Hər avqust gələndə içim göynəyir.
Körpələrimin illər sonra gözlərinin dərinliyindən özlərindən xəbərsiz boylanan oğurlanmış uşaqlıqlarının üzümə dikilən məsum kədərini bir dəvə karvanı çəkib apara bilməz.
Onların uşaq kimi boy atmaq haqqını əllərindən aldılar.
Onların həyatlarının sonuna kimi yeri boş qalan uşaqlıqlarını yaşamaq sevincini oğurladılar, təbəssümlərini birdəfəlik çöhrələrindən sildilər.
Onları sevmək, saçlarını qoxulamaq, onları güldürmək səadətimi yetim qoydular.
Mənim ağac əkmək, becərmək, boyunu bəsləmək, barını dərmək, bənzərsiz insan-ağac ünsiyyətini yaşamaq haqqımı qəsb elədilər.
Bu ağrını bazardan meyvə almaqla ovutmaq mümkün deyil.
Böyümüş uşaqları oyuncaq almaqla uşaqlıq illərinə qaytarmaq olmur.
Ən böyük dərd odur ki, itirdiklərimizin yeri ölənəcən boş qalır.
Köç elədik.
Qohum-əqrəba mehrindən, dost-tanış ülfətindən, gözəllik heyrətindən köç elədik.
Bacıların ayaqyalın oynadığı qardaş toylarından köç elədik.
Körpə gülüşündən, ixtiyar baxışından, el alxışından köç elədik.
Min illik doğmalıqdan ayrıldıq – körpə anasından ayrılan kimi.
Buz bulaqlardan isti göz yaşlarına, isti ocağımızdan soyuq məzarlara köç elədik.
Duruluğumuz, axarımız lilləndi.
Baharımız, baxarımız səhralandı, çölləndi.
Bərəkətimiz, bəhərimiz ələ gəlmədi, selləndi.
Güzəranımız gethagetdə – köç üstündə.
Köç elədik.
Xırmanımızı yel apardı.
Bəndimizi, bərəmizi sel apardı.
Haqqımızı, halalımızı fel apardı.
Cığırlarımız itdi, yollarımızı ot basdı.
Bütövlüyümüzü, birlik-bikirliyimizi itirdik.
Qəlpələndik, pərən-pərən olduq.
Dağım-dağım dağıldıq, quş kimi isti yuvamızdan perikdik.
Zənginliyimizdən, ağayanalığımızdan boynubüküklüyə, fağırlığa köç elədik.
İnamımızdan “lazım gəlsə…”lərə bel bağladıq, sığındıq.
Bu köçhaköçdə qazanan olmadı, özünə təsəlli verən, dünya malı ilə ovudanlar oldu.
Dünya malı ilə yarasını keyləşdirən oldu, amma heç kim sağalda bilmədi.
Bu gün Azərbaycanın abadlaşan, gözəlləşən bütün bölgələrindən, bütün şəhərlərindən vicdanlı, namuslu adamların gözlərinə Qarabağ viranələri baxır.
Ömür köç karvanlarında, köç maşınlarının banında keçdi.
Ömür kirayə evlərin quzulayıb tökülmüş divarları arasına pərçimləndi.
Ömür kimi yaşanmadı, köç havasında keçdi.
Dalğalara qonmaq istəyən qağayı kimi qonmağa yer axtardım.
Köçdən, köç barxanasından yurd yeri düzəltmək istədim.
Hara getdim, hara üz tutdumsa köçdüyümü, köçkünlüyümü gördüm insanların gözlərində.
Gördüm ki, uşaq vaxtı köç yolunda dəvələrin üstündə oturmuş uşaqlar kimi yavaş-yavaş ötüb keçirəm onların baxışlarında.
Ömür yaşanmağa macal tapmadı, köç elədi – ömürdən-itkilərə.
Hər avqust gələndə içim inildəyir.
Xaraba evlərdə vıyıldayan küləyin yalquzaq kimi ulamağını eşidirəm.
Qarabağ dərd deyil ki, əridəsən.
Savaş deyil ki, çürüdəsən.
Uşaq deyil ki, kiridəsən.
Qarabağ içimdir, ruhumdur.
Üzüm Qarabağın xəritəsidir.
İçim viranədir…
Mənbə: ZAMAN
Tesirlidir…
Comments are closed.