Hamımız ədalət qapısından girib, Rəbbimizin hüzuruna çıxacağıq

0
69

dünyaİki bıçaq təsəvvür edin – biri məsum bir gəncin ölümünə səbəb olub, o birisi qurbanlıq heyvan kəsib. Yəni biri cinayətə alət olub, biri ibadətə. Əslində biz də o bıçaqlar kimiyik, kimimiz xeyrə alətik, kimimiz şərə.

Sevimli Peyğəmbərimiz (s.ə.s.) buyurur ki, bir insanın qurtuluşuna səbəb olmaq içindəki bütün naz-neməti ilə birlikdə bu dünyadan daha xeyirlidir. “İnsanın qurtuluşu” dedikdə, ölümdən qurtarmaq deyil, küfrdən qurtarıb imana girmək, zülmətdən çıxıb aydınlığa yönəlmək nəzərdə tutulur. Yoxsa kim ölməyəcək ki?.. Ha bu gün, ha sabah, ha beş il sonra… Hamımız ölüm adlı o ədalət qapısından girib, Rəbbimizin hüzuruna çıxacağıq. Və hər əməlimizi də o günü, o hesabı düşünərək işləməliyik. Mənim anladığım İslam budur, yəni xeyir yolunda olmaq, xeyir üçün çalışmaq. Və inanmışam ki,  xeyir üçün çalışanlar xeyir taparlar.

Qanuni Sultan Süleymanın süd qardaşı, İstanbulun mənəvi keşikçilərindən sayılan Yəhya Əfəndi bir Ramazan günü dərgahın pəncərəsi önündə dayanıb küçəni seyr edirdi. Baxır ki, bir sərxoş aşa-aşa gəlib dayandı küçənin qarşı tərəfində və başladı deyinməyə:

– Bir Allahın qulu bir tikə çörək versəydi, zəhərlənib gedib yatardıq.

Yəhya Əfəndi sərxoşda nə görürsə dərgah xidmətçisini çağırıb tapşırır ki, bir məcmeyi hazırlasın və aparıb qoysun o sərxoşun qarşısına.

Sərxoş bir də gözünü açır ki, quru çörək istədiyi yerdə Allah ona bir məcməyi yemək göndərib, özü də çeşid-çeşid. Elə oradaca məcməyinin başına çökür və silib-süpürməyə başlayır. Yəhya Əfəndi baxır ki, sərxoş bütün yeməkləri yeyib qurtardı, amma zeytuna əlini də vurmadı, yuxarıdan aşağı ona səslənir:

– Övladım, bizim zeytunlarımız çox ləzzətli olur, onu niyə yemədin?

Qarnını doyurub, kefi üstünə gələn sərxoş başını qaldırıb Yəhya Əfəndini görür və deyir:

– Babalıq, mən nə qədər alçaq və rəzil bəndə olduğumu yaxşı bilirəm. Amma onu da bilirəm ki, Allahımız bu zeytunun adını Qurana yazıb. Ona görə də nə qədər elədim, əlimi ona uzada bilmədim.

Yəhya Əfəndi:

– Övladım, niyyətin qismətin olsun, içəri gir, – söyləyir və deyilənə görə, Ramazan ayında küçədə sərxoş dolaşan o adam çox keçmir ki, təqva sahibləri arasında yerini alır və o dərgahdan da kəfənlə çıxır.

İndi də bir lətifə danışmaq istəyirəm, özü də bir əvvəlkinin tam tərsi. Deyirlər ki, bir Ramazan günü bir nəfəri küçədə sərxoş halda tuturlar, tez divan qurulur və qazı fitva verir ki, bu adamın cəzası yüz şallaqdır. Özü də bu əmrin icrası savab olduğu üçün yaxşı olar ki, hərə bir şallaq vurub savab qazansın. Bəli, sərxoşu meydanın ortasında üzüqoylu yerə uzadırlar və cəzanın icrası başlayır. Birinci şallaq dəyəndə sərxoş “vayy” deyib bağırır, ikinci şallaq “vayy”, üçüncü, dördüncü, beşinci… sərxoşun canı getdikcə ağrıdan keyiyir və hər şallağa bircə dəfə “ıhh” eləyir. Hər gələn bir şallaq vurur və çıxıb gedir yoluna. Sərxoş bir də baxır ki, daha şallaqların ardı gəlmir, başını çevirib deyir:

– Qazı ağa, daha cənnətə gedən yoxdursa, buraxın məni, cəhənnəm olum gedim evimə-eşiyimə.

Bəli, dəyərli oxucular, hansımız günahkar deyilik ki?! O kimdir ki, “mənim günahım yoxdur” deyə. Əmin olun ki, bizlər üçün “mənim heç bir günahım yoxdur” deməyin özü günahdır. Biz günahkar bəndələrik, amma nə qədər günahkar olsaq da, mərhəməti Sonsuz Allahın qullarıyıq. Bu həqiqəti, bu səadəti anlayaraq yaşamaq ən böyük təsəlli qaynağımızdır.

Sözümün canı odur ki, danışa biliriksə, xeyir danışaq, xeyir danışmırıqsa, danışmayaq; qurtara biliriksə, qurtaraq, qurtara bilmiriksə dualarımızla kömək olmağa çalışaq; saralan ağacdakı yaşıl budağı, kül altındakı qoru görək… Cənnət də Allahındır, Cəhənnəm də, biz də… Ağlımızı, iradəmizi hər zaman xeyir istiqamətində səfərbər edək və hər işdə “Allahım, məni xeyrə səbəb qıl!” deyə dua edək. Vəssalam!

 

Əli Çərkəzoğlu. Mənbə: ZAMAN