-Ey möminlər! Əgər doğrudan da iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (onu borclulardan almayın!) -Əgər belə etməsəniz, o zaman Allaha və Onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar (Bəqərə surəsi 277-279).
Sələmçilik, faizlə pul vermək günahdır, haramdır, insanlığa zidd olan əməldir, ən başlıcası isə Allah-Təalanın sevmədiyi işdir… Hökm Allahındır, Allah-Təala bu işi haram buyurub.
Sələmçilik kəmfürsətlikdir, yardım etmək yerinə xəyanət etməkdir, yıxılmışı tapdalamaqdır, məsum körpələrin haqqını yeməkdir, vəhşilikdir…
Təsəvvür edin ki, qəfil birinin övladı xəstələnir, ya nəsə başına ağır bir iş gəlir. Təcili pul tapmaq üçün ora-bura çırpınır və məcbur olub sələmçinin üstünə gəlir. Sələmçi də faizini üstünə qoyur, aybaay alacağını irəlicədən deyir və pul verir. Pul alan adam ola bilsin ki, həmin təcili problemini qaydasına qoya bildi, amma günbəgün, aybaay batmağa başlayır. Bəzən ilk baxışda o qədər də böyük görünməyən faiz göstəriciləri nəticədə ailələri evsiz-eşiksiz qoyur.
Allah-Təala biz bəndələrinə buyurur ki, ehtiyac sahibinə yardım edək, borc verək. Qurani-Kərimin Bəqərə surəsində ehtiyac sahibinə borc vermək təşviq edilir, deyilir ki, borc verərkən də yanınızda şahid olsun, borcun verilməsi və alınması dillə söylənsin, katib də onu yazsın, sonra da şahidlər sənədi imzalasınlar.
Göründüyü kimi, Allah-Təala yaxşılıq etməyi tövsiyə edib, amma hər addımda da müsəlmanlara tədbiri unutmamağı buyurur. Dinimizə görə, ehtiyacı olan qonşuya borc vermək qonşunun borcudur. Əgər qonşu yaxşı qonşu olsa, kimsə gedib sələmə, faizə girməz.
Qurani-Kərim sələm məsələsindən bəhs edərkən o qədər şiddətli ifadələr işlədir ki, düşünəndə adam özünə yer tapa bilmir. Görün Allah-Təala bu haqda nələr buyurur:
-“Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirdən şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.
-Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafirləri, günahkarları sevməz.
-İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
-Ey möminlər! Əgər doğrudan da iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (onu borclulardan almayın!)
-Əgər belə etməsəniz, o zaman Allaha və Onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar (Bəqərə surəsi 277-279).
Göründüyü kimi, Allah-Təala sələmçiliklə məşğul olmağı Ona və Rəsuluna qarşı müharibəyə girişmək kimi dəyərləndirir. Təsəvvür edirsinizmi, sələmçilik Allaha qarşı düşmənçilikdir, həm də bu gerçəyi xəbər verən Allah-Təalanın Özüdür. İndi kim nə düşünür, kim nə edir, özü bilsin. Bilsin ki, sonra “bilmədim” deməsin.
Allah-Təalanın rizasını düşünərək, borc vermək və verdiyinin də əslini geri istəmək İslamın buyruğudur, yəni müsəlman əldən tutmalıdır, sədəqə şəklində, borc şəklində, hədiyyə şəklində… Yaxşılıq etmək istəyən bunun üçün mütləq bir yol, münasib bir üsul tapacaq.
Uca dinimiz bizə zəkatı əmr edir. Zəkat varlının malında kasıbın haqqıdır. Bir ehtiyac sahibi başqa bir müsəlman qardaşının verdiyi zəkatla öz dərdlərinə əlac eləmək haqqına sahibdir. Alimlər zəkat verməyi üzüm tənəyini budamağa bənzədirlər: Sən zahirən o kolu, görüntünü kəsib azaldırsan, həqiqətdə isə o tənək bərəkət tapır. Bərəkət zahirən görünən böyüklükdə, çoxluqda, basırıqda deyil, bərəkət Allah-Təalanın bildiyi və verdiyi bir nemətdir.
Quran məntiqi ilə söyləyəcək olsaq, sədəqə vermək, qarşılığını Allahdan diləyərək müsəlman qardaşının ehtiyaclarını ödəmək: “Allahım, mən Səninlə dost olmaq istəyirəm, Sənin verdiyin mal-dövlətdən, sərvətdən Sənin rizanı düşünərək bu müsəlman qardaşıma yardım elədim, ondan təmənnam yoxdur, təmənnam Səndəndir, məni dostlarının cərgəsinə yaz. Məni şeytanın şərindən qoru, onun yoluna düşənlərdən eləmə” məzmunda bir ərizə ilə müraciət etməkdir. Ehtiyac sahibini sələmlə boğmaq isə: “Mənim nə Allaha, nə də Onun Rəsuluna ehtiyacım var, onlardan qorxmuram, çəkinmirəm (min dəfə əstəğfürullah)- söyləməkdir”.
Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) məşhur xütbələrində də sələm mövzusuna toxunaraq bu cür günah əməllərin cəmiyyəti pozduğunu, onu fəlakətə sürüklədiyini vurğulayıb.
Əgər bir cəmiyyətdə sələmçilik ayaq açıb yeriyirsə, demək orda insanlıq təhlükə altındadır. Sələmçiliyin yayıldığı yer insanlığın qətl olunduğu yerdir.
Allah-Təala insanı yaradanda onun üçün fitrət qanunları qoyub. Quşlar üçün göy üzü, balıqlar üçün dəryalar nədirsə, insanlar üçün xeyirxahlıq etmək, əldən tutmaq, Allahı tanımaq o deməkdir. İnsanın insan ola bilməsi xeyirxahlıqla, başqalarının halını düşünməklə, başqalarına xeyirli ola bilmək duyğusu ilə bağlıdır. Sədəqə, zəkat, həm də insanı tərbiyə edir, onu daha da gözəlləşdirir, xeyirxahlığa sövq edir. Yardım edərkən, əldən tutarkən yaşanan ruhani duyğu, insanın içini liməlim dolduran xoş hisslər əslində ucalıqdır, Allah-Təala yaxınlaşmaqdır, kamilləşmə yolunda irəliləməkdir.
Sələmçilik, faizçilik insanı vampir halına gətirir, vəhşiləşdirir. Nəfs doyumsuzdur, sorduqca sorur, şişdikcə şişir, ayılanda isə zaman keçmiş olur. Hələ bu zamana qədər hansısa sələmçinin xeyirxah adam olduğunu, kasıb-kusuba əl tutduğunu görən olmayıb. Sələmçi bir çox hallarda ya verdiyini qol zoruna, silah gücünə geri alır, ya da kiminsə əli ilə qətlə yetirilir.
Bəzən bir neçə adam toplaşıb dükan açmaq, ticarət işi qurmaq, nəsə bir iş görüb pul qazanmaq istəyirlər. Bir başqası da kənardan maliyyə dəstəyi verir və onlara şərik olur. Bəziləri elə düşünürlər ki, ortaq olmaq da sələmçilikdir, belə deyil. Sələmçilikdə bir məsələ var ki, sələm verən heç bir şeyi nəzərə almadan ancaq xeyirini güdür, faizini də, mayasını da geri istəyir, qarşı tərəfi öldü, batdı, daha bunlar onun üçün əhəmiyyətli deyil; ortaqlıqda isə hər şeyə şərik olmaq məsələsi var, yəni qazansalar da ortaqdırlar, batırsalar da. Ona görə də ortaqlıq məsələsi sələmçilik kateqoriyasına aid olunmur.
Faiz, sələm üzərində qurulan iqtisadiyyat istehsaldan yox, puldan pul qazanmaq məqsədinə xidmət edir. Faizçilik insan fitrətinə ziddir, insanı çalışmaqdan, halal zəhmətdən və qazancdan, ibadətdən, itaətdən çəkindirir.
Sələmlə ailə saxlamaq, övlad böyütmək çörəyini başqalarının qanına batıraraq yeməkdir. Əgər Allah-Təala: “Sələmçiliklə məşğul olan Allaha və Onun Peyğəmbərinə qarşı müharibəyə girişdiyini bilsin” -buyurursa, elə bilirik ki, daha söhbəti uzatmağa ehtiyac yoxdur.
Fəlakət sellər, daşqınlar, uçqunlar deyil, fəlakət insanın yolunu azması, Allahın əmrindən çıxıb şeyatanın əmri altına girməsidir. Allahın yolunda olan üçün dünya da dağılsa, baş verənlər fəlakət deyil, adi bir sınaqdır, imtahandır, vəssalam.