Oktyabrın 19-da Milli Məclisdəki inauqurasiya mərasimində and içən Prezident İlham Əliyev geniş nitq söyləyib. Zerdab.com saytı ölkə başçısının nitqindən müəyyən hissələri təqdim edir:
“Ərzaq təhlükəsizliyi tam şəkildə təmin edilməlidir. Biz son 10 il ərzində bu istiqamətdə böyük nailiyyətlərə imza atdıq. Bu gün bir çox əsas qida məhsulları Azərbaycanda istehsal olunur. Biz növbəti 5 il ərzində elə etməliyik ki, əsas ərzaq məhsulları 100 faiz Azərbaycanda istehsal olunsun. Bunu etmək üçün imkan da, konkret təkliflər də vardır və vəsait də nəzərdə tutulacaqdır.
Kənd təsərrüfatı ilə bağlı tədbirlər bundan sonra da aparılacaqdır. Böyük suvarma layihələri icra edilir və beləliklə, fermerlər üçün daha da gözəl şərait yaradılacaqdır”.
“İnformasiya-kommunikasiya texnologiyaları istiqamətində siyasətimiz davam etdiriləcəkdir. Bu texnologiyalar həm ölkə iqtisadiyyatını inkişaf etdirir, eyni zamanda, məmur-vətəndaş münasibətlərini normal səviyyədə tənzimləyir və tənzimləməlidir. Bu məsələlərə də xüsusi diqqət göstərilməlidir. Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır”.
“Növbəti illərdə korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır və bu istiqamətdə dövlət siyasəti birmənalıdır. Çox güclü siyasi iradə var ki, bu xoşagəlməz hallar Azərbaycandan götürülsün. Burada həm inzibati tədbirlər, cəza tədbirləri və sistem xarakterli islahatlar əminəm ki, növbəti 5 il ərzində bu sahədə daha da böyük nailiyyətlərə gətirib çıxaracaqdır. Böyük ümidlərim əlbəttə ki, elektron xidmətlərədir. “Elektron hökumət” layihəsi icra edilir, elektron xidmətlərin sayı artmalıdır. “ASAN xidmət”in qısa müddət ərzində böyük rəğbət qazanması bu əminliyi daha da artırır. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalıdır. Dövlət öz siyasətini aparacaqdır, ancaq, eyni zamanda, ictimaiyyət də bu işlərə fəal qoşulmalıdır, vətəndaşlar biganə qalmamalıdırlar və bütün xoşagəlməz hallar haqqında məlumatlar vaxtında dövlət orqanlarına çatdırılmalıdır”.
Zerdab.com