Zərdab Rayon Polis Şöbəsinin ardınca rayonumuzda daha bir neçə bina və obyekt açılışa hazırdır. Qeyd edək ki, tikintisinə ötən ilin aprelində başlanmış və ötən ay istifadəyə verilmiş Zərdab Rayon Polis Şöbəsinin inzibati binası 3 mərtəbəlidir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib. Yeni tikilidə 37 xidməti otaq və 100 yerlik akt zalı var.
Bu günlərdə isə rayon əhalisinin sevincinə səbəb olacaq daha bir hadisə baş verdi. Belə ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Zərdab Rayon Mərkəzi Xəstəxanasının binasının əsaslı təmiri üçün Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin mərhələdə 1,5 milyon manat vəsaitin ayrılıb. Artıq binanın təmiri üçün hazırlıqlara başlanılıb.
Zerdab.com saytına verilən məlumata görə, süd məhsulları istehsal edən zavod da (RAM SÜD) rayonumuzda açılışa hazırdır. Bu zavod istehsal olunan süd məhsulları ilə bu sahədə fəaliyyət göstərən digər istehsalçılarla rəqabətə girə biləcək. Zavodda istehsal olunacaq süd məhsullarının qısa müddətdə istehlakçıların rəğbətini qazanacağı ehtimal olunur.
Bundan başqa, Zərdab rayonunda “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon aqroservis filialı üçün də inzibati bina inşa olunub və açılışa hazırdır. Açılışa hazır olan və qırmızı lentinin kəsilməsini gözləyən obyektlərdən sırasına taxıl və gübrə anbarları da daxildir. Bundan əlavə, rayonumuzda bir neçə sahibkarlıq obyektinin də açılışa hazır olduğu bildirilir. Bu obyektlərin yaxın dövrlərdə istifadəyə veriləcəyi bildirilir.
Zerdab.com