Dünya dönməz yaman yönə nahaqdan

0
74

Kolxoz1990-CI İLLƏRDƏ YAZILAN ŞEİR

Seyidağa Yusifov Zərdabın Bıçaqçı kəndində yaşayıb-yaradırdı.

 1980-ci illərin sonlarında SSRİ dövlətinin rəhbəri Mixail Qorbaçovun “perestroyka”sı (“yenidənqurma”sı) və “qlasnost”u (“aşkarlıq”ı) tüğyan edəndə Seyidağa kişi ötən günlərin həsrətindən qaynaqlanan bir şeir yazıb Zərdab rayonunda çıxan “Əkinçi” qəzetində dərc etdirmişdi.

Qonşu Yuxarı Seyidlər kəndində çilingər və becərmə traktorunun mexanizatoru işləyən gənc Sədi Süleymanov Seyidağa babanın həmin şeirinə aşağıdakı cavabı yazmışdı.

Bu cür şeir nümunələrinin itib-batmaması üçün, düşünürük ki, Zerdab.com saytı çox etibarlı bir saxlancdır və bunu nəzərə alaraq, həmin şeiri saytın yaradıcısı və rəhbəri Nicat İntiqamın elektron ünvanına göndərməyi qərara aldıq və fikrimiz bu yöndə işləri davam etdirməkdir.

İSAMƏDDİN ƏHMƏDOV.

 

SƏDİ SÜLEYMANOV

DÜNYA DÖNMƏZ YAMAN YÖNƏ NAHAQDAN

Seyidağa, yamanlama dünyanı,

Dünya dönməz yaman yönə nahaqdan,

Bəni-insan övladına əzəldən,

Nə Tanrıdan xətər gələr, nə haqqdan.

 ***

Bu dövranı bəyənmirsən niyə sən?

Ötən günü çox qaldırma göyə sən,

Millətimiz ayılıbdı deyəsən,

Soraq gəlir bir işıqlı sabahdan.

 ***

Yalan desəm, götürməsin Yer məni,

Yaman silib-süpürdülər xırmanı,

Bizi hələ indi qırır erməni,

Biz özümüz özümüzü o vaxtdan.

 ***

Arxalılar çəkdi dünya kefini,

Ad-san üçün yıxdı xalqın evini,

Göydən səpdi “DDT”-ni, “Sevin”i,

Anaları məhrum etdi uşaqdan.

 ***

Agah işlər indi bizə sirləşib,

Çox gədələr seyidləşib, pirləşib,

Şərəfsizlər namərdlərlə birləşib,

Nə Allahdan qorxurdular, nə haqqdan.

 ***

 Misra qısa, sözüm çoxdu deməyə,

Haqq olmadı bizdə halal əməyə,

Çalış, öyrən sən də dovğa yeməyə,

Biz yemişik, çox çıxmışıq sınaqdan.

 ***

Mən getmədim çox işlərin ziddinə,

Özün düşün, – zarafat nə, ciddi nə,

Sədi səni and eyləyir cəddinə,

Tərif ilə söhbət açma o vaxtdan…