNMƏSİNLƏR. ƏKSİNƏ, onlar NƏİNKİ Puşkini, QOQOLU, Çexovu RUS DİLİNDƏ OXUMAĞI, HƏTTA ŞEKSPİRİ, BAYRONU İNGİLİS DİLİNDƏ OXUMAĞI BACARSINLAR. AMMA BÜTÜN BUNLARDAN ƏVVƏL ANA DİLİMİZİ DƏRUNDƏN ÖYRƏNSİNLƏR”…
Comments are closed.