Bu elə günlər idi ki, doğmalar, yaxınlar belə, xırda bir şeydən üz döndərə, adama arxa çevirə bilərdi.
Yüzillik sevgini bir anın içində ayaqlayıb keçmək olardı.
Bəşəriyyətin min ildə əldə etdiyini bir güllə səsinə itirmək olardı.
Müharibə – itkilər fəslidir.
Müharibə – göz yaşları mövsümüdür.
Müharibə – ayrılıqlar dəmidir.
Müharibə bütün fəsillərdə ölüm açır.
Gülü qönçədə solduran xəzandır müharibə.
Müharibə ədalət tanımır, haqq tanımır, kişilik tanımır.
Ədalət tapdananda, haqq tanınmayanda müharibələr ayaq açıb yeriyir.
Xəstə siyasətdən müharibə törəyir – sağlam düşüncəli vətənsevərlərin balalarını aparmaq üçün.
Xəstə siyasətdən müharibə törəyir – zəhmətkeşin gözünün ağı-qarasını əlindən almaq üçün.
Müharibə – işıqlıların, işıqların söndürüldüyü yerdir.
Müharibə – sevgilərin ürəyinə sancılan süngüdür.
Harada müharibə varsa, oradan nakamlıq boylanır.
Harada müharibə varsa, oradan yetimlik doğulur.
Harada müharibə varsa, orada dünya qan rəngində görünür.
Deyirlər ki, zaman hər şeyin dərmanıdır. Müharibənin əlimizdən aldıqlarını zaman qaytara bilmir. Bütün itkilərin başında doğma yurd durur. Amma zaman onun yerini doldura bilmir. Zaman, olsa-olsa, ağrıları keyləşdirir, unutdurur, yaraları qaysaqladır, amma sağaltmır. Səbirdən yurd yeri düzəltmək olmur.
Dözmək – məğlub olduğunu həzm etməkdir, fədakarlıq deyil, özünə qıymamaqdır.
Vətən itkisinə dözmək məğlubiyyətin davamıdır.
Vətən itkisinə dözmək itkilərin yerini doldurmur, dərdin ömrünü uzadır. Əslində müharibə dözümdən deyil, vətən sevgisindən imtahan verməkdir.
Dəyərlərin qorunub saxlanmasının imtahanıdır.
… Hər gün inəkləri qabağıma qatıb aparırdım otarmağa. İnəklər otladıqca sakitləşir, böyrümü yerə verib dərdimi, yerimin-yurdumun ağrısını çəkməyə macal tapırdım. Gözümün qabağına ev-eşiyimiz, bağ-bağatımız, həyət-bacamız, ata-anamın qəbri, dərs dediyim uşaqlar, müəllim yoldaşlarım, kənddə keçirdiyim firavan günlər gəlirdi. Min bir zəhmətlə yenicə qurduğum, səfasını görmədiyim yuvamız gəlirdi. Nə illah edirdimsə bu ədalətsizliyin səbəbini anlaya bilmirdim. Axşam düşüncə bu sualların heç birinə düz-əməlli cavab tapa bilmir, hərgünkü kimi, inəkləri məskunlaşdığımız köhnə məktəb binasının həyətinə gətirir, tut ağacına bağlayıb, kranın başında üzümə-gözümə doyunca su vurardım.
Hər axşam ayaqlarım sızıldayır, nə zülmlə tapdığım əsgər çəkmələrini ayağımdan güclə çıxarırdım. Körpələrimi nə qədər sevsəm də, onları oxşamağa gücüm qalmırdı. Elə bilirdim ki, bu gərginlik nə vaxtsa qurtaracaq və ondan sonra balalarımı ürəyimdən keçən kimi oxşayacaq, doyunca güldürəcək, ürəklərindən keçənləri edəcəyəm. Bunlar gözümün qabağına gələndə ağrılarımı unudur, yuxuya gedirdim. Sübh tezdən yenə də yataqdan qalxar, döşəmənin ustundə yan-yana yatan körpələrin üstündən keçər, yenə həmin krandan üz-gözümə soyuq su vurar, sonra süfrəyə əyləşər, bığıltısı kəsilməmiş samovarın çayından içər, Allah verəndən yeyər, süfrədən qalxıb istilər düşməmiş inəkləri qatardım qabağıma. Məktəbin həyətindən keçib kəndin arxasındakı yolla düz bir saat ayaq döyər, gedib çıxardım, Alxasava camaatının dediyi kimi, Törəyə – Törə dağına.
Alxasava tipik Şirvan kəndidir. Tən ortasından Böyük Şirvan kanalı keçir. Kəndin arxasında – şimal tərəfdə Törə dağıdır. Bizim tərəflərdə Törəyə dağ deməzdilər, çünki nə elə bir hündürlüyü, nə də dağın ənənəvi yaşıllığından əsər-əlamət vardı. Amma zəhmətkeş Alxasava camaatı ona dağ deyirdisə, deməli, Törə dağdır. Buraların yayı çox isti keçir, nəfəs almaq belə çətinləşirdi. Törənin cənub yamacları qupquru boz qayalardan, kahalardan ibarətdir. Tez-tez gürzə ilanlarına rast gəlmək olurdu. Yayın istisi Törənin sinəsini elə dağlayırdı ki, kənd təndirə dönürdü. Törədə isə ən dözülməz istilərdə belə, mülayim küləklər əsir, adama yüngüllük gətirirdi. Amma dağa çıxana kimi ayaqlarım yorulur, şişir, sızıldayırdı. Damarlarımda dünyanın ağrıları vardı. Elə hey düşünürdüm ki, gedib özümü bir həkimə yoxladacağam. Özüm də bilirdim ki, bu, uzun müddət belə davam edə bilməz. Amma o da vardı ki, bircə gün zavallı heyvanları otarmağa aparmasam, acından qızdırardılar. Heyvanların qızdırmaq təhlükəsi yadıma düşəndə gözümün önünə hər şeydən əvvəl körpələr gəlirdi. Çünki bunun zərbəsi dolayısilə onlara dəyəcəkdi.
Törədən Şirvanın geniş çölləri görünürdü. Bu genişliyi seyr etmək qəribə bir yüngüllük gətirirdi mənə. Törədən baxanda əkin sahələri, kanallar, yollar, qonşu kəndlər belə aydın görünürdü. Bu genişlik, uzaqlıq həm də bir xəyal üfüqləri açırdı. Doğma kənddə keçən həyatım bütün detalları ilə bir-bir gözümün önündən gəlib keçirdi. Törədən açılan panoram özü məcbur edirdi ki, onları xatırlayasan. Xatırladıqca da saysız-hesabsız suallar baş qaldırırdı. Onsuz da bütün suallara cavab tapmaq olmurdu. Belə məqamlarda hər şeydən əl çəkib körpələri göz önünə gətirir, gələcək planlarımı götür-qoy edirdim. Amma müharibə insanın təkcə var-dövlətini, mal-mülkünü əlindən almır, həm də adamı kütləşdirir.
… Bakıdan – həkimdən qayıdanda uşaqların anası məni kədərli qarşıladı. Nigaranlığımı üzümdən oxudu: “Qorxma, salamatlıqdır… çadırımızı oğurlayıblar…” Dərhal ot tayasına baxdım. Çadırın yeri ağappaq qalmışdı. Çadırı tayanın üstünə çəkmişdim ki, yağış, qar vurub otu çürütməsin. Maliyyəti bir şey deyildi, amma bu hadisə mənə çox ağır gəldi – bizi doğma yuvamızdan didərgin salan erməni təcavüzü kimi. Əslində bu da təcavüzdür, amma miqyası kiçikdir. Bu da arxasızlığa təcavüzdür. Bu, girəvəçilikdir. Mən evdə olanda oğurlansaydı, bəlkə də, mənə belə ağır təsir etməzdi. Nə qədər düşündümsə, bir tərəfə yoza bilmədim. Çünki Alxasavada məskunlaşandan bəri yerli camaatdan yaxşılıqdan savayı bir şey görməmişdim.
Kənd camaatının münasibətindən qısa müddətdə anlamışdım ki, yerli əhalinin özünəməxsus dəyərləri var və onu heç vaxt pozmurlar. Düzlüyü, xeyirxahlığı sevir, qayğıkeşlik göstərirdilər. Nöqsan görəndə də, açıb-ağartmaz, üstünü vurmazdılar. Kənd camaatının münasibətindən anlayırdım ki, bu başımıza gələnlər təkcə bizim deyil, elə bütün Azərbaycan xalqının dərdidir. Ona görə də bu hadisədə yerlilərin əlinin olmasını heç ağlıma belə gətirmək istəmirdim. Amma olan olmuşdu. İçimdə bir nigarançılıq, təəssüf hissi baş qaldırmışdı. Bu marığa yatan, girəvədən istifadə edən fəndgir kimdir. Yaxşı deyiblər ki, “malı bir yerə gedənin gümanı yüz yerə gedər”. Bu çadır məsələsi mənim varlığıma hakim kəsilmişdi. Nə vaxtsa mənə dediyi sözə, göstərdiyi münasibətə görə çox adamdan şübhələnirdim, amma heç kimin yaxasından tuta bilmirdim. Çünki şəkləndiyim adamın sir-sifəti gözlərim önünə gəlir, üzündə xeyirxah bir nöqtə tapan kimi ondan şübhələndiyim üçün öz-özümdən utanır, xəcalət çəkirdim…
Eyni düşüncələr hər gün təkrar-təkrar beynimdən keçsə də, bir nəticəyə gələ bilmirdim.
Bütün başqa problemlər yaddan çıxmış, unudulmuşdu. Hər şey əvvəlki kimi davam edirdi, heç nə dəyişməmişdi: sübh tezdən malları döşləyib Törəyə çıxarır, axşam da kəndə geri dönürdüm. Bircə bu oğurluq məsələsi bir az köhnəlmişdi, amma unudulmamışdı. Hər dəfə yada salanda içim göynəyirdi…
Adətən, sübh tezdən Törə yolunda kimsə gözə dəyməzdi. Yolboyu gecə düşmüş şehdən rəngi nisbətən tündləşmiş pudra kimi tozun üstündən sürünüb keçən ilanların ağappaq izləri nəzərə çarpırdı.
Uzaqdan Törə yolunda kəndə yaxınlaşan qaraltı diqqətimi çəkdi. Fikirləşdim ki, səhərin gözü açılmamış kəndə gələn qonaq kim olar, görəsənə Yox, qonaq deyilsə, kənd adamıdırsa, belə erkən haradan qayıdır?..
Qaraltı getdikcə irilirdi, bir-birimizə yaxınlaşırdıq. Üz-üzə gələndə düz qarşımda durub salam verdi, mən də salamını aldım. Çiynində çomağına keçirilmiş ağır torba vardı. Diqqətlə üzünə baxdım, amma tanımadım – bu kəndin adamına oxşamırdı. Məndən bir nəfərin evini soruşdu. Marağım daha da artdı. Öyrəndim ki, Törənin cənub yaxasındakı yataqlarda qoyun becərən ləzgi çobanlardan biridir.
– O mənim qonşumdur. Ləzgi qardaş, belə tezdən xeyirdirmi? – dedim.
Axtardığı adamın mənim qonşum olduğunu biləndə sevinən kimi oldu:
– Xeyirdir. Sənin qonşun sözünə düz adamdır. Neçə vaxtdır ondan bir çadır istəmişdim. Dedim ki, gətirsən, bir cəmdək verəcəm. O da bir həftə bundan əvvəl tapıb gətirdi. Neçə vaxtdır macal tapıb kişinin cəmdəyini verə bilmirəm. Gecədən kəsib asmışam, dedim, sərinəti aparım ki, zay olmasın… – deyə əlilə çiynindəki bağlamaya işarə elədi.
Bir anlığa donub qaldım. Nə deyəcəyimi kəsdirə bilmədim. Hannan-hana qonşumun evini ona isnad verib, yoluma düzəldim. Əvvəlcə, çox məyus olsam da, gün ərzində özüm də anlamadığım qəribə bir hiss keçirdim. Bu, haradasa, yoldan pul tapan uşağın sevincinə bənzəyirdi. Çobanla görüş mənə qəribə bir rahatlıq gətirmişdi.
Axşam evə dönəndə həmişəkindən fərqli olaraq, çox gümrah idim. Elə bil çiynimdən ağır yük götürülmüşdü.
Heyvanları ağaca bağlayıb, kranın başına getdim. Doyunca soyuq sudan üz-gözümə çırpdım, əməlli-başlı sərinlədim. Evə yaxınlaşanda qonşudakı qələbəlik diqqətimi çəkdi. Gülüş səsləri ətrafa yayılmışdı. Zarafatlar, qəhqəhələr bir-birinə qarışmışdı. Ucadan sağlıqlar deyirdilər: “… gün o gün olsun, torpaqlarımıza qayıdaq, belə məclisləri orada quraq…”
Kabab iyi bütün həyəti bürümüşdü…
O gecə ilk dəfə hər şeyi unudaraq körpələri bağrıma basıb dərin yuxuya getdim…