Düşünmək lazımdır!

0
56

təhsilTəhsil sistemlərindən söz düşəndə, həmişə bizə keçmiş, yəni 200 il əvvəl əsarət altına alınandan əvvəlki, öz təhsil sistemimizi geri qalmış, mürtəce, bir sözlə, insan yetişdirə bilməyən bir müəssisə kimi tanıdıblar.

Həmişə mədrəsəni qaranlıq, zülmət məkanı, mollanı ən mənfi obraz kimi təqdim və təbliğ ediblər. Ona görə də heç vaxt Nizamiləri, Füzuliləri, Mövlanaları, Biruniləri, İbn Sinaları, Yəhya Bakuviləri və onlar kimi yüzlərlə, minlərlə ədəbiyyat, mədəniyyət, fikir korifeyləri, ümmanları yetişdirən sistem haqqında düşünmək istəməmişik. Halbuki bu sistem bəşəriyyətə elə nəhəng şəxsiyyətlər vermişdir ki, onlar əsrlər boyu bəşəriyyəti işıqlandırmış, işıqlandırır və dünya durduqca, insan var olduqca işıqlandırmağa davam edəcəklər. Hələ onlardan neçəsinin ixtiraları, kəşfləri özgəninkiləşdirilmiş, nə qədər əsər və fikirləri yadlara aid edilmişdir.

Bir də unutmayaq ki, bizə göstərilən onların maddi varlıqları, maddi əsərləridir. Bir də onların qat-qat zəngin mənəvi aləmləri var. Bu aləmlərdən hələ danışılmayıb, danışmırlar, danışa bilmirlər. İllər boyu bütün klassik ədəbiyyat nümayəndələrimizi arvad, eyş-işrət düşkünü kimi təqdim edib, tanıdıblar. Başqa cür də ola bilməz. Həyatı yalnız maddədə görən, maddədə tanıyan, mənanı inkar edən bir dünyagörüşü Nizamini, Füzulini, Nəsimini dərk edə bilərmi?

Bu mövzuya əl atmağımın bir səbəbi var. Bu yaxınlarda təhsil məsələləri barədə bir söhbətimizdə belə bir sual çıxdı: Bizim məktəblilər arasında çox istedadlı, çox ağıllı, zəkalı, dərrakəli uşaqlar olur. Hətta bəzən biz müəllimlər belələrini kəşf edə bilmədiyimizdən onları “şülüqçü,” “ipə-sapa yatmaz,” bir sözlə, “çətin” uşaq adlandırır və onları kəşf edə bilmədiyimizdən sözün həqiqi mənasında onları korlayırıq.

Məsələn, tutaq ki, hər il birinci sinfə gələn uşaqlar arasında 1/1000, 1/2000 dahi uşaqlar olur. Sual olunur: bizim təhsil sistemimiz belə uşaqları kəşf etməyə qadirdirmi? Tutaq ki, belə bir uşağın olduğunun fərqinə vardıq, o zaman ikinci sual doğur: “Belə bir uşaqla nə edəcəyik?” Onu yaşıdları ilə birlikdə eyni sinifdəmi saxlayacağıq, yoxsa orta əsr təhsilindəki kimi xüsusi müəllimlərəmi göndərəcəyik? Onlar üçün hansı proqramları tətbiq edəcəyik? Ən əsası – belə uşaqlara kim dərs deyəcəkdir?

Bəlkə indiyədək siniflərimizdən, məktəblərimizdən yüzlərlə belə uşaq gəlib keçmiş, biz fərqinə varmadığımızdan onları əzib keçmişik. Kim bilir, indiyədək neçə Nizami, neçə Əcəmi, neçə Bakuvi, neçə dahilər bizim korluğumuzun qurbanı olub?!

Düşünmək lazımdır! Təkcə Avropanın, Qərbin deyil, özümüzün də keçmiş sistemlərimizi araşdırmamız, təhlillər aparmamız, eksperimentlər qoymamız, ən doğru yolu kəşf edib bu yollarla irəli getməliyik. Nə qədər ki, əcdadlarımıza, onların işinə yuxarıdan aşağı baxırıq, doğrunu görməmiz mümkün deyildir.

“Su gələn arxa bir də gələr” deyiblər. İnanın, əgər məktəb, pedaqogika, metodika “arxımız” zir-zibillə dolub yararsız hala düşməyibsə, batmayıbsa, biz öz çeşmələrimizin maarif axan sularından içdikcə o “arxa” bir gün mütləq, mütləq Nizamilər, Xaqanilər, Füzulilər, Əcəmilər, Bakuvilər, daha kimlər, kimlər gələcəkdir.

Əsas olan onu kəşf etməmiz, ona sahib çıxamamızdır.

Nazim Əkbərov, ZAMAN