Zərdabdan kənarda yaşayan sakinlərdən xoşməramlı addım

0
42

asfaltŞəftəhal və Aşağı Seyidlər kəndlərinin rayonumuzdan kənarda yaşayan sakinləri bu kəndlərin abadlaşdırılmasına maliyyə dəstəyi göstərirlər.

Zerdab.com saytı Zərdab rayonunda çıxan “Əkinçi” qəzetinə istinadən məlumat verir ki, hələ ötən illərdə rayonumuzun Şəftəhal kəndinin əsasən Bakıda daimi yaşayan yetirmələri doğma kəndin daha da abadlaşıb gözəlləşməsinə maliyyə dəstəyi göstərmiş, o cümlədən magistral yoldan kəndə qədər olan yolun asfaltlanmasına, körpü salınmasına kömək etmişdilər.

Şəftəhal və Aşağı Seyidlər kəndlərindən daha bir xoş xəbər almışıq. Belə ki, bu iki kəndin Bakı şəhərində, ümumən rayonumuzdan kənarda yaşayıb işləyən yetirmələri tez-tez gedib-gəldikləri doğma kəndlərinin yollarının asfaltlanmasına maliyyə dəstəyi göstərmək barədə təşəbbüs irəli sürmüşlər və bu xeyirxah təşəbbüs kəndin həm yerli sakinləri, həm də kənarda yaşayan bütün yetirmələri tərəfindən dərin rəğbətlə qarşılanmışdır.

Sevindirici haldır ki, bu günlər hər iki kəndin küçələrində asfaltlama işləri görülür, eyni zamanda yenə də bu kəndlərin xeyirxah, səxavətli yetirmələrinin təşəbbüsü ilə və vəsaitləri hesabına işıqlanma məqsədilə küçələrə elektrik xətti çəkilir, lampalar asılır.

Ürəkaçan faktdır ki, sakinlər bir qədər əvvəl kənd məscidinə 2 ədəd kondisioner hədiyyə etmişlər.

Yeri gəlmişkən, bu kəndlərin kənarda yaşayan imkanlı yetirmələrinin mühüm bir təşəbbüsü də hər kəsdə bu insanlara qarşı sonsuz rəğbət doğurur. Məsələ burasındadır ki, builki taxıl biçini mövsümündə kombayn çatışmazlığı Şəftəhal və Aşağı Seyidlərin kəndli və fermerlərinin də zəmilərinin məhsuldarlığına da mənfi təsir göstərdi. Bunu nəzərə alaraq bu kəndlərin kənarda yaşayan imkanlı yetirmələri təmənnasız olaraq və daimi istifadə üçün həmyerlilərinə müasir tipli taxılbiçən kombayn alıb hədiyyə etmək qərarına gəlmişlər.

Doğrudan da gözəl və xeyirxah təşəbbüsdür və ümid edirik ki, rayonumuzun digər kəndlərinin imkanlı şəxsləri də bu təşəbbüsə qoşulacaq və babalarımızdan qalan, dahi həmyerlimiz Həsən bəy Zərdabi tərəfindən XIX əsrdə daha da təkmilləşdirilən xeyriyyəçiliyə dəstək olmaqla savab qazanacaqlar.