Orxan adlı həmyerlimizin Rusiyada başına gələnlərdən, daha dəqiqi başına gətirilənlərdən yəqin ki, xəbəri olmayan yoxdur. Artıq bir həftədir Rusiya və eləcə də Azərbaycan mətbuatı Orxandan danışır.
Həmyerlimizlə bağlı son bir həftə ərzində səslənən rəsmi bəyanatların, açıqlamaların, şərhlərin sayı-hesabı yoxdur. Hətta Azərbaycan dövləti bu hadisə ilə əlaqədar Rusiyaya 2 dəfə nota ünvanlayıb. Bu məsələ o qədər şişirdildi ki, artıq Orxan mövzusu həm Rusiya, həm də Azərbaycan ictimaiyyəti üçün öz cəlbediciliyini itirib. Orxanın Hollivud filmlərinə bənzəyən həbs səhnəsi o qədər tirajlandı ki, artıq hər kəs bu səhnələri ikrahla qarşılayır. Ona görə də bu yazıda baş verən hadisəyə şərh verib, kimin haqlı, kimin haqsız olduğundan bəhs etməyəcəm. Sadəcə olaraq, bu yazıda Rusiyanın ən ciddi problemi kimi qələmə verilən miqrantlarla bağlı bir məqama diqqət yetirmək istəyirəm.
Məlumdur ki, Rusiyada gəlmələrlə bağlı tez-tez qanunlar qəbul edilir, sərəncamlar verirlər, onlara qarşı reydlər keçirirlər, bəzən də kütləvi deportasiyalar olur. Amma şimal qonşumuz miqrant problemini həll edə bilmir. Rusiyaya miqrant axını artmaqda davam edir. Üstəlik, son illər Rusiyaya təkcə keçmiş sovet ölkələrinin vətəndaşları üz tutmurlar. Çinli miqrantlar da artıq Rusiyanı istila eləməyə başlayıblar. Bütün bunlar ona görə baş verir ki, Rusiya miqrantlar üçün əlverişli məkandır. Çox təəssüf ki, Rusiya kimi ölkələrdə hakimiyyətlər bunu qəbul etmək istəmirlər. Məsələn, azərbaycanlılar Rusiyaya niyə gedirlər? Mənim üçün maraqlıdır, görəsən, Rusiya hakimiyyəti bu barədə heç fikirləşirmi? Onlara elə gəlir ki, azərbaycanlılar və eyni zamanda da digər gəlmələr Rusiyaya çörəkpulu qazanmağa gəlirlər. Hesab edirlər ki, Azərbaycanda iqtisadi vəziyyət pis olduğu, insanlar iş tapa bilmədikləri üçün şimala üz tuturlar. Rusiyanın problemi həll edə bilməməsinin kökündə də məsələyə bu cür yanlış yanaşmaları dayanır. Əslində azərbaycanlılar Rusiyaya ona görə gedirlər ki, orada daha çox pul qazanmaq imkanları olur. Moskva bazarlarını qoyub, hansı ağlı başında olan meyvə-tərəvəz alverçisi Bakıya üz tutar. Rusiya böyük ölkədir, üstəlik, meyvə-tərəvəz istehlakını daxili istehsal hesabına təmin etmək mümkün deyil. Ən əsası da odur ki, ruslara malı baha qiymətə satmaq, hətta yeri gəldikdə aldatmaq belə mümkündür. Açıq demək lazımdır ki, biz azərbaycanlılar nəyi neçəyə alacağımızı, hardan və kimdən alacağımızı çox yaxşı bilirik. Ancaq ruslar bu məsələdə tam fərqlidirlər. Ruslar təkcə mal satmağı bacarmasaydılar dərd yarı idi, heç mal almağı da bacarmırlar. Məsələn, dəfələrlə eşitmişəm ki, Sibir tərəflərdə bizimkilər narı ortadan iki yerə bölüb, yarısını olduqca baha qiymətə ruslara satırlar. Təbii ki, Rusiyaya üz tutan miqrantların hamısının məqsədi daha çox pul qazanmaq deyil. Xüsusilə də içki və əyləncə həvəskarları üçün Rusiyadan ücuz və əlverişli məkanı dünyanın harasında tapmaq olar? Rusiyada minlərlə milis (polis) əməkdaşı ailəsini Orxan kimilərin hesabına dolandırır. Yolunuz Rusiyaya düşsə, bazarların ətrafına fırlanan milis əməkdaşlarının hərəkətlərinə diqqət yetirin. Özlərini pusquda dayanmış yırtıcı kimi aparırlar. Sənədləri qaydasında olmayan hər miqrant Rusiya milisi üçün ən azı 100-150 rubl qazanc deməkdir. Görəsən Rusiyada hakimiyyətdə olanlar bilirlərmi ki, hazırda nə qədər rus gəlmələrdən aldıqları kirayə və qeydiyyat pulu hesabına dolanır. Ruslar ticarəti öyrənmədikcə miqrantlar Rusiyadan çıxmayacaqlar. İçki və əyləncə rusların həyat tərzi olduqca Rusiyaya miqrant axını davam edəcək.
Allahverdi Cəfərov. Mənbə: ZAMAN