Prezident İlham Əliyev yenidən jurnalistlərin dostu seçildi

0
35

 İlham Əliyev«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi «Jurnalistlərin dostu» mükafatı laureatının kimliyini müəyyənləşdirmək üçün keçirdiyi sorğunu yekunlaşdırıb. Sorğu qəzetlər, informasiya agentlikləri, jurnallar, jurnalist təşkilatları və internet media resursları arasında keçirilib.  «RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən Zerdab.com saytının emailinə daxil olan məlumata görə, ümumilikdə 100 respondent media qurumunu əhatə edən sorğuda rəyi soruşulanlara bir sual ünvanlanıb: «Hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?».

 Sorğu anketinə üç şəxsin adını yazmaq imkanı olub. Rəyi soruşulanların yalnız 20 faizi sualı cavablandırarkən birdən artıq şəxsin adını qeyd edib. Sorğuda iştirak edənlərin böyük əksəriyyətinin fikrincə, jurnalistlərin dostu ölkə prezidenti İlham Əliyevdir. Sorğu anketlərində dövlət başçısına verilən səslər ümumi səslərin 89 faizini təşkil edib.

 Qeyd edək ki, «RUH» AJMK-nın «Jurnalistlərin dostu» mükafatının təsisindən məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır. Azərbaycan Respublikasının vətəndaşı olan, ölkədə kütləvi informasiya vasitələrinin inkişafında müstəsna xidmətləri ilə seçilən ictimai-siyasi xadimlər, vəzifəli şəxslər mükafatın laureatı ola bilərlər.

Zerdab.com