Bütün yerli kanallarımızın son dövrlərdə ən çox müraciət etdiyi mövzular arasında kriminal xəbərlər xüsusi yer tutur.
Elə dəhşətli cinayət hadisələrindən xəbər tutursan ki, tüklərin biz-biz olur və sənə elə gəlir ki, ölüm haradasa yaxınlığındadır. Biz ortayaşlı nəsil sovet dövründə belə şeyləri görməmiş və eşitməmişdik. Çünki o dövrdə canlı efirə kriminal xəbərlərin buraxılması qadağan idi və bununla bağlı sərt senzura vardı. Hətta kriminal xəbərlərin qəzetlərdə getməsinə belə icazə verilmirdi. Nadir hallarda, özü də yüz dəfə senzuradan keçəndən sonra, belə demək mümkünsə, mənəviyyata zərəri olmayan tək-tük kriminal xəbərlər qəzetdə verilirdi. O vaxt biz bunun səbəbini anlaya bilmirdik, ancaq rejim bunu yetişməkdə olan nəslin mənəviyyatının pozulmasına yol verilməməsi ilə izah edirdi. Yenə də təəssüflər olsun ki, o vaxt çoxumuz bunu anlaya bilmir, Qərbdə bu tip məlumatlara qadağa qoyulmamasını insan azadlığı, demokratiya kimi qiymətləndirirdik. Əslində kriminal xəbərlər xəstəliyi ötən əsrin 90-cı illərinin ortalarında mətbuatda özünü göstərməyə başladı. Qəzetlər bu yolla özlərinə daha çox oxucunun diqqətini cəlb etməyə çalışırdılar. Onlar buna müəyyən qədər nail oldular. Kriminal xəbərlərə oxucu marağı isə, zənnimcə, ölkəmizdə kriminallaşmanın əsaslarını qoydu. Hər halda məhz bu kriminal xəbərlərin mətbuatda at oynatması nəticəsində cinayətlərin sayı artdı, yetişməkdə olan gənc nəslin mənəviyyatı aşınmağa başladı. Bu gün vaxt ilə bizdə dəhşət doğuran və baxa, eşidə bilmədiyimiz cinayətlər haqqında məlumatları gənc nəsil adi hal kimi qəbul edir, onlar efirdə dəhşət doğuran kriminal kadrları soyuqqanlılıqla seyr edirlər. Telekanallarda gen-bol verilən kriminal xəbərlər isə atasını, anasını, ən yaxın doğmalarını belə amansızlıqla öldürənlərin sayının artmasına gətirib çıxarıb. Onların arasında gənclər çoxluq təşkil edir. Hər halda bizim bəyənmədiyimiz sovet dönəmində, ateist bir rejimdə ata-anaya əl qaldırmaq, onları vəhşicəsinə qətlə yetirmək ağlasığmaz idi. Amma indi əksinə olub və ata-anaya əl qaldırmaqdan, doğmalarını amansızlıqla öldürməkdən çəkinməyən nəsil əmələ gəlib. Onları bəzi tele-kanallarda gedən kriminal xəbərlər, görüntülər bu hala gətirib və buna mənim şübhəm yoxdur. Hər halda bəzi telekanallarda gedən kriminal kadrlar və görüntülər öz dağıdıcı təsirini göstərməkdədir. Bununla bağlı bu yaxınlarda eşitdiyim bir xəbər məni dəhşətə saldı. Köhnə tanışlarımdan biri dedi ki, televizorda gedən kriminal xəbərdən az sonra onun 10 yaşlı nəvəsi bıçağı götürərək, nə üçünsə əsəbləşdiyi və özündən bir yaş balaca bacısını eynilə televizorda göstərilən kimi öldürmək istəyib. Yalnız son anda cinayətin qabağını almaq mümkün olub.Tanışımın dediyinə görə, bundan sonra artıq telekanallarda xəbərləri belə seyr edə bilmirlər və uşaqlara da uşaq verilişlərindən başqa verilişlərə baxmağa qadağa qoyublar. Amma hamı bunu edə bilmir, çünki elm və texnikanın inkişaf etdiyi bir dövrdə bu yolla uşaqlara nəyi isə qadağa etmək heç də asan deyil. Bu vəziyyətdən yeganə çıxış yolu, zənnimcə, telekanalların məsələ ilə bağlı öz məsuliyyətlərini başa düşmələri, ən azından vətəndaşlıq borclarını dərk edərək kriminal xəbərlərin sayını azaltmaları və onları gənc nəslin gələcəyi naminə efirdən çıxarmaları ola bilər. Çünki efiri kriminal xəbərlərlərlə dolduraraq daha çox tamaşaçı cəlb etmək özü buna görə başverən cinayətlərin dolayısıilə iştirakçısı olmaq deməkdir. Onlar unutmamalıdırlar ki, ekran qarşısında öz övladları və yaxınları da əyləşir. Onların da başına eynilə yaxın tanışımın başına gələnlər gələ bilər. Biz bunu heç kəsə arzulamırıq…
Əziz Mustafa, ZAMAN