Zərdabda baş verən güclü partlayış nəticəsində dörd otaqlı ev yanaraq külə dönüb. Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Pərvanlı kəndində baş verib. 1932-ci il təvəllüdlü Balakişiyev Əfqan Balakişi oğluna məxsus sahəsi 143 kv. m olan birmərtəbəli 4 otaqlı evdə güclü yanğın baş verib. Evin yanıb külə dönməsinə səbəb, hadisə baş verən evdə ata və oğula məxsus olan ayrı-ayrı mətbəxlərdə qaz balonlarının partlaması olub. Partlayışın gücündən ev tamamilə dağılıb. Evdə olan qaz balonlarının partlayacağından ehtiyat edən ev sahibləri evi vaxtında tərk etdiyindən ölən və xəsarət alan olmayıb. Hadisə yerinə Zərdab Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Araşdırma aparılır.
Zerdab.com