Xəstəxana otağı

1
1098

xəstəxanaİki çarpayı və həyatla ölüm arasında mübarizə aparan iki xəstə. Çarpayılardan biri pəncərənin qarşısında, o biri isə divarın dibindədir. Pəncərə qarşısında yatan xəstə səhərdən axşama qədər bayıra baxaraq gördüklərini divarın dibində yatan yoldaşına danışır: “Bu gün dəniz dünənkindən daha sakitdir. Külək də dünənki kimi əsmir. Dənizdə üzən ağ yelkənlər sanki su sonalarıdır.

Park?! Parkda hələ ki, heç kim yoxdur. Yelləncəklər də boşdur. Budur, keçən həftəki sevgililər gəldilər. Əl-ələ tutublar. Skamyalardan birində əyləşdilər. Gözlərini bir-birilərindən çəkmirlər. Oğlan pıçıltı ilə qıza nəsə danışır. Nə qədər də bir-birilərinə yaraşırlar. Kaş ki, öz gözlərinlə görəydin. Qızılgüllər bu gün sanki bayram edirlər. Elə açıblar ki, hər tərəf qırmızı rəngə boyanıb. Alça ağacları da gəlin kimi başdan-ayağa ağa bürünüblər.

İndi də parkın bəzəyi uşaqlar gəldilər. Əllərində rəngbərəng çərpələnglər, şarlar var.  Sanki ümidlərini göyə uçururlar.

Bu gün qağayıların da kefi kökdür. Mavi dənizin üzərində o yan-bu yana uçur, hərdən də suya baş vururlar…”

Günlər beləcə keçib gedir, xəstə hər gün pəncərədən gördüklərini yoldaşına danışırdı.

Bir gün pəncərənin yanındakı xəstənin ürəyi tutdu. Əgər divar dibindəki xəstə düyməyə basıb həkimi çağırsa idi, bəlkə də yoldaşını xilas edə bilərdi. Ancaq o, düyməyə basmadı. Çünki yoldaşı öləndən sonra pəncərənin qarşısındakı çarpayı boşalacaq və onu bu çarpayıya köçürəcəkdilər. Beləcə bu günə qədər qulaqları ilə eşitdiklərini gözləri ilə görəcəkdi. Çox keçmədi ki, yoldaşı öldü.

Ertəsi gün onu pəncərənin qarşısındakı çarpayıya köçürdülər. Gözlədiyi an gəlib çatmışdı. Həyəcanla pəncərədən baxdı. Ancaq…

Ancaq bayırda qapqara divardan başqa heç bir şey yox idi…

Mənbə: “Ailəm” jurnalı.

1 comment

  1. Bu ibrətamiz yazını saytda yerləşdirənə öz təşəkkürümü bildirirəm. Hər kəs kimi məndə rayonumuzun və kəndlərimizin günü-gündən inkişaf etməsini, gözəlləşməsini, müasirləşməsini, günün və zəmanənin tələblərinə cavab verən tibb məntəqələrinin,tibb ocaqlarının, xəstəxanaların və s. olmasını çox istəyirəm. Çox təəssüf edirəm ki, rayonumuz bu barədə geridə qalan rayonlardan biridir. Fakt:- 2013-cü ilin iyul ayının ortalarında Zərdab-Ağdaş yolunun təxminən 25 kilometrliyində, rayonun Burunlu kəndi ərazisində baş vermiş avtomobil qəzası nəticəsind ağır bədən xəsarəti almış Bıçaqçı kənd sakini Rzayev Şahin Füzuli oğlunu xilas etmək üçün gəlmiş təcili yardım avtomobilinin özünün “tibbi yardıma” ehtiyacı varmış. Belə ki, ağır bədən xəsarəti almış və daxili iç qanaması olan xəstəni 25 km-lik məsafədə yerləşən rayon xəstəxanasına aparan təcili yardım avtomobilinin şinlərində şişlər olduğundan, avtomobil atdana-atdana gedirmiş. Rayon mərkəzində isə xəstəni qəbul etmirlər və Zərdabdan 50-55 km məsafədə yerləşən Göyçay rayonuna aparılması məsləhət görülür. Zərdab-Ucar yolunun isə necə vəziyyətdə olmasını yaxşı bilirsiniz. Eyni zamanda Göyçaya göndərilən xəstənin yanında tibb persanalından heç kəs getmir. Xəstə sahibi özü onu Göyçaya çatdırsada xəstə daxili qanamadan xəstəxanada dünyasını dəyişir.Hal bu ki, onu Zərdabda xilas etmək mümkün imiş. Belə bir ikinci faktı kənd sakini Vaqif Məmmədov üçündə demək olar. Onuda aldığı zədəyə görə rayon xəstəxanası qəbul etməmiş, xəstə sahibi özü onu Ağcəbədi rayon xəstəxanasına çatdırmışdır.
    Çox istərdim ki, rayonumuzun özündə bu cür xəstələrə tibbi yardım göstərmək lazımi avadanlıqlar və savadlı həkim heyyəti olsun.

Comments are closed.