Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision-2012» mahnı müsabiqəsinin aparıcılaının adı açıqlanıb. www.zerdab.com saytının APA-ya istinadən yaydığı məlumata görə, mayın 22-si, 24-ü və 26-da baş tutacaq bu müsabiqənin aparıcıları sırasında ötən il Azərbaycana qalibiyyət gətirən Eldar Qasımov da var. Ənənəvi olaraq şounu aparmaq üçün üç aparıcı seçilib. Digər aparıcılar İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı Leyla Əliyeva və Nərgiz Birk-Petersendir. Qeyd edək ki, “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall” şou üçün təhvil verilib. Bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Anar Ələkbərov və “Eurovision-2012” işçi qrupunun rəhbəri Adil Kərimli tərəfindən keçirilən mətbuat konfransında məlumat verilib. Mətbuat konfransında bildirilib ki, 2012-ci il yanvarın 25-də tikintisinə başlanan bu məkan 25 min tamaşaçı tutumuna malikdir. Müsabiqə zamanı isə 20 min tamaşaçı qəbul olunacaq. Tikintini həyata keçirən şirkət artıq salonu şounu hazırlayacaq “Brainpoll” şirkətinə təhvil verib. Bu gündən etibarən şounun hazırlıqlarına başlanılıb. Zalda 80 min işıq diodu, 2500-dən artıq proyektor və Avropada ilk dəfə hərəkətli işıqlardan istifadə olunacaq.