MSK-nın saytında baş verən anlaşılmazlığa aydınlıq gətirilib

0
45
MSKAzərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) qurumun rəsmi saytında olan məlumatların smartfon tipli qurğular vasitəsilə əldə edilməsi məqsədilə hazırlanmış proqramın sınaqdan keçirilməsi zamanı yol verilmiş anlaşılmazlığa dair bəyanat verib.

Seçki prosesində aşkarlığın daha geniş təmin olunması məqsədilə MSK-nın rəsmi saytında olan bütün məlumatların smartfon tipli qurğular vasitəsilə əldə edilməsi və izlənməsini təmin edən proqram modulu və təminatı MSK-nın sifarişi əsasında bu sahədə ixtisaslaşmış “Happy Baku” MMC tərəfindən həyata keçirilib.

Proqrama veb-kameralar vasitəsilə seçki məntəqələrində səsvermə prosesinin “online” izlənməsi və internet üzərindən canlı yayımı, seçici fəallığı və səsvermənin ilkin nəticələrinin əldə edilməsinin mümkünlüyü də daxildir. Qeyd edilən xidmətlərin yalnız seçki günü istifadəyə açıq olacağı barədə şirkət qarşısında xüsusi tələblər qoyulub.

Sonradan bəlli olub ki, proqramla iş başa çatdıqdan sonra onun dəqiq, keyfiyyətli və təyinatı üzrə istifadəsini təmin etmək məqsədilə icraçı şirkət tərəfindən 8 oktyabr 2013-cü ildə müəyyən müddət ərzində 1 seçki dairəsi üzrə (58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi) aralıq testlər keçirilib və proqramın testdən keçirilməsi barədə istifadəçilərə məlumat verilməyib. “Apple” şirkəti tərəfindən təsdiq edildiyindən, proqram modulunda 9 oktyabra təyin edilən prezident seçkilərində iştirak edən real namizədlərin adlarından, habelə testin dolğunluğunu təmin etmək məqsədilə əvvəlki seçkilərə aid olan statistik məlumatlardan və builki prezident seçkiləri ərəfəsində keçirilən müxtəlif rəy sorğularının ümumiləşdirilmiş nəticələrindən istifadə edilib. Test başa çatdıqdan sonra saytdan istifadə dayandırılsa da, bu hal istifadəçilər tərəfindən haqlı olaraq anlaşılmazlıqla qəbul edilib.

MSK baş verənlərdən dərin təəssüf hissi keçirir, həmin vaxt proqrama yerləşdirilən məlumatların builki seçkilərə heç bir aidiyyətinin olmadığını və yalnız sistemin yoxlanması üçün istifadə olunmuş şərti məlumatlar olduğunu xüsusi qeyd edir, yaranmış anlaşılmazlığa görə seçki prosesinin bütün iştirakçılarından üzr istəyir.