“Elə ölkələr var ki, orada oğurluğa görə insanların əlini kəsirlər. Amma orada oğurluq aradan qaldırılmayıb. Korrupsiyaya görə insanları edam edirlər, amma korrupsiya hələ də aradan qaldırılmayıb. Deməli, buna nail olmağın yolu insanların cəzalandırılmasından deyil, daha səmərəli mexanizmlərin yaradılmasından keçir”. Zerdab.com-un xəbərinə görə, bunu virtualaz.org-a müsahibəsində YAP icra katibi, Milli Məclisin üzvü,hakim partiyanın prezidentliyə namizədi İlham Əliyevin seçki qərargahının rəhbəri Əli Əhmədov deyib. O, bu istiqamətdə işlər görülsə, hədəfə daha tez çatmağın mümkün olacağını deyib.
Harınlamış məmurlar və onların övladları tendesiyası ilə mübarizə yollarından danışan Ə. Əhmədov hakimiyyət, vəzifənin insanları korlaya biləcəyini deyib. Amma görünür, vəzifə daha çox daxili mənəvi zənginliyi olmayan insanları korlayır: “Prezidentimiz də elə bu məsələlərə diqqət çəkir. Prezident İlham Əliyev YAP-ın sədri olaraq bu məsələləri diqqət mərkəzinə çəkməklə partiyanı bu hallara qarşı mübarizəyə səsləyib. Güman edirəm ki, bu çağırışlar nəticəsiz qalmayacaq, bunların şahidi olacağıq. Eyni zamanda cəmiyyətimiz inkişaf etdikcə, xüsusilə də ayrı-ayrı sahələrdə münasibətləri tənzimləyən mexanizmlər təkmilləşdikcə bu harınlama ehtimalları azalacaq. Mən buna inanıram. Bəlkə də gələcəkdə, irəliləyən illərdə harın məmurların sayı indikindən əhəmiyyətli dərəcədə azalacaq. Daha doğrusu, məmurun ona verilən səlahiyyətlərə görə harınlamaq şansı əlindən alınacaq. Prezident və onun partiyası bunu etməyə nail olacaq”.
“Belə düşünürük ki, YAP özünü Kommunist Partiyası kimi göstərməməlidir. Başqa ölkələrin də təcrübəsi göstərib ki, sözlə, təzyiqlə, təqiblə cəzalandırılmaların nəticəsi ötəri və keçici olur. Buna mexanizmləri təkmilləşdirərək, harınlamaq istəyən məmurların qarşısını ala biləcək mexanizmləri inkişaf etdirərək nail olmaq istəyirik. Seçdiyimiz yol bundan ibarətdir. Güman edirəm ki, bu yol səmərəli yoldur”-deyə Əli Əhmədov bildirib.