Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev rayonun Otmanoba kəndində yerli sakinlərlə səyyar qəbul keçirib. Zerdab.com saytı xəbər verir ki, icra başçısı səyyar qəbulların ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi keçirildiyini bildirib və bu tip görüşlərin əhəmiyyətini xüsusilə vurğulayıb. Kənd sakinləri Ağababa İbrahimov, Gilanə Bayramova, Nadir Məmmədov, Nadir Hüseynov və başqaları çıxış edərək kəndə təbii qaz xəttinin çəkilməsi, Otmanoba-Əlvənd avtomobil yoluna asfalt örtük vurulması, ərazisindəki əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə 1 ədəd elektrik su nasosunun quraşdırılması, içməli suya olan tələbatı ödəmək üçün kənddə modul tipli təmizləyici qurğunun tikintisi və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər. Rayon rəhbərliyi qaldırılan təkliflərin diqqətdən kənarda qalmayacağını vurğulayaraq ayrı-ayrı təkliflərin həlli istiqamətində səyyar qəbulda iştirak edən xidmət təşkilatlarının rəhbərlərinə tapşırıqlarını verib. Səyyar qəbuldan dərhal sonra əlaqədar nazirlik və komitələrə kənd sakinlərinin təklif etdiyi məsələlər barədə rəsmi müraciətlər edilib.
Zerdab.com