Bu gün Rayon Təhsil Şöbəsinin iclas zalında təhsil işçiləri ilə Zərdab Rayon İcra Hakimiyyəti Başçısının görüşü olub. Tədbiri giriş sözü ilə açan İcra hakimiyyətinin başçısı Lütvəli Babayev son illər respublikada və rayonda görülən işlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verərək digər sahələrə olduğu kimi dövlətin təhsil sahəsinə də göstərdiyi qayğıdan danışıb. İcra başçısı qeyd edib ki, son 10 ildə rayonda 2376 şagird yerlik 13 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində 280 şagird yerlik 2 məktəb binası tikilib istifadəyə verilib, 600 şagird yerlik 1 məktəb binası əsaslı təmir edilib. Hazırda 792 şagird yerlik 4 məktəb binası istifadəyə hazırdır. Son illərdə şəhər 1, 2, 3 nömrəli körpələr evi-uşaq bağçalarının binaları əsaslı təmir edilib, Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçası əsaslı təmir olunmaqla yenidən qurulub. 2007-ci ildə cəmi 47 nəfər məzun ali məktəbə daxil olubsa, bu il bu göstərici 137 nəfər olmaqla, 6 nəfər məzunumuz qəbul imtahanlarında 600-dən çox bal toplayıb.
Tədbirdə Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev, Hüseynxanlı kənd ümumi orta məktəbinin direktoru Məkkə Həmidova, Xasa kənd ümumi orta məktəbin direktoru Marusa Qasımova, Əlibəyli kənd tam orta məktəbinin direktoru Kəmalə Əliyeva, şəhər 2 saylı tam orta məktəbin müəllimi Nərgiz Hüseynova çıxış edərək təhsilə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda rayonun təhsil işçiləri 2013-cü ilin 9 oktyabrında keçiriləcək prezident seçkilərində ən layiqli namizədə səs verəcəklərini bildiriblər.
Zerdab.com