Zərdab rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin təbliğatı davam edir. Oktyabrın 2-də rayonda təhsil sahəsində çalışan seçicilərlə görüş keçirilib. Bu barədə Zerdab.com saytına YAP Zərdab rayon təşkilatından məlumat verilib. Görüş Rayon Mədəniyyət evinin iclas zalında keçirilib. Görüşü giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova ölkəmizin çox mühüm siyasi kampaniya, növbəti Prezident seçkiləri ərəfəsində olduğunu bildirib. Yeni Azərbaycan Partiyasının və Azərbaycan xalqının mütləq əksəriyyətinin vahid namizədi İlham Əliyevin son 10 ildə həyata keçirdiyi uğurlu siyasətin parlaq nəticələrindən, xalqın yüksələn sosial rifahından, dövlətimizin beynəlxalq aləmdə artan nüfuzundan və mövqeyindən, qarşıda duran perspektivlərdən danışan Pərvin Mahmudova Zərdab seçicilərinin öz vahid, layiqli namizədinin qələbəsinə əminliyini diqqətə çatdırıb. O bildirib ki, Zərdablıların böyük əksəriyyəti birmənalı şəkildə İlham Əliyevin həyata keçirdiyi siyasi kursu dəstəkləyir, onun gələcəkdə də davam etdirilməsini zəruri sayır, bu gün ölkədə ona alternativ görmür.
Pərvin Mahmudova deyib: “Əgər biz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi nailiyyətləri, beynəlxalq nüfuzunu, əhali arasında keçirilmiş sosioloji sorğuların nəticəsini (87,93 %), habelə ölkənin ən böyük və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etdiyini nəzərə alsaq, Prezident seçkilərinin nəticəsini görmək çətin olmaz – seçicilərin mütləq əksəriyyəti öz səslərini cənab İlham Əliyevə verəcəkdir”.
Görüşdə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin seçki qərargahının üzvləri, Milli Məclisin deputatı, filologiya elmlər doktoru, professor Jalə Əliyeva, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İsa İsayev, iqtisad elmləri doktoru, professor Damət Bağırov çıxış ediblər.
Seçicilər adından Gəlmə kənd orta məktəbin direktoru Gülaga İsgəndərov, Körpükənd kənd orta məktəbin direktoru Rüxsarə Eminova çıxış edərək Zərdab ziyalılarının, təhsil işçilərinin, YAP-ın vahid namizədi İlham Əliyevi dəstəklədiklərini bildiriblər və bütün seçiciləri layiqli namizədə cənab İlham Əliyevə səs verməyə çağırıblar. Tədbir İlham Əliyevin qələbəsinə çağıran şüarlar, seçicilərin sürəkli alqış-sədaları ilə müşayət olunub.
Zerdab.com