Öz məmləkətində çətinlik çəkən gənc yaxşı dolanışıq üçün uzaq bir diyara üz tutur. Dürüst, ədalətli və xeyirxah gənc bu səfər zamanı çox qəribə mənzərələrin şahidi olur. Amma gördüklərindən bir şey anlamır.
Gördüyü ilk qəribə mənzərə belə idi: bir neçə adam tarlaya buğda səpirdilər. Buğda dənləri torpağa düşən kimi boy verib bitir, məhsul gətirir, əkinçilər də zəmini yandırırdılar.
İkinci qəribə mənzərə belə idi: bir adam böyük bir daşı qaldırmağa çalışır, amma bacarmırdı. O böyük daşın üstünə bir başqasını da qoyandan sonra qaldıra bilirdi. Üçüncü daşı qoyanda daha asan qaldırırdı. Gənc nə qədər baxsa da, bu gördüklərindən də bir şey anlaya bilməmişdi.
Üçüncü qəribə mənzərə: bir adam bir qoyunun belinə minmişdi, bir neçə adam da o kişinin çiyninə dırmaşmışdı. Qoyun sürətlə qaçırdı, bir neçə adam da yetişmək üçün onların dalınca nə qədər yüyürsələr də, çata bilmirdilər.
Yol boyunca gənc bu gördüklərini götür-qoy elədi, amma bir məna anlaya bilmədi. Nəhayət, gəlib bir şəhərə yetişdi. Giriş qapısının yanında nurani bir qoca oturmuşdu. Gənc salam verdi, qoca da onu saxlayıb haradan gəldiyini soruşdu. Oğlan yolboyu gördüyü hər şeyi ona söylədi. Qoca onun gördüklərini belə izah elədi:
– İlk gördüyün o əkinçilər buğda tarlası və o zəmini yandıran adamlar bilirsənmi kimlərdir? – Əvvəlcə yaxşılıq edən, sonra da elədiyi yaxşılığı orda-burda danışıb dəyərini heçə endirənlər.
– Daş qaldıran adam ilə sənə başqa bir mesaj verilib. O mənzərənin mənası budur ki, ilk dəfə günah işləmək insan üçün çox ağırdır. Amma insan günahı işləyəndən sonra tövbə edib ondan çəkinmədikdə növbəti günahlar onun üçün çox yüngül gəlir. Tövbəsi olmayan bir günah başqa bir günah üçün açılmış qapıdır.
– Qoyun və onun belindəki adamlara gəlincə unutma ki, qoyun cənnət heyvanıdır, belinə minənləri də cənnətə daşımaqdadır. Qoyuna ilk dəfə minən alimlərdir. Alimlərin çiynindən sallaşanlar isə hər təbəqədən olan möminlərdir. Onların dalınca qaçanlar isə inancsızlar, dinsizlərdir.