Qonşumuzda bir oğlan vardı, Məmməd adlı. Onu görəndə yemək yeyə bilmirdi çoxu. Üst – başı toz-torpaq, zir-zibil olurdu. Ağzının suyu burnuna, burnunun suyu ağzına qarışırdı. Bəzən əsəbiləşdirmək üçün uşaqlar “Məmli, Məmli” də deyirdilər ona…Hirslənərdi, ancaq bir söz deməzdi kimsəyə….yerə tüpürüb, hirsindən şeytana lənət oxuyardı. Biz onun bu hərəkətinə də gülərdik…
Bir paltarı bir ay əynindən çıxarmazdı, desəm yalan olmaz… Özü də elə bil, eyni geyimdə yatıb-dururdu.
Qonşuların qoyunlarını otarırdı. Bu onun ilk pul qazanmaq cəhdi idi ki, bu haqda sonra danışacam…
… Onun yayda ayaqqabı geyindiyini görməmişdim. Hamı onu hərdənbir görürdü, mən hər gün. Çünki orta məktəbdə parta yoldaşım idi. Sinfin ən pinti, ən tənbəl, ən aciz oğlanı…
Mən də hamı kimi ondan iyrənirdim. Amma xətrinə dəyə bilmirdim. Niyə? Anası yox idi… Anamın hər gün mənə hazırladığı naharı belə onunla bölürdüm. Bəzən əlini uzadıb özü bölürdü payını, məni gözləmədən. Açığı bəzən yemirdim. Bunu hiss eləyər, “Vallah əlim təmizdi!” deyərdi. Ona qoşulardım, yazığım gəlirdi. Necə iştahla yeməsinə baxardım bəzən…
Qəribə xüsusiyyətləri vardı. Borclu qalmırdı. Yeməyimi bölmüşdümsə, həmin gün mütləq “bax, sumkanı mən aparacam evə” deyirdi. Biri “fuuu”, biri “ay da” deyib iyrəndiyini ifadə eləyəndə, mənə sadəcə, gülümsəmək qalırdı…
Orta məktəbi bitirdik… Bu oğlan ali məktəbə sənəd də vermədi. Hərbi xidmətə getdi. Murovda oldu. Yadımdadı, onu kimsə yola salmadı. Həmin ilin pambıq yığımından saxladığım qəpik-quruşu verdim ona xəlvətcə… Kövrəldi… Dedim ki, borc verirəm qayıdanda qaytararsan…. Kövrəldi… Və getdi…
Daha biz onunla rastlaşmadıq. Bizi şəhər aldı uşaqlığımızdan… Ali təhsil…İş…Problemlər…Bir sözlə həyat…
Hərdən o illər yadıma düşür… Məmmədi çirkləndirən kəndin toz-torpağı idi. Bizi həyatın oyunları çirkləndirdi… Hərəmizi bir cür… bir az, bir az çox… Bəlkə də o, bizdən daha saf daha təmiz idi.
Bu yaxınlarda valideynlərimə baş çəkməkçün kəndimizə getmişdim. Dedilər ki, Məmməd gəlib. Nədənsə, o illər düşdü yadıma, gülümsədim.
Öyrəndim ki, indi ona Məmməd deyən yoxdu. Artıq mənim uşaqlıq dostum Məmməd yox, Mameddi. Özü də Maşa adlı bir rus qadınla evlidi.
Maşa da nə az, nə azacaq 7 yaş böyükdü ondan.
Təsadüfən qarşılaşdıq….Məmməddən əsər- əlamət qalmamışdı. Son dərəcə səliqəli, təmiz geyimi, saç düzümü filanı da yerində. Salamlaşdıq. Xanımıyla taniş oldum.
Biz iki dost söhbət edirdik. Qadını bizim nədən danışdığımız maraqlandırmırdı. O, Mamedin üst – başı, geyimi, gələcək qonaqları və sair kimi belə desək təşkilati işlərlə məşğul idi. Bütün kəndin nəinki qızlarının hətta oğlanlarının da sevmədiyi birini, bizim Məmmədi, Mamed edib sevirdi bu qadın….
Başa düşdüyüm bu oldu ki, Mamed artıq Rusiya şəhərlərinin birində öz biznesini və həyatını qurub. Bütün qohumlarının çörəkverənidi. Hətta zamanında bir dəst paltarını belə yumayan analığıyla ögey bacısına da Bakıda mənzil almışdı ki, atasının vəfatından sonra əziyyət çəkməsinlər. Əldə elədiyi hər şeyə görə bu qadına Maşaya minnətdar idi. daha doğrusu onun dəstəyinə…
Deyirdi ki “məni heç kim adam saymayanda, o, sənin gözəl ürəyin var. Yaxşıların hər şeyi olur “dedi. Və gerçəkdən də olmuşdu….
Feminist deyiləm, deyə bilmərəm, amma qarşıdakı insanı başa düşməyin də vacib olduğu qənaətindəyəm. Xüsusən də bu, əks cinsin nümayəndəsirsə, kişidirsə. Sadəcə, deyəcəyim bu ki, bir az, bircə damcı, Maşa olmaq lazımdı. Elə hər şeydə. Anlamaqda, dəyər verməkdə, sevməkdə, başa düşməkdə. Alınsa heç nə itirmərik….Məmmədin Mamed olmasına da ehtiyac qalmaz onda….
Jalə Seyidli