Allahın rəhməti bizim günahlarımızdan böyükdür…

0
62

dunya“(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (Tövbə edib) Rəbbinizə dönün. Əzab siza gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz” (Zumər, 39/53-54). 

Rəsulullah (s.ə.s.) bu ayət haqqında buyurub: “Bu ayəti dünyaya və dünyadakı bütün şeylərə dəyişmərəm”. bu ayət Qurandakı ən ümidverici ayət hesab edilir. Ancaq bu ayətin ümidvericiliyinə güvənərək, insan nəfsinə arxayın olmamalıdır. Yəni “onsuz da Allah bağışlayacaq” deyib günahlara davam etmək olmaz. Çünki nəfis bəzən insanı Allahın rəhməti ilə arxayınlaşdırır. Loğman surəsində buyurulub: “Ey insanlar! rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqdır. (Qiyamət günü mütləq gələcəkdir). Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib (Allah öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) tovlamasın!” (31/33).

Demək ki, günahkar insanın yeganə işi tövbə edib Allaha yalvarmaqdır, Allahdan ümidi kəsməməkdir. İnsan mələk deyil, o, günah işləyən bir varlıqdır. Günah işləmək insanın mahiyyətində var. Ona görə də Allah tövbə qapısının daim açıq olduğunu buyurub. Yetər ki, insan ölüm yatağına düşənəcən bu qapını səmimi şəkildə döysün, tövbə etsin.

Günahlardan uzaq durmağın yollarından biri ibadət etməkdir. İbadət edən insanların günahı digərlərindən daha az olur. Çünki ibadət insanı günahlardan uzaqlaşdırır. Ancaq bu o demək deyil ki, ibadət edənlərin günahı olmur. Sadəcə olaraq ibadət edən insan hər gün Allahla münasibətdə olduğu üçün Allahdan daha çox utanır, Onun qadağan etdiyi əməllərdən uzaqlaşır.

Dini kitablar oxumaq, mənəviyyatla məşğul olmaq da insanı günahlardan uzaqlaşdırır. İslam haqqında bilgilər dərinləşdikcə insanın bu dinə bağlılığı da artır. Məsələn, islam haqqında məlumatı olan insan bilir ki, bu dünyada qadağan edilən şeylərin müqabilində axirətdə daha gözəl şeylər vəd olunur. Belə mükafatları xatırlayaraq, günahlara qarşı səbirli olmaq mümkündür.

Günahlardan qorunmağın başqa yolu əməlisaleh insanlarla dostluq etməkdir. Onlarla birgə vaxt keçirdikdə təsirlənmə də olur. Heç olmasa, onlarla birgə olduqda, bəlkə utandığı üçün insan günahlardan uzaq duracaq.

Unudulmaması gərəkən ən önəmli məsələ isə budur: Allahın rəhməti bizim günahlarımızdan böyükdür.