Köhnə bağ evimi təmir etmək üçün gələn xarratın ilk iş günü çox gərgin keçmişdi. Maşınının təkəri partladığı üçün işə bir saat gecikmiş, elektrik mişarı xarab olduğu üçün bütün planları alt-üst olmuş, indi də köhnə maşını sözə baxmadığı üçün yolda qalmışdı. Onu evinə aparanda yanımda sanki daş kimi oturmuşdu. Mənzil başına çatanda məni ailəsi ilə tanış etmək üçün evinə dəvət etdi. Qapıya az qalmış balaca bir ağacın qarşısında dayandı. Əlləri ilə ağacın budaqlarına toxundu. Bir qədər dayandıqdan sonra qapıya üz tutdu. Qapı açılanda artıq o əməlli-başlı dəyişmişdi. Yanıq üzündə qeyri-adi bir təbəssüm var idi. Əvvəlcə uşaqlarını bağrına basdı, sonra həyat yoldaşı ilə görüşdü. Ancaq ağac məsələsi heç cür yadımdan çıxmırdı. Sonra məni maşına ötürəndə də bu hadisə yadıma düşdü. Səbəbini soruşanda bir qədər duruxdu və alçaq səslə: “O mənim dərd ağacımdır,” – dedi. Sonra da davam etdi: “Bəzən işimdə problemlər olur. Ancaq bir şeyi yaxşı bilirəm ki, bu problemlər nə evimə, nə həyat yoldaşıma, nə də uşaqlarıma aiddir. Buna görə də, hər axşam evə gələndə onları bu ağacdan asıram. Səhər isə onları yenidən oradan götürürəm. Ancaq ən qəribəsi nədir, bilirsinizmi? Ertəsi gün onları götürməyə gələndə dünənki qədər ağır olmadıqlarını görürəm”…
P. S. Unutmayın, streslə keçən hər dəqiqəmiz xoşbəxtliyimizdən oğurlanmış 60 saniyədir…
Mənbə: “Ailəm” jurnalı.