Bu gün İslam dünyasının ən böyük problemi adının İslam olması, özün isə İslamdan çox uzaq olmasıdır. Ən böyük xəta İslamın adından istifadə edilib, özündən istifadə edilməməsidir.
Bir gün Mövlana ilə Şəms Təbrizi Konyada şəhərin mötəbərlərinin iştirak etdiyi ziyafətə gedirlər. Şəmsi sevməyən məclis iştirakçıları, bir az da istehza ilə ona belə bir sual verirlər:
– Şəms əfəndi, aramızda məhəbbət hasil olmuşkən, xahiş edirik ki, dərin elminizdən bizlərə də lütf edəsiniz…
– Nədir öyrənmək istədiyiniz?
– Elm adamlarının əsas problemi nədir? Hətta bizlərin əskik-qüsurları nələrdir? Söyləsəniz, özümüzü düzəldərik…
– Mənim üsulumdur, sözü uzatmaram. Sizə bir hekayə ilə cavab verim: Bir nəfər bərbərə gedir və deyir: “Saqqalımdakı ağ tükləri təmizlə”. Bərbər adamın saqqalındakı ağların qaralardan çox olduğunu görür. Qayçı ilə bütün saqqalı kəsir və adamın önünə tökür. Adama: “Mənim işim çoxdur, ağını qarasını özün ayır”,-deyə cavab verir. Şəmsin bu cavabı qarşısında məclisdəkilər rəngdən-rəngə girirlər, amma heç nə deyə bilmirlər.
Bir hökumətin leqal olduğunu necə müəyyən etmək olar? Hər dövlət üçün tətbiq oluna biləcək bir qayda varmı? Yoxsa, hakimiyyətin hansı tərəfdə olduğu daha çox önəmlidir?
Misir tarixində ilk dəfə seçilmiş bir hökumətin çevriliş yolu ilə göndərilməsi dünyada söz sahibi olan bütün ölkələr üçün üz qarasıdır.
“Ərəb baharı” Yaxın Şərqin əzilən xalqlarına böyük ümid bəxş etmişdi. Lakin bahar deyəsən, yerini yavaş-yavaş qışa verir. Əvvəlcə, “İxvan”ın hakimiyyətindəki Misirdə hərbi çevriliş oldu. Hərəkatın lideri Mursi həbs olundu. İxvan Partiyasının fəaliyyəti dayandırıldı. İndi isə, deyəsən, sırada “ərəb baharı”nın növbəti “övladları” var.
Tunis “ərəb baharı”nın ilk “övladıdır”. İlk dəyişikliklər də orada olmuşdu. Uzun illər xalqa zülm edən diktator Zinabidin ben Əli göndərilmiş, seçkilər nəticəsində 3 partiya koalisiyası hakimiyyətə gəlmişdi. Hökumətin başına isə özlərini müsəlman kimi təqdim edən Ənnahda Partiyasının lideri Ğannuşi gəlmişdi.
Son aylarda Tunisdə ard-arda dünyəvi müxalif liderlərin sui-qəsdə qurban getməsi ölkədə vəziyyəti gərginləşdirib. Nümayişlər, mitinqlər artmağa başlayıb. Hökumətin və “Ənnahda”nın lideri Raşid Ğannuşi bir bəyanatında Tunisdə Misir ssenarisinin təkrarlanmasına izin verməyəcəklərini bildirib.
Sui-qəsdlərdə ittiham olunan qruplaşmaların peyda olması, radikalların aktivləşməsinə göz yumulması, terrorçuların həbsxanalardan azad edilməsi Ğannuşi dövrünə aid bir neçə acı faktlardır.
Başqa bir gündəm maddəsi: Keniyanın paytaxtı Nairobidə terrorçular alış-verış mərkəzini ələ keçiriblər. Onlarla insan öldürülüb. İddialara görə, içəridən çıxmaq istəyənlərdən Peyğəmbərimizin anasının adını soruşublar. Bilən yaşayıb, bilməyən öldürülüb.
Təəssüf ki, bəhs etdiyim bütün hadisələrin “qəhrəmanlar”ının hamısı fəaliyyətlərini islam adına etdiklərini iddia edirlər. Əminliklə deyə bilərəm ki, ya onlar başqa bir İslama inanırlar, ya da biz, ən azından mən.
İslam gözəlliklər dinidir, yüksək əxlaq dinidir. Həşəratlara, ağaclara belə həyat haqqı tanıyan bir dindir. Savaşda belə, yaşıllıqların pozulmamasını əmredən bir dindir. Peyğəmbərimizin əshabı qarışqaları əzməmək üçün ayaqlarına zınqırov bağlayırlar. Uca Yaradan müqəddəs kitabımızda haqsız yerə bir insanı öldürən bütün insanları öldürmüş kimidir buyurur. O zaman bu gördüyümüz mənzərə nədir? Suriyada kameralar qarşısında başkəsənlər kimə qulluq edirlər? Məqsəd nədir?
Tək cavabı var: cəhalət.
Bərbərin dediyi kimi, ağ qaraya elə qarışıb ki, yaxşını pisdən ayırmaq, kimin kimə qulluq etdiyini görmək çox müşkül olub.
XX əsrdə “əkilən”lərin bu gün meyvəsini yeyirik. Biz bu gün nə “əksək”, övladlarımız da o meyvələri yeyəcək.
Anar Qaraxancallı