Dəli Quşçu kəndindəki “Ağtəpə” məzarlığı ilə bağlı – AÇIQLAMA

3
94

Ağtətə-Dəli QuşçuHörmətli Nicat müəllim! “Zərdab rayonunun Dəli Quşçu kəndində kütləvi məzarlıq varmı?” başlığı altında Zerdab.com saytında yayımlanan yazını diqqətlə oxudum. Əlbəttə, belə bir mövzu ilə bağlı yazının sayt vasitəsi ilə də işıqlandırılması, respublika ictimaiyyətinin, alim və mütəxəssislərin diqqətinə çatdırılması, “Ağtəpə” məzarlığı ilə əlaqədar qazıntı-tədqiqat işlərinin aparılmasına zərurət olmasını gündəmə gətirmək təqdirəlayiq haldır.

Onu da diqqətə çatdırmaq istəyirəm ki, bu mövzu ilə bağlı Sizinlə, eyni zamanda ədəbi, bədii yazıları ilə tanınan jurnalist, çox böyük hörmət bəslədiyim həmkarım, “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədovla çox geniş və maraqlı söhbətlərimiz olmuşdur.

2008-ci ildə çapdan çıxmış “Lələ Əhməd və lələhmədlilər” (Bakı, “Azərnəşr”, 2008, 400 s.) adlı monoqrafiyamı həm Sizə, həm də İsaməddin müəllimə vermişəm. Eyni zamanda bildirirəm ki, bu kitab elmi-tədqiqat İnstitutlarına, ali təhsil ocaqlarına, kitabxanalara verilmiş, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının elektron informasiya sisteminə daxil edilmişdir.
Hesab edirəm ki, həmin kitabda “Ağtəpə” məzarlığı ilə əlaqədar yazdıqlarımı da hər iki ziyalımız oxumamış deyil.
“Lələ Əhməd və lələhmədlilər” adlı kitabın I fəslində “Lələhmədlilərin tarixinə bir nəzər” başlıqlı yazıda (səh. 92-93) “Ağtəpə” ilə bağlı verdiyim yazının mətnini olduğu kimi diqqətinizə çatdırmaq istəyirəm:
“Lələ Əhmədin istifadə etdiyi indiki Dəli Quşçu kəndinin şimal-qərb hissəsində yerləşən Bəyimli qəsəbəsi və Qoşaoba kəndinin torpaqları ilə qonşuluqda olan kənd vaxtı ilə əhali üçün strateji-hərbi əhəmiyyət kəsb edən nöqtələr olmuşdur. Hazırda da yerli əhali həmin tarixi yerlərin tutduğu sahələrin ölçüsünü, yerini dəqiq bilir. Bu gün də o yerlər əhalinin dilində “qoşun gizlənən”, “qırx manatlıq”, “əl-üz yuyan”, “Ağtəpə”, “Atvurulan” və s. adlanır (xəritə 12).
Bu ərazilər kolxozlaşma dövründən başlayaraq, aparılan meliorasiya-hamarlama işləri nəticəsində tədricən əkin yerlərinə, biçənək sahələrinə çevrilmişdir. Qeyd edək ki, ərazidə yerləşən və üzərində ağ daş qoyulmuş hündür təpənin (“Ağtəpə” adlı yer) ətrafında vaxtı ilə şum, əkin-biçin işləri aparılan zaman müxtəlif əşyalara silah-sursata, insan sümüklərinə rast gəlinirdi. İndi həmin təpələr (biri böyük və biri nisbətən kiçik olan) yerli əhali tərəfindən tarixi abidə kimi qorunur.
Yaşlı, yerli ağsaqqalların dediyinə görə bu tarixi yerlərdə bir vaxtlar qaçaqlar gizlənmiş, eyni zamanda “Şahyolu”nun üstündə yerləşən, qədim lələhmədli tayfasının istifadəsində olan həmin ərazidəki bu strateji nöqtədə qanlı toqquşma baş vermiş, kütləvi qırğın olmuşdur. (tarixi dəqiq məlum deyildir). Torpaq qalaqları ilə düzəldilən və “Ağtəpə” adlanan bu təpələr də kütləvi şəkildə qırğınla bağlı, insan tələfatı ilə əlaqədar yaradılmış tarixi abidədir.
Çox böyük təəssüf hissi ilə qeyd etməliyik ki, lələhmədlilər kənd ərazilərindəki həmin tarixi abidəni qoruyub saxlasalar da AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və digər aidiyyəti təşkilatlar bu günə kimi “Ağtəpə” adlanan bu tarixi abidənin keçmişindən və bu günündən xəbərsizdirlər. Burada dərin tədqiqat işlərinin aparılmasına ehtiyac vardır (xəritə 12).
Bununla yanaşı Lələ Əhmədli kəndinin ərazisində “Qırx manatlıq”, “Əl-üz yuyan”, “Qoşun gizlənən”, “Dəvə ölən”, “Rus qaçan”, “Siyənək”, “Ələsgər əkən”, “Əhməd əkən”, “Axmaz” və sair yer adları ilə bağlı mövcud olmuş çox hadisələrin, tarixi proseslərin şərhindən söhbət açmaq, tədqiqat işləri aparmaq olar.”
İsaməddin müəllim “Günahsız insanlara burada yetişərək qətlə yetiriblər” başlıqlı yazısında bildirir: “Dəli Quşçu kəndinin 82 yaşlı sakini Ağahüseyn Ağayevin nənəsindən eşitdiyi maraqlı xatirələri var: “Ağahüseyn Ağayevin nənəsi danışarmış ki, bu təpədə Şamaxı və Kürdəmir tərəflərdən üzü bəri qaçaraq ermənilərdən canını qurtarmağa cəhd edən arvad-uşaq dəfn olunub. Nənəsinin danışdığına görə, türklər gələnə qədər erməni quldurları Şamaxı və Kürdəmirdə baş verən qırğınlardan canını qurtarmağa çalışan və bu məqsədlə həmin əraziyə üz tutan günahsız insanlara burada yetişiblər və hamısını vəhşiliklə qətlə yetiriblər”. Dəli Quşçu kəndinin digər sakini, hazırda Zərdab şəhərində yaşayan Məşədi Sabirin də nənəsindən eşitdiyi fikirlər çox maraqlıdır: “Nənəmiz həmişə bizə deyərdi ki, ora erməni-türk təpəsidir, o təpəyə yaxın getməyin”.
Nəzərə almaq lazımdır ki, Dəli Quşçu kəndinin ərazisində yerləşən “Ağtəpə” adlanan yerdə Şamaxı və Kürdəmir tərəflərdən üzü bəri qaçaraq ermənilərdən canını qurtarmağa cəhd edən arvad-uşaq dəfn olunubsa, qeyd olunduğu kimi bu hadisə 1918-ci ilə təsadüf edir.
Deməli, bu hadisədən 2 il sonra nənəsindən eşitdiklərini İsaməddin müəllimə şərh edən Ağahüseyn Ağayev dünyaya gəlib. Əgər həmin tarixdə sözügedən hadisə baş vermişdirsə o zaman Ağahüseyn müəllimin (qeyd edim ki, digər şərhçi Zərdab şəhərində yaşayan Məşədi Sabirin özü də Ağahüseyn müəllimin qardaşıdır) atası mərhum Hüseynxan baba təxminən 25-30 yaşında olub. Belə olan halda Ağahüseyn müəllimin nənəsindən eşitdikləri bir yana, atası Hüseynxan kişi 25-30 yaşlarında, baş vermiş hadisənin canlı şahidlərindən biri olub.
Deyim ki, mən özüm hələ 50 il bundan öncə Dəli Quşçu kənd orta məktəbində oxuyarkən nəinki Hüseynxan babanın, eləcə də ondan yaşca çox böyük olan, yəni 1865-1890-cı il təvəllüdlü babalarımızın, nənələrimizin söhbətlərini, xatirələrini dinləmiş, onların tarixi söhbətlərinə qulaq asmışam. Onlardan Lələhmədli elinin, obasının bir-biri ilə yaxın qohum olan insanları, ata babam Həsənqulu kişinin, ana babam Məhəmmədəli dədənin, Hümmət, Səməd, Sufan, Usub, Seyfi, Məhəmməd, Həzrətqulu kimi yaşlı, dünyagörmüş babalarımızın, Ceyran, Zübeydə, Leyli, Qızxanım, Zərqələm kimi onlarca ağbirçək nənələrimizin adlarını çəkə bilərəm ki, indi onlar haqq dərgahına qovuşmuşlar.
Yaş, tarix baxımından bu insanlar nəinki 1918-ci il qırğınının, eləcə də 1905-1907-ci il hadisələrinin canlı şahidləri olmuşlar.
Əgər Dəli Quşçu kəndi ərazisində “Ağtəpə” məzarlığını erməni-müsəlman savaşı ilə əlaqələndirmiş olsaq keçmiş Lələ Əhmədli (indiki Dəli Quşçu kəndi) kəndinin son zamanlaradək həyatda olan, yuxarıda adlarını çəkdiyim baba və nənələrimizin özləri baş vermiş hadisələrin canlı şahidləri olardılar və bu haqda onlardan nəyisə eşitmiş olardıq. Həmin qırğında yerli sakin olaraq hansısa bir lələhmədli övladının itkisi olardı, həmin məzarlıqda dəfn olunardı və bunun səsi-sədası bu gün hər bir lələhmədli övladının yaddaşında silinməz bir tarixə çevrilmiş olardı. Həmin şərh olunan hadisənin mövcudluğu yaş, tarix baxımından düzgün deyildir. “Ağtəpə” məzarlığının tarixi çox qədimdir.
Bu baxımdan, saytda verilən “Məzarlığın olmasını ilkin ehtimalla söyləmək mümkündür” başlıqlı yazıda, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Taleh Əliyevin Zərdabın Dəli Quşçu kəndinin ərazisində həmin soyqırımın qurbanlarının kütləvi şəkildə öldürüldüyü məzarlığın olması ehtimalını söyləməsi, buna rəy bildirməsi də tarixin reallığından xəbər verə bilməz.
Təbii ki, qeyd olunanlar uzaq tarix deyildir. Əgər “Ağtəpə”nin yaranması qeyd olunan yaxın tarixi hadisə olmuş olsaydı 500 illik tarixi hadisələrdən bəhs edən “Lələ Əhməd və lələhmədlilər” adlı kitabda həmin hadısəni mən də qələmə alardım.
Odur ki, “Ağtəpə” ilə bağlı bilgilərimi 2008-ci ildə çap olunan kitabımda yuxarıda qeyd etdiyim kimi qələmə almış, həmin kitabda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və digər aidiyyəti təşkilatların bu günə kimi “Ağtəpə” adlanan bu tarixi abidənin keçmişindən və bu günündən xəbərsiz olduqlarını qeyd etməklə, orada dərin tədqiqat işlərinin aparılmasına ehtiyac olduğunu diqqətə çatdırmışam.
Güman edirik ki, yaxın vaxtlarda aidiyyəti təşkilatlar “Ağtəpə” məzarlığı ilə bağlı müvafiq tədbirlər sistemini həyata keçirməklə, mövcud olmuş tarixi reallıqları ortaya qoyacaqlar.
Ən əsası odur ki, bu gün etnoqrafiyamızın, arxeologiyamızın zənginləşməsi yolunda ziyalılarımız, alim və mütəxəssislərimiz öz yazıları ilə həyəcan təbili çalmaqla təşəbbüs göstərməkdədirlər, bu isə yalnız alqışlanmalıdır!

Eldəniz Həsənov,

Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının

ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

3 ŞƏRH

  1. Cox hormetli ekologiya uzre professor Eldeniz Hesenov! Yazdiqlarini diqqetle oxudum ve bu qeydlerinize gore size teshekkur edirem.
    Amma size bir neche soz demeyi de ozume borc bildim.
    Deyirsiniz ki, Aqahuseyn muellim 1918-ci il qirqinindan 2 il sonra doqulubsa o hadisenin shahidlerinden biri de onun atasi olub…
    Bilmek isteyirem,hemin 1918-ci il qirqinlari bash verende Semed Vurqunun 12 yashi vardi ve dahi shairimiz ozu ermeni vehshiliklerinin 12 yashli canli shahidi olmali idi. Bes ele ise niye gore Xalq shairimiz S. Vurqun o qetliamdan cemi 17 il sonra cellad Stepan Shaumyani medh eden ve biz nesile orta mekteblerde zorla ezberledilen 26-LAR poemasini yazdi? Hemin poemada Shaumyana muracietle BIZ SIZDEN OYRENDIK QEHREMANLIQI, yazdi…
    Eldeniz bey! Size ve yazdiqlariniza chox boyuk reqbetim ve derin hormetim var, bunu ozunuz de bilirsiniz. Amma qardashim, xetrine deymesin, menim de, senin de yazdiqlarimiz aksioma, resept ve ya estafirillah, Quran ayesi deyil axi! Her birimiz sehv ede bilerik. Ele burada maraqli 1 fakti da deyim qoy.
    Siz 2006-ci ilde nefis shekilde ve chox yuksek texniki ve bedii tertibatla chapdan chixan HESEN BEY ZERDABI AZERBAYCANDA YERQURULUSHU ELMININ VE TORPAQ ISLAHATININ BANISIDIR kitabinizin 25-ci sehifesinde yazirsiniz ki, HESEN BEY ZERDABI SUNNI DEYIL…
    Amma Zerdabinin qizi Peri xanimin eri Elimerdan bey Topchubashov Zerdabi haqqinda XATIRELERinin 7-ci sehifesinde yazir ki HESEN BEY ZERDABININ ATASI SUNNI IDI, ANASI SHIE QIZI…

  2. Hörmətli İsaməddin müəllim! Dəli Quşçu kəndindəki “Ağtəpə” məzarlığı ilə bağlı verdiyiniz açıqlamaya münasibət bildirmək istərdim.
    “Ağtəpə” mövzusuna, Ağahüseyn Ağayevin söylədiklərinə və ümumiyyətlə bu mövzu ilə bağlı yazımıza xalq şairi S.Vurğunun 26 poemasını misal gətirmək nəyi izah edir, nəyi təsdiqləyir, bilmirəm. Bunlar ayrı-ayrı mövzulardır.
    Bildirirəm ki, “Ağtəpə” mövzusu barədə hələ geniş açıqlama verməmişəm və yaxın günlərdə bununla əlaqədar ətraflı bilgilər tərəfimdən ictimaiyyətin diqqətinə çatdırılacaqdır.
    İsaməddin müəllim! Mövzudan kənarlaşaraq belə yazırsınız: “Eldəniz bəy! Sizə və yazdıqlarınıza çox böyük rəğbətim və dərin hörmətim var, bunu özünüz də bilirsiniz. Amma qardaşım, xətrinə dəyməsin, mənim de, sənin de yazdıqlarımız aksioma, resept və ya əstağfürullah, Quran ayəsi deyil axı! Hər birimiz səhv edə bilərik. Elə burada maraqlı bir faktı da deyim qoy.
    Siz 2006-ci ildə nəfis şəkildə və çox yüksək texniki və bədii tərtibatla çapdan çıxan Həsən bəy Zərdabi Azərbaycanda Yerquruluşu elminin və torpaq islahatının banisidir kitabınızın 25-ci səhifəsində yazırsınız ki, Həsən bəy sünni deyil…
    Amma Zərdabinin qızı Pəri xanımın əri Əlimərdan bəy Topçubaşov Zərdabi haqqında xatirələrinin 7-ci səhifəsində yazır ki, Həsən bəy Zərdabinin atası sünni idi, anası şiə qızı…”
    İsaməddin müəllim! Mən axı belə bir şey yazmamışam.
    Deyim ki, dünyada elə böyük tarixi şəxsiyyətlər olmuşdur ki, onlar öz ədəbi-bədii, tarixi yazılarında müəyyən uyğunsuzluqlara, çatışmazlıqlara, yanlışlıqlara yol vermişlər. Lakin zaman keçdikcə, həmin dahi insanlar püxtələşdikcə, keçdikləri ömür yoluna qayıdıb baxdıqda, yol vermiş olduqları səhvləri görmüş, onu açıq etiraf edərək nəticə çıxarmış və buraxdıqları səhvlərin gələcək yaradıcılıqlarında düzəlişinə nail olmuşlar.
    Bilin ki, mən, Həsənov Eldəniz Əli oğlu əgər hər hansı bir səhvə yol vermiş olaramsa, mənə qarşı olan haqlı iradı etiraf edən adamam. Yaradıcılığına və şəxsiyyətinə çox böyük hörmətlə yanaşdığım İsaməddın müəllim, deyəsən, tərif etdiyiniz sözügedən kitabımı yaxşı oxumamısınız. Əks təqdirdə bilərdiniz ki, kitabın 25-ci səhifəsində “Həsən bəy sünni deyil” ifadəsini mən yazmamışam. Deyim biləsiniz.
    Bilirsiniz ki, hələ 1999-cu ilin aprel-may aylarında Gürcüstan Mərkəzi Dövlət Arxivində xalqımızın hərbçi oğulları haqqında, o cümlədən məşhur maarifçi Həsən bəy Zərdabinin atası Səlim bəyin doğma dayısı olmuş general-leytenant Fərəc bəy Ağayev-Nikolay Nikolayeviçin şəxsiyyəti barədə tədqiqatçı jurnalist Şəmistan Nəzirli mükəmməl araşdırma aparmışdır. Fərəc bəy Ağayevin Həsən bəy Zərdabinin atası Səlim bəyin doğma dayısı olduğunu Azərbaycan ictimaiyyətinin diqqətinə yetirmişdir. Eyni zamanda həmin tədqiqat materialında, 1858-ci ildə Həsən bəyin birinci dərəcəli Tiflis gimnaziyasına qəbul olunmasına böyük nüfuz sahibi olmuş Fərəc bəyin kömək etməsindən söhbət açmışdır.
    Hörmətli İsaməddin müəllim, mənə elə gəlir ki, yaradıcılığına yaxşı bələd olduğunuz, həmkarımız tədqiqatçı, yazıçı-jurnalist Şəmistan Nəzirlinin “Azərbaycan generalları” kitabında Həsən bəyin atasının dayısı general Fərəc bəy Ağayevin əvəzsiz xidmətləri barədə, “Tarixdə ad qoyub qəhrəmanlarım” başlıqlı tədqiqat materialını oxumamış deyilsiniz.
    Eyni zamanda “Həsən bəy Zərdabi Azərbaycanda yerquruluşu elminin və torpaq islahatının banisidir” adlı kitabı da diqqətlə oxumağınızı rica edirəm. Heç olmasa kitabın 25-ci səhifəsində gedən mövzu ilə bağlı həmin kitabın 24, 25, 26-cı səhifəsini əvvəldən axıradək oxumağınız yerinə düşərdi.
    Mən, Ş.Nəzirlinin “Tarixdə ad qoyub qəhrəmanlarım” başlıqlı yazısında Həsən bəylə bağlı maraqlı məlumatı olduğu kimi bu kitabın qeyd etdiyim kimi 24, 25, 26-cı səhifəsində verməklə oxucuların diqqətinə çatdırmışam.
    Sizsə Ş.Nəzirli yaradıcılığının məhsulu olan, həmin mövzunun içərisində gedən “- Yox, Aleksandr Pavloviç, sünni olmağına sünni deyil…” ifadəsini mənim qələmimdən çıxan səhv yazı kimi belə ifadə edirsiniz: “Kitabınızın 25-ci səhifəsində yazırsınız ki, Həsən bəy sünni deyil…”
    Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, Həsən bəy Zərdabinin və yaxud da onun həyat yoldaşının şiə və yaxud da sünni olması məni maraqlandırmamışdır. Sünni, şiə söhbətləri mənə yad olan bir məsələdir. Mən müsəlman olaraq İslam dininin incəliklərini bilən, ona etiqad edən, onun qayda və qanunları ilə yaşayan böyük bir tayfanın nümayəndəsiyəm və Allaha sitayiş mənim gündəlik həyat normamdır.
    İsaməddin müəllim, yaxşı bilirsiniz ki, sosial-iqtisadi, siyasi və tarixi inkişafla əlaqədar İslamda parçalanma baş vermiş, sünnilik, şiəlik cərəyanları, müxtəlif dövrlərdə ismaililik, sufilik, vəhhabilik, babilik, bəhailik və s. kimi məzhəblər və təriqətlər yaranmışdır.
    Bax elə bu məsələlərlə bağlı Sizə təqdim etdiyim “Lələ Əhməd və lələhmədlilər” adlı (Bakı, “Azərnəşir”, 2008, 400 səh.) monoqrafiyamın VI fəslində “lələhmədlilərin islam dininə bağlılığı” başlıqlı yazı ilə tanış olduqda mənim nəinki Həsən bəydə, ümumiyyətlə hər bir müsəlmanda axtarılan şiəlik, sünnilik cərəyanlarına münasibətimi bilərsiniz. Həmin kitabımın 197-198-ci səhifəsində bu məsələyə belə bir münasibət bildirmişəm:
    “Lakin çox təəssüf hissi ilə qeyd etməliyəm ki, hələ indinin özündə də Azərbaycanın bir çox regionlarında, o cümlədən lələhmədli tayfasının bəzi yaşlı insanları, din, mövhumat adamları arasında bəzən sünni, şiə söhbətlərinə təsadüf olunur. Bax millətimizin ən zəif cəhətlərindən biri də budur ki, İslamda parçalanmaya qəti şəkildə yol vermək olmaz, hər bir müsəlmanın dini vahid İslam dinidir. Məhz İslamdakı bu cərəyanlardan istifadə edən digər millətlər müsəlmanlar arasında həmişə ayrı-seçkilik salmağa çalışmış, qızışdırıcı mövqedə olmuşlar. Bu məsələyə əyani bir misal olaraq I Pyotrun 1725-ci ildə yazdığı “Vəsiyyətnamə”-sinin (məxfi saxlanılması elan olunmuş) bir bəndini oxucuların nəzərinə çatdırmaq istərdim.”
    “Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. Tez və yerli-yerində çalışıb İstanbulun qərb torpaqlarına sahib olmaq lazımdır. Əlbəttə, İstanbula sahib olan şah dünyada ilahi şah olacaqdır. Bu məqsədi həyata keçirmək üçün həmişə Türkiyə ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və basılmaz ordudur. Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə ixtilafları yaxşı vasitədir. Türkiyə və İran dövlətləri arasındakı müvazinəti fitnə-fəsadla elə pozmaq lazımdır ki, onlar bir-birilə dil tapa bilməsinlər. Həm İran, həm də Türkiyəyə Avropa xalqları ilə təmas tapmağa imkan verməmək. Əgər bu ölkələrin müsəlmanları göz açıb hüquqlarını qansalar, o bizə böyük zərbə olar. Həm Türkiyə, həm də İranın din xadimlərini ələ almaq və onlar vasitəsilə sünni-şiə ixtilaflarını qızışdırmaq lazımdır. İslam əqidəsini Asiyadan uzaqlaşdırmaq, xristian dini əqidəsini və mədəniyyətini orada ciddi təbliğ etmək, yaymaq zəruridir”.
    Hörmətli İsaməddin müəllim, yenə qayıdaraq söhbətimin əvvəlinə, demək istəyirəm ki, Həsən bəy Zərdabinin sünni və ya şiə olması mənim üçün heç bir əhəmiyyət kəsb etmir. O, Azərbaycanın ilk ali təhsilli müəllimi, maarifimizin mənəvi atası, milli mətbuat və milli teatrımızın banisi, filosof, müsəlman dünyasının ilk təbiətşünas seleksiyaçı alimi olmaqla təbiətşünaslıq elmlərinin inkişafında çox böyük rol oynayan, xalqının, elinin-obasının zülmət içərisində boğulduğu bir vaxtda ona əl uzadan, əsl inkişafın nədə və necə olduğunu öyrədən millət fədaisi, müsəlman Şərqində ilk müsəlman xeyriyyəçilik hərəkatının banisi, dövrünün və bu günümüzün dahi şəxsiyyəti, ensiklopedik bilik sahibi, görkəmli ictimai-siyasi xadimidir.

  3. Cox sag olun Eldeniz muellim bir Lelehmedli kimi sizinle fexr edirik. Allah sizin caniniza sagliq versin oxudum yazilarinizi mencede siz haqlisiz eyer yaxin kecmise aid olsaydi yeqinki deqiq faktlara esaslanardi ve xatirlayanlar olardi bizim kifayet qeder yasli insanlarimiz olub.

Comments are closed.