“Mən jurnalistlərimizə ilk növbədə həmin hesabatı alnı açıq, üzü ağ verməyi arzulayıram”.
Zerdab.com saytı Azərbaycan Respublikası Mətbuat Şurasının sədri Əflatun Amaşovun yap.org.az saytına müsahibəsini ixtisarla təqdim edir:
– Azərbaycanda Milli mətbuatın yaranmasının 138 illiyi tamam olur. Azərbaycan mətbuatının bu illər ərzində inkişafını necə dəyərləndirirsiniz?
– 1875-ci ildə dahi mütəfəkkir və ailm Həsən bəy Zərdabinin «Əkinçi» qəzetini yaratması təkcə mətbu ənənələrin təşəkkülü ilə deyil, milli özünüdərkin və şüurun formalaşması mərhələsi kimi də xarakterizə olunur. Ondan sonrakı milli nəşrlər bu təməli daha da möhkəmləndirərək xalqı 1918-ci ildə qazanılan dövlət müstəqilliyi ideyasına daşıyıb, bu yolda etibarlı bələdçi olub. Lakin 1920-ci ilin aprel işğalından sonra Azərbaycanda müstəqil mətbuatın yenidən bərpası üçün 70 illik bir dövr yaşanıb. Bu mərhələni gerilik dövrü kimi xarakterizə etmək də düzgün olmazdı. Mövcüd zaman kəsiyində milli mətbuatımız yeni yaradıcılıq çalarları əldə edib, qazandığı nailiyyətlərlə əsrin əvvəlində oynadığı missiyanı yenidən təkrarlayıb, beləliklə Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinə qovuşmasında müstəsna pay sahibinə çevrilib.
22 iyul tarixi dövlət müstəqilliyimizin xalqımıza bəxş etdiyi misilsiz nemətdir. Bu, yalnız «Əkinçi»yə, onun yaranmasında müstəsna xidmətləri olan Həsən bəy Zərdabiyə verilən yüksək qiymət deyil, eyni zamanda 138 ildə keçilən çətin, məşəqqətli, ancaq çox şərəfli yola, media təmsilçilərimizə istiqamətlənən dəyərdir. Biz özümüzü elə ona görə də xöşbəxt saya bilərik ki, milli mətbuatımızın tarixi «Əkinçi» kimi məramı aydın, dili rəvan, peşəkarlığı nümunə olan bir nəşlə başlayıb. Fəxr edilməli məqam odur ki, hazırda ölkə mediası ilə bağlı gerçəkləşən proseslər 138 ildə keçilən yolun, ənənənin davam etdiyini dolğun faktlarla ortaya quyur.
– Ölkə jurnalistlərinə Milli Mətbuat Günü münasibətilə bayram sözünüzü eşitmək istərdik.
– Media əhli peşə bayramından söhbət düşəndə deyir ki, 22 iyul hər birimizin Həsən bəy Zərdabi ruhu önündəki hesabatıdır. Mən jurnalistlərimizə ilk növbədə həmin hesabatı alnı açıq, üzü ağ verməyi arzulayıram. Bunun üçün isə hamımızın qarşısında duran ən mühüm vəzifə yüksək peşəkarlıq xüsusiyyətlərinə yiyələnmək, əldə edilən bilikləri və təcrübəni bir qədər də dərinləşdirmək və ümumilikdə mətbuatımızın səviyyəsini yüksəltmək, onun vətəndaş cəmiyyəti quruculuğu prosesində aktiv iştirakına nail olmaqdır. Hər bir jurnalist qələm sahibi olmaqla yanaşı vətəndaşdır – anadır, atadır, qardaşdır, bacıdır, ailə sahibidir. Onların hər birinə möhkəm cansağlığı, ailə səadəti, uzun və firavan ömür arzulayıram.
Hesab edirik ki, hər bir Azərbaycan ziyalısının, jurnalistin, qələm sahibinin mənəvi borcudur ki, hər il 22 iyul tarixində Milli mətbuatımızın yaranmasının ildönümünün yüksək səviyyədə qeyd olunduğu vaxtda “Əkinçi” qəzetinin yaradıcısı, Milli mətbuatın əsasını qoyan Həsən bəy Zərdabi irsinə, onun yaradıcılığına müraciət etsin, mətbuat orqanlarında yeni-yeni yazılarla çıxış etsin.
“Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun”, “Maarifdən, elmdən məhrum xalq işıqdan məhrumdur” deyən millət fədaisi Həsən bəy Zərdabinin əzab və əziyyətlər bahasına “Əkinçi”ni nəşr etməkdə əsas məqsədi qəzet vasitəsi ilə xalq arasında elmi, mədəniyyəti yaymaq, inkişaf etdirmək, yerlərdə əhali ilə təmasda olmaq, xalqının hərtərəfli tərəqqisinə nail olmaqdan ibarət idi.
Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik qazanandan, suverenliyini əldə etdikdən sonra xalq Həsən bəy Zərdabinin dahiliyini, böyüklüyünü və xidmətlərini daha dərindən anladı. Azərbaycanın müstəqilliyinin qorunması, respublikamızın inkişafı, xalqın gələcəyi naminə var qüvvəsini sərf edən, dünyanın ən müdrik və uzaqgörən siyasətçilərindən sayılan, son otuz ildə respublikamızın bütün sahələrdə sürətlə tərəqqi etməsində sonsuz dərəcədə böyük xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin 27 mart 2000-ci il tarixli fərmanı ilə “Əkinçi”nin 125 illiyinin və eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2005-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Milli mətbuatının 130 illik yubileyinin, 10 iyun 2010-cu il tarixli sərəncamına əsasən, Azərbaycan Milli mətbuatının 135 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi tarixi bir əhəmiyyət kəsb etməklə yanaşı yalnız ölkəmizin çoxsaylı mətbuat və informasiya orqanları üçün deyil, bütövlükdə Azərbaycan ziyalıları və dünya azərbaycanlıları üçün də böyük bir bayrama, sevincə səbəb olmuşdur.
Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi ”Əkinçi”nin yubileylərinin, ildönümlərinin daima keçiriləcəyinə zəmanət verməklə, ”Əkinçi” qəzetinin naşiri, redaktoru, milli mətbuatımızın banisi olmuş Həsən bəy Zərdabinin əziz xatirəsinin yad edilməsi, onun ruhunun şad olması deməkdir.
İyulun 22-si Azərbaycan Jurnalistikası Günü, milli mətbuatın 138-ci ildönümü bayramı münasibətilə bütün jurnalistləri təbrik edir, onlara möhkəm can sağlığı, bu şərəfli işlərində müvəffəqiyyətlər, iti qələm və obyektiv yazılar arzulayırıq.
Peşə bayramınız mübarək!
Comments are closed.