Zərdabda yeni dərs ilinə hazırlıq davam edir

0
40
İsaqbağı kənd orta məktəbi
İsaqbağı kənd orta məktəbinin binası

Zərdab rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinə ciddi hazırlıq işləri aparılır. Rayon təhsil şöbəsinin məlumatına görə, 2013-2014-cü dərs ilində rayonun 43 ümumtəhsil məktəbində 6884 nəfər şagirdin təhsil alacağı gözlənilir.
Ötən dərs ilində ibtidai təhsil pilləsi üzrə təhsilini başa vurmuş IV sinif şagirdlərinin həmin təhsil pilləsi üzrə bilikləri məktəb komissiyaları tərəfindən yoxlanılıb, yekun nəticəyə görə 628 nəfər V siniflərə qəbul edilib. Rayonun şəhər 1, 2, 3 nömrəli tam orta və şəhər ümumi orta, Lələağacı kənd ümumi orta, Məlikumudlu, Alıcanlı, Şıxbağı, Pərvanlı kənd tam orta, Xanməmmədli və Cilovxanlı kənd ibtidai məktəblərinin istilik sistemləri təmir edilərək tam hazır vəziyyətə gətirilib.
Hazırda rayonun Çallı kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik, İsaqbağı kənd tam orta məktəbi üçün 220 şagird yerlik, Aşağı Seyidlər kənd ümumi orta məktəbi üçün 80 şagird yerlik yeni məktəb binalarında son tamamlama işləri aparılır. Yeni dərs ilində hər üç tədris ocağının istifadəyə verilməsi planlaşdırılır.
Rayonun Körpükənd kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri başa çatdırılıb, Kəndəbil kənd tam orta məktəbinin təmirinə başlanılıb. Nəzəralılı kənd ibtidai, Məmmədqasımlı, İsaqbağı kənd və şəhər 3 saylı tam orta məktəblərin binalarının həyətlərində yeni su hovuzları tikilib, bəzi sanitar qovşaqlar yenidən qurulub. Böyük Dəkkə kənd uşaq bağçası əsaslı təmir edilərək balacaların istifadəsinə verilib.
Yeni dərs ili ərəfəsində 300-dək inventar və avadanlıq alınaraq ümumtəhsil məktəblərinə verilib. Rayonda qarşıdakı dərs ilinə hazırlıq işləri sürətlə davam etdirilir.