İsti yay günlərindən biri idi. Sarı kişinin Bakıda yaşayan oğlu İlyasın ölüm xəbəri kəndə yayıldı. İlyas otuz beş yaşlarında cavan oğlandı. Gənc olmasına baxmayaraq, ali təhsil alandan sonra özünü yaxşı tərəfdən göstərmiş, işlədiyi zavodun direktor müavini vəzifəsinə qədər yüksəlmişdi.
İsti yay günlərindən biri idi. Sarı kişinin Bakıda yaşayan oğlu İlyasın ölüm xəbəri kəndə yayıldı. İlyas otuz beş yaşlarında cavan oğlandı. Gənc olmasına baxmayaraq, ali təhsil alandan sonra özünü yaxşı tərəfdən göstərmiş, işlədiyi zavodun direktor müavini vəzifəsinə qədər yüksəlmişdi. Tezliklə daha yuxarı vəzifəyə irəli çəkiləcəyi barədə söhbətlər gedirdi. Tanıyanları arasında xətir-hörməti vardı… Onun qəfil ölümü çox müəmmalı görünürdü. Deyirdilər ki, dənizdə çimərkən burulğana düşüb, boğulub. Dalğıclar İlyasın meyitini bir neçə gündən sonra tapıb çıxardılar. Tanınmaz hala düşmüşdü. Amma söz gəzirdi ki, İlyası öldürüb, sonra dənizə atıblar, heç çimib-eləmirmiş. Axır, hər nə təhər olsa da, bu hadisə camaata çox pis təsir eləmişdi.
İlyasın dəfnində, demək olar ki, bütün kənd əhli iştirak edirdi. Qəbiristanlıqda insan əlindən yer yox idi. Kimi ağlayır, kimi dəfn işinə baxır, kimi də bir kənara çəkilib bu müəmmalı ölümdən xısın-xısın danışırdı. Hər şeydən çox diqqəti cəlb edən Sarı kişinin hərəkəti idi. Kirimək bilmir, başını qəbir daşlarına döyür, fəryad qoparırdı. Tutub saxlayırdılar, bir az toxtayırdı, elə ki buraxırdılar yenə hər şey təkrar olurdu. Kənd camaatının bir adəti vardı. Belə hallarda itki nə qədər ağır olsa da, ata dəyanət göstərib camaatı üzməmək üçün təmkinli davranardı. Amma Sarı kişi heç cür bu itki ilə barışa bilmirdi. Səsi də başqa cür idi. Adam səsinə oxşamırdı, elə bil ulayırdı.
Yanımda dayanmış Vəli qağa ilə göz-gözə gəldik. Ürəyimdən keçənləri oxudu: “Bu, onun səsi deyil”,- dedi… “Bəs kimin səsidi?”
***
…1943-cü il, müharibənin qızğın vaxtı idi. Kənddə beş-on nəfər başıpapaqlı qalmışdı. Əli silah tutanın hamısı cəbhəyə yollanmışdı. Kolxoz işinə qadınlar, yaşlılar, uşaqlar gedirdilər. Kolxozun üç-dörd öküz arabası vardı. Birini Sarı kişiyə vermişdilər, mən də yedəkçi idim. On bir yaşım vardı, Sarı kişi isə cavan oğlan idi. Öküzləri açıb-bağlamaq, yemləmək, suvarmaq, arabaya qoşmaq mənim işim idi. O yay dövlətə taxıl tədarükünü daşıyırdıq. Hər gün işıqlanmamış arabanın yükünü vurub yola çıxırdıq. Tez getməliydik ki, axşama qayıda bilək. Kəndimizdən dəmiryol stansiyasına qədər 20 kilometr olardı. Çöl yolu ilə gedib-gəlirdik. Enişli-yoxuşlu, ilan mələyən düzlər idi. Yoxuşu çıxanda öküzlərin gücü çatmasa, kömək edər, arabanın arxasından basardım. Enişdə də yükün ağırlığından araba yellənirdi deyə, tez öküzlərin qabağına keçər, yedəyindən tutub, gücnən də olsa saxlayardım. Axşam qayıdanda bir az rahat olurdu. Amma əvəzində bir tərəfdən qaranlıq, bir tərəfdən də tülkü-çaqqalın vaqqıltısı, canavarın ulaması məni qorxudurdu. Tədarük məntəqəsində yükü təhvil verəndə ləngidiyimizdən kəndə çatanda gecəyarısı olurdu. Öküzləri yerbəyer edəndən sonra özümü yatağa gücnən salırdım. İki-üç saat yatıb, dan yeri qızarmamış yenidən yorğun-arğın qalxır, sızıldaya-sızıldaya kolxoz tövləsindən öküzləri çıxarıb arabaya qoşur, anbarın yanına gəlirdim. Nə qədər əzablı, əziyyətli olsa da, bu işdən bezmirdim. Çünki əməkgünü qazanır, ailəmizin yükünə çiyin verirdim. Bütün kənd camaatının ac-yalavac olduğu, otnan, pencərnən dolandığı bir vaxtda evimizə çörək gətirdiyimə görə, gizli də olsa, qürrələnir, öyünürdüm.
***
Bir dəfə işimiz çox avand oldu. Hələ günün batmasına xeyli varkən qurtarıb geri dönürdük. Rayonlararası qəbul məntəqəsi stansiyada olduğundan buraya dəmir yoluna yaxın bütün rayonlardan adamlar gələrdi. Stansiyanın lap girəcəyində bazar var idi. Düzdür, buna bazar demək olmazdı, amma kimin nəyi vardısa burada yolun qırağına qoyub satır, ya da nəyəsə dəyişirdi. Sarı kişinin istəyi ilə öküzlərin boynundan vurub bazara döndərdim. Öküzlər yorulmuşdular deyə heç yerə tərpənmirdilər. Sarı kişi arabadan düşüb, bir xeyli bazarda gəzinəndən sonra qarşısında bir vedrə şaftalı olan qadına yaxınlaşdı. Qadının yanında beş-altı yaşlarında nimdaş çit don geyinmiş arıq bir qız uşağı da vardı. Qadın elə büzüşmüşdü ki, vedrədən seçilmirdi. Hiss olunurdu ki, dərd içindədir. O günlərin də ki aclıqdan böyük dərdi yox idi. Sarı kişi qadınla xeyli söhbət elədi. Nə danışdılar bilmədim. Amma aralı da olsa, görürdüm ki, qadın tərəddüd içindədir. Artıq hava qaralırdı. Handan-hana qadın şaftalı vedrəsini götürdü, uşağın da əlindən tutub arabaya tərəf gəldi. Onun qırx-qırx beş yaşları olardı. Tez arabaya atılaraq, uşağın əlindən tutub, yuxarıya qaldırdım. Sonra qadın da arabaya mindi. Öküzlərin üzünü çevirdim. Sarı kişi də arabaya oturandan sonra yola düzəldik. Yol boyu Sarı kişi qadını sorğu-suala tuturdu. Söhbətdən aydın olurdu ki, qadın Ordubad tərəfdəndir və bu şaftalını da buğdaya, una, ya da çörəyə dəyişmək üçün gətirib. Səhər qatarla gəlib, şaftalını satsaydı, axşam qatarı ilə geri dönəcəkdi. Amma bütün günü şaftalıya müştəri çıxan olmamışdı. Evdə yol gözləyəni vardı. Acdılar. Bu şaftalıdan başqa heç nəyə gümanları gəlmirdi. Sarı kişi dönə-dönə qadını arxayın eləyirdi ki, heç narahat olma, hər şey yaxşı olacaq. “Sizi aparacam evimizə, şaftalını dəyişəcəm buğdaya, sizə hələ pay da verəcəm. Sabah da gətirib poyuza mindirib yola salacam”. Qadın elə sevinirdi, elə alqış eləyir, dönə-dönə Sarı kişiyə elə yalvarırdı ki… “Elə bil ölmüşük, yerdən götürürsən, qardaş…”
Stansiyadan xeyli aralanandan sonra haramı başlayırdı. Yollar dəvə belinə bənzəyirdi. Ətrafdan həmişəki kimi yenə də heyvan səsləri gəlirdi. Uşaq qorxudan anasına qısılmışdı.
Yoxuşlardan birinə yetişəndə Sarı kişi qadına dedi ki, siz düşün, öküzlər yornuqdu, çəkə bilmir, enişdə yenə minərsiniz. Qadınla uşaq qorxa-qorxa düşdülər. Yoxuşu aşan kimi Sarı kişi öküzləri qovmağa başladı. Əvvəlcə, heç nə başa düşmədim. Bir an sonra anladım ki, o, qadını uşaqla burada qoyub getmək istəyir. Canım ürpəşdi. Tüklərim biz-biz oldu. Bir vedrə şaftalıdan ötrü bu qədər amansızlıq etmək olar? Amma Allahın rəhmi gəldi, enişin ortasında öküzlərdən biri boyunduruqdan çıxdı. Boyunduruğun bir tərəfi yerə düşdü, süründü, ikinci öküz boyunduruğu əyib yoldan çıxdı, durdu. Tez yerə atıldım. Samını axtarıb tapdım, amma götürmədim ki, vaxt keçsin. Sarı kişi üstümə qışqırdı: “Korsan, tez ol?”-dedi. Amma qadınla uşaq özlərini yetirdilər. Çiynimdən elə bil ağır yük götürdülər. Sevindim. Samını yerdən götürdüm, boyunduruğu öküzün boynuna keçirib samını yerinə saldım. Qadınla uşaq arabaya minəndən sonra tərpəndik. Ancaq bu hal çox sürmədi. Növbəti yoxuşa çatanda Sarı kişi onları yenə də arabadan yerə saldı. Qadın nə qədər yalvarsa da, Sarı kişi məhəl qoymadı. Dikə çıxandan sonra isə öküzləri var gücü ilə qovmağa başladı. Allaha yalvarırdım ki, nəsə bir hadisə baş versin, ya təkər qırılsın, ya boyunduruq açılsın, axır nə olur-olsun, təki araba dayansın. Amma bunların heç biri baş vermədi. Getdikcə uzaqlaşırdıq. Arxadan, o zülmət, kimsəsiz gecədən qadının tükürpərdici fəryad səsi gəlirdi: “Ay qardaş, səni and verirəm o bir olan Allaha, bizi burda qoyma, uşağa rəhmin gəlsin”… Sarı kişinin gözünə heç nə görünmürdü. Öküzləri amansızcasına qovmaqda davam edirdi. Ürək parçalayan o səs isə uzaqlaşdıqca daha yanıqlı, daha əlacsız gəlirdi…
O gecəni səhərə kimi yata bilmədim. Sübh tezdən hava işıqlanmamış öküzləri qoşub hazır dayanmışdım. Nigarançılıqdan səbrim tükənmişdi. Tez yola çıxmaq, keçən gecəki dərəyə tez çatmaq, yan-yörəyə baxmaq istəyirdim. Görəsən başlarına bir iş gəlmədi ki, salamatdılarmı? Üstlərinə canavar-çaqqal düşmədi ki? Suallar məni dinc buraxmırdı.
Arabanı yüklədik, amma Sarı kişi gəlib çıxmadı. Dedilər ki, bərk xəstələnib. Onun yerinə başqa adam gəldi. Yola düzəldik. Hadisə yerinə çatanadək ürəyim ağzıma gəlirdi. Səbrim tükənmişdi. Qorxurdum ki, dəhşətli bir səhnənin şahidi olacağam. Xoşbəxtlikdən yol boyu şəkli heç nə görmədim. Gün ərzində stansiyada da hara getdiksə, gözüm onları aradı. Onlar o gecənin qaranlığı kimi əriyib itmişdilər…
***
Bu hadisədən düz qırx il keçir, amma o səsi hələ də unuda bilmirəm. O səs kimsəsiz dərədən, zülmət gecədən deyil, elə bil çox uzaq və qaranlıq bir dünyadan gəlirdi. O, ipi kəsilib dərin quyuya salınmış bir insanın naləsi idi. Sahibi dururmu, ölübmü – bilmirəm, amma o səs hələ də sağdır. Hara getsəm o, mənimlə gedir, məni mühakimə edir. Elə bil o səs qırx ildir yollarda imiş, Sarı kişinin arxasınca düşüb, axtarıb-axtarıb yalnız bu gün tapıb onu. O qadının bu dünyada qisasını alacaq o səsdən savayı bir kimsəsi yox idi. Elə bil o qadın o gecənin qaranlığında səsə dönmüşdü ki, qurda-quşa yem olmasın. İndi Sarı kişinin bütün varlığından keçən, onu dəli eləyən, sarsıdan elə o səsin özüdür. Sari kişinin başını daşa çırpan, uladan da o səsdir…
Mənbə: ZAMAN
m.logman@zaman.az