Prezident seçkilərində səsvermə başa çatdı

0
50

seckiAzərbaycanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb. Bakı vaxtı ilə saat 19:00-da vətəndaşların səsvermə prosesi yekunlaşıb. Yerli vaxtla saat 17:00-a olan məlumatlara əsasən, Azərbaycan prezidenti seçkilərində 3 milyon 439 min 629 seçici səs verib. Bu da seçicilərin təxminən 70 faizə yaxını deməkdir.

Qeyd edək ki, prezident seçkilərində 10 namizəd mübarizə aparır. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, “Demokratik Qüvvələrin Milli Şurası” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Gecə saatlarında namizədlərin topladığı səs faizləri barədə ilkin məlumat açıqlanacaq.

Səsvermənin nəticələri haqqında məntəqə və dairə seçki komissiyalarının yekun protokolu barədə məlumatlar isə İnformasiya Mərkəzinin internet saytında seçki günündən başlayaraq yerləşdiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) seçkinin ilkin nəticələrini dairə seçki komissiyaları tərəfindən protokol təqdim edildikdən dərhal sonra seçki dairələri üzrə ümumiləşdirilmiş cədvəl şəklində və MSK-nın internet saytında yerləşdirəcək.

Azərbaycanın Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmamaqla prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq, Azərbaycanın Konstitusiya Məhkəməsinə təqdim edir.

Konstitusiya Məhkəməsinin bu barədə qərarı qətidir. Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır. Prezident seçkisinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir. Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumat Konstitusiya Məhkəməsi tərəfindən rəsmən elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb.

Prezident seçkisi ilə əlaqədar Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 5273 daimi, 219 müvəqqəti seçki məntəqəsi yaradılıb.

Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izlənilib.

Seçkiləri izləyəcək müşahidəçilərin ümumi sayı 52 min nəfərdir. Onlardan 1400 nəfərə yaxını beynəlxalq müşahidəçidir.

Seçkiləri işıqlandırmaq üçün 20-dən çox beynəlxalq KİV-in 70-ə yaxın nümayəndəsi Mərkəzi Seçki Komissiyasında akkreditə olunub.

MSK İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov deyib ki, gün ərzində qurumun “qaynar xətt”inə 124 müraciət daxil olub, onlardan 2-si şikayət xarakterlidir: “Şikayət edənlər qeydiyyatda olmadıqları ərazidə səs vermək niyyətində olanlardır. Onların yaşadığı ərazi seçki məntəqəsinin hüdudlarına düşmədiyi üçün Seçki Məcəlləsinə müvafiq olaraq səs verə bilməzlər”.