Mustafa arzusunda iddialıdır

0
54
Mustafa Mustafayev
Mustafanın valideynləri Məhluqə xanım və Məhəmməd ona böyük ümidlər bəslədiklərini dilə gətirdilər. Mustafa Mustafayev ona bəslənilən ümidləri doğrultmaq üçün bundan sonrda səylə çalışacağını söylədi.

14 yaşlı Mustafa Mustafayev muğamlarımızı elə məharətlə ifa edir ki, ona həsəd aparmamaq mümkün deyil. Odur ki, Mustafanı dinləyənlər bir də ona qulaq asmaq istəyirlər. Dediyinə görə, bu sənət aləminə gəlişinə özü qərar verib. Ən böyük arzusu isə gələcəkdə adını kamil sənətkarların sırasında görməkdir.    Mustafa ilə həmsöhbət olarkən, özünəməxsus ifasını dinlərkən onun bu arzusunun yaxın illərdə reallaşacağını yəqin etdik. Buna rəğmən, onun müəllimləri ilə də görüşdük.

Mingəçevirdəki Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Musiqi Məktəbində Mustafa Mustafayevin xanəndəlik müəllimi İlham Allahverdiyev dedi ki, mən onun gələcəyinə inanıram: “Mən çox şagirdə xanəndəlik sənətinin incəliklərini öyrətmişəm. Nə gizlədim, amma indiyədək Mustafa kimi tələbəm olmayıb. Bilirsinizmi niyə? O, qeyri-adi istedada malikdir. Üstəlik, onun elə həzin səsi var ki…” O, həmçinin digər iki şagirdi – Vüsal və Məhəmmədin də bu sahədə öz sözlərini deyə biləcəklərini əminliklə dilə gətirdi: “Yəni bu uşaqların da musiqi duyumları çox yaxşıdır və mən bir müəllim kimi onlardan çox şey gözləyirəm”. İlham müəllim həmçinin muğamın sirlərini öyrənməyin o qədər də asan olmadığını söylədi: “Mənim fikrimcə, muğam oxumaq da xalça toxumaq kimi bir incə sənətdir. Təbii ki, xalçanın naxışları düzgün vurulmayanda o, heç zaman zövqləri oxşamaz, insana rahatlıq gətirməz. Muğam da elədir, yəni burada da bu kimi elementlər mövcuddur. Amma bütün sənətlərdə həvəs, qabiliyyət, maraq önəmlidir. Bu mənada Mustafanın muğamımıza həvəsi, marağı daha çoxdur. Bir də muğamı yaşayaraq, duyaraq oxumaq lazımdır. Bütün bu xüsusiyyətlər də bizim Mustafada var”.

Mustafanın indiyədək bir sıra uğurlara imza atdığını vurğulayan İlham müəllim onu yeni əkilmiş ağaca bənzətdi. Bildirdi ki, bu ağacın barından bütün ölkəmizə pay düşəcək. Mustafanı tarda müşayiət edən Telman Əliyev də onun yaxşı xanəndələrdən biri olacağını bildirdi.

Uşaq İncəsənət Musiqi Məktəbinin direktoru Etibar Əliyev də Mustafanı məktəbin ən bacarıqlı şagirdi kimi xarakterizə etdi. Dediyinə görə, onun rəhbərlik etdiyi məktəbdə məktəbdə 7 ixtisas üzrə 450 şagird təhsil alır: “Onların arasında Mustafanın öz dəst-xətti var. Belə ki, Mustafa 2010-cu ildə respublika üzrə istedadlı uşaqlar müsabiqəsinin qalibi olub. Ötən il keçirilmiş Xan Şuşiniski adına respublika muğam festivalında ikinci yeri tutub. O, həmçinin şəhər üzrə keçirilən bir sıra yarışlarda da fərqlənib”.

Mustafanın valideynləri Məhluqə xanım və Məhəmməd də ona böyük ümidlər bəslədiklərini dilə gətirdilər. Mustafa Mustafayev də ona bəslənilən ümidləri doğrultmaq üçün bundan sonrda səylə çalışacağını söylədi.

Qeyd edək ki, Mustafa Mustafayev 13 saylı orta məktəbin 8-ci sinfində təhsil alır, Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Musiqi Məktəbində isə xanəndəlik üzrə 5-ci sinfi bitirir.

P.S. Məlumat üçün bildirək ki, Mustafanın valideynləri əslən Zərdab rayonunun Qoruqbağı kəndindəndirlər.

Mənbə: ZAMAN