Kim hansı halı ilə ölərsə, qiyamətdə də elə cür oyanacaq

0
73

KainatDaha bir Ramazanı tarixə çevirmiş olacağıq. Çox uzun günlərə düşdüyündən, ola bilsin ki, bir qədər əndişələnmişdik, oruc tutmaq çətin olar deyə.

Amma and içə bilərəm ki, həyatımda gördüyüm ən rahat və tez keçən Ramazanlardan biri kimi yaddaşımda qaldı. Bir daha əmin olduq ki, sən bütün könlünlə bir ibadətə yönəlsən, Allah-Təala (c.c.) onu sənin üçün asanlaşdırar. Bir də ki, Allah-Təala zamanı istədiyi kimsələr üçün uzadar, istədiyi kimsələr üçün də qısaldar. Yadıma nə düşdü, bilirsinizmi? – Mənim bu dünyaya gəlişimdən bir xeyli əvvəl, daha doğrusu, 65-70 il qabaq kəndimizdə Xanalı adlı bir kişi namaz qılarkən elə səcdə halında, yəni alnı yerdə ikən dünyasını dəyişib. İndi bu haqda düşünəndə belə ümid edirəm ki, inşallah o kişi qiyamətə qalxanda səcdədən qalxırmış kimi qalxacaq. Qalxacaq və namazına davam edəndə deyəcəklər ki, a kişi dayan. Yəni ölümü ilə yenidən dirilişinin arası o kişi üçün bir səcdə qədər olacaq. Səcdə də uzağı on beş-iyirmi saniyə olsun. Bizə o da bildirilib ki, kim hansı halı ilə ölərsə, qiyamətdə də elə cür oyanacaq. Tarixdə bunun örnəyi də var. Məlumdur ki, 0Həzrəti-İsanın (ə.s.) möcüzələrindən biri də Allahın inayəti ilə ölüləri dirildib danışdırmaq olub. Peyğəmbərliyinin təsdiqi kimi ondan istəyirlər ki, bir ölünü diriltsin. O da Allaha dua edəndən sonra bir ölünü çağırır, ölü də dirilib ayağa qalxır. Qalxan kimi də sağa-sola dönüb “eşşəyim hanı, eşşəyim hanı?” deyir və yenidən yıxılıb ölür. Möcüzəyə şahid olanlar:

-Ya İsa, o adam niyə dirilən kimi eşşəyini axtardı?- soruşurlar. Hz. İsa da bildirir ki, kim hansı halda ölürsə, o halda da oyanacaq. O kişi eşşəyini axtararkən ölmüşdü, oyanan kimi də eşşəyini soruşdu.

Eyni həqiqət bizim üçün də keçərlidir. Öldüyümüz kimi diriləcəyik. Axirətə nəyi yola salmışıqsa, onu da görəcəyik. Yəni kim bu Ramazanı necə yola saldısa, elə o cür də görəcək. Bizdən keçdi və getdi, amma zaman gələcək ki, yola saldığımız Ramazanlarla bir daha görüşəcəyik. Kimi dünyada yola saldığı Ramazanlara baxıb utanacaq, qaçırdığı fürsətlərə baxıb peşmançılıqdan od tutub yanacaq, kimi də həm oruc sarıdan əli boş olmadığı üçün şükr edəcək, həm də “kaş bu ibadətdən daha çox, daha gözəl şəkildə faydalana biləydim”,- deyəcək. Bəli, önümüzə açılmış hər imkan, hər qapı bizə yeni məsuliyyətlər, vəzifələr gətirir. Xeyirli adam o imkanları bilib, layiqincə dəyərləndirə biləndir.

Bir Ramazan ömrümüzdən çəkilib getməkdədir. Bir nəçə gündən sonra bayramdır. Ramazanın bir hikməti də ondadır ki, bayramla tamamlanır. Bu həm də o anlama gəlir ki, ömrü Ramazan olanın ölümü bayram olar.

Bu Ramazan da kiminsə həyatında ilk dəfə oruc tutduğu ay kimi yazıldı. Kimlərsə də özü də bilmədən bu dünyada son Ramazanını yaşadı bu dünyada. Gələn il Ramazan yenə gələcək, amma o, bu dünyada olmayacaq. Bir neçə il əvvəl şəhərimizin ən böyük məscidlərindən birində Mürsəl baba kimi tanıdığımız ağ saqqallı, yaşıl cübbəli, başı sarmalı bir kişi vardı. O kişi evində termoslarla çay hazırlayar, pendir, çörək, pomidor, bir sözlə, kasıbın olanından köhnə “jiquli”sinə doldurub məscidə gətirər və həyətdə düzülmüş masaların üstündə süfrə açar, Allah rizası qazanmaq üçün “müştəri” axtarardı. Məscidə gələnlər onu yaxşı tandıqlarından, səmimiyyətinə inandıqlarından çəkinmədən süfrəsinin başında oturub loxmasını kəsər, çayını içərdilər. Bu qəbir də bir neçə dəfə onun çayını içib. Yeyib-içənlər də “Allah razı olsun”la o kişinin haqqını ödəyib namaza gedərdilər. İndi Ramazan da var, o məscid də durur, amma Mürsəl baba yoxdur. Allah rəhmət eləsin.

Bir Ramazan bir fürsət kimi çıxır əlimizdən, bir dost kimi ayrılıb gedir. Bu fürsəti layiqincə dəyərləndirənlərin bəxtəvər başına! Qarşıdan gələn Ramazan bayramı münasibəti ilə bütün müsəlman qardaş-bacılarımı təbrik edirəm. Allah-Təala bizi xeyirli Ramazanlara qovuşdursun!

Əli Çərkəzoğlu