Kəndlərimizin çoxu bu il də qazsız qalacaq…

0
43

odun sobası“Azəriqaz” ölkədə qazlaşdırmanın səviyyəsini heç 90 faizə də çatdıra bilmir; bu sahədəki başıpozuqluq bir çox bölgələrdə yaşayış məntəqələrini yanacaqsız qoyub 

ARDNŞ-in tərkibində olan “Azəriqaz” İstehsalat Birliyi prezident İlham Əliyevin ölkədə qazlaşdırma səviyyəsini 95 faizə çatdırmaqla bağlı göstərişlərinə əməl etməyib. Bunu “Azəriqaz” rəhbəri Əkbər Hacıyev özü də etiraf edib.

Ə.Hacıyev ötən həftə jurnalistlərlə söhbətində bildirib ki, “Azəriqaz” Azərbaycanda qazlaşdırmanın səviyyəsinin yüksəldilməsi çərçivəsində bu ilin sonunadək daha 40 yaşayış məntəqəsinə qaz verəcək. Onun sözlərinə görə, bu yaşayış məntəqələrinin də qazla təmin ediləcəyi təqdirdə ölkədə qazlaşdırmanın ümumi səviyyəsi 90 faizə yaxınlaşacaq. Ə.Hacıyev hazırda ölkədə qazlaşdırma səviyyəsinin 88,7 faiz olduğunu bildirib.

Lakin prezident İlham Əliyev həm yerlərdə əhali  ilə görüşləri zamanı, həm də Nazirlər Kabinetinin müşavirələrindəki çıxışlarında dəfələrlə bəyan etmişdi ki, ölkədə qazlaşdırma səviyyəsi 2012-ci ilin sonunda 95 faizə çatdırılmalıdır. Prezidentin bu barədə dediklərindən sitat: “Dövlət Neft Şirkətinə göstəriş vermişəm ki, 2012-ci ilin sonuna qədər Azərbaycanın bütün yaşayış məntəqələri harada mümkündürsə qazlaşdırılsın. Beləliklə, ölkə ərazisinin 95 faizi qazlaşdırılacaq”.

Lakin qazlaşdırma işi gözlənilən sürətlə getmədi. Virtualaz.org araşdırıb ki, “Azəriqaz”ın tez-tez bir-birini əvəzləyən, yağışdan sonra göbələk kimi qəfildən meydana çıxan naməlum podratçıları işləri yarımçıq qoyaraq naməlum istiqamətdə yoxa çıxdılar. Daha sonra 2012-ci ilin sonuna qədər qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması mümkün olmayanda ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirdi ki, bu göstəriciyə 2013-cü il ərzində çatmaq mümkün olacaq.

2012-ci ilin sonlarında ARDNŞ elan etdi ki, ölkədə qaz təsərrüfatını yeniləmək və yaşayış məntəqələrinin qazlaşdırılmasını sürətləndirmək üçün yeni podratçı ilə müqavilə bağlayır. Yenə də sahiblərinin kimliyi müəmmalı olan “Global Servis” adlı offşor şirkətlə ARDNŞ arasında bu məqsədlə 1 milyard manatlıq müqavilənin bağlandığı elan edildi.

Buna baxmayaraq qazlaşdırmanın sürəti yenə də prezidentin verdiyi göstərişi vaxtında yerinə yetirməyə imkan verəcək dərəcədə artmadı. Bir çox bölgələrdə qazlaşdırma prosesi yarımçıq dayandırıdlı.

Məsələn, mətbuat yazmışdı ki, Gədəbəy rayonunun Ermənistanla həmsərhəd Şinix bölgəsinin tamamilə qazlaşdırılmasına dair prezidentin hələ 2009-cu ildə verdiyi göstərişə bu günə qədər əməl edilməyib. “Azəriqaz” həmin bölgənin 28 yaşayış məntəqəsindən cəmi 3-nə qaz verərək işləri yarımçıq qoyub və hal-hazırda da bölgədə heç bir iş getmir. Prezident İlham Əliyev bu günlərdə Gədəbəy rayonuna səfəri zamanı əhali ilə görüşündə bildirdi ki, o, rayonda qazlaşdırmanın ləng getdiyi haqda məlumatlar alıb və bu iş sürətləndirilməlidir.

Məlumatlara görə, ARDNŞ-dən qazlaşdırma layihələri üçün sifariş alan podratçıların və subpodratçıların pulları verilmir, yaxud vəd olunan məbləğ verilmir və şirkətlər işləri yarımçıq qoyaraq çəkilməyə məcbur olurlar.

“Azəriqaz”da təsərrüfatsızlıq və qazlaşdırma işindəki başıpozuqluq son nəticədə ona gətirib çıxarıb ki, prezidentin ölkədə qazlaşdırmanı 95 faizə çatdırmaq barədə göstərişləri yerinə yetirilməyib.

Bu yazı virtualaz.org saytında yayımlanıb.

Zerdab.com olaraq sonda qeyd edək ki, Zərdab rayonundan olan bir qrup gənc bu yaxınlaradək bölgələrin qazlaşdırılması ilə məşğul olan podratçı şirkətlərdən birində çalışırdı. Lakin onlar əməkhaqları verilmədiyi üçün həmin şirkətlə yollarını ayırmalı olublar. Həmin şirkətdə fəhlə və usta işləmiş həmyerlilərimiz əməkhaqlarının bir hissəsini hələ də ala bilməyiblər.