Sənə bu yaraşır

0
57

 

Nicat İsmayılov
Müəllif: Nicat İsmayılov

– Sağ qolun yoxdur, əlilsən.
– Yox, var.
– Sol qulağın eşitmir, karsan.
– Yox, eşidirəm.
– Gözlərinin biri görmür, korsan.
– Yox, niyə ki, hər ikisi görür.
– Ayaqlarının hər ikisini kəsiblər, topalsan.
– Yox, hər iki ayağım yerindədir və sözümə baxır.
– Qaraciyərin daşlaşıb, sirroz olmusan.
– Yoxlatmışam, hər şey qaydasındadır.
– Böyrəklərin öz funksiyasını itirib, işləmir, “nefrit“ xəstəsisən.
– Mənim elə bir problemim olmayıb, indiyədək özümdə elə bir xəstəliyin əlamətlərini hiss etməmişəm.
– Bağırsağın işləmir, əməliyyat olunmalısan.
– Yox.
-Şəkər xəstəsi, diabetsən.
– Yox.
– Mədən xəstədir, çörəyi zülümlə yeyirsən.
– Yox.
– Xolesterolun çoxdur, damarların tıxaclaşıb.
– Yox.
– Dəlisən, manyaksan, “şizofreniya“ xəstəliyinə düçar olmusan.
– Xeyr.
– Yaddaşın pozulub, “amneziya“dan bezmisən.
– Elə bir çatışmazlığım yoxdur.
– Soyuqda, tozda, ağırqoxulu yerlərdə nəfəs ala bilmirsən, astmasan.
– Onu kim deyir, elə bir problemim yoxdur.
– Damarında ağ qan qırmızı qanı “yeyir“, leykozdan əziyyət çəkirsən.
– İlk dəfə bu barədə səndən eşidirəm.
– Ailə üzvlərin faciəli şəkildə dünyalarını dəyişiblər.
– Yox.
– Övladın qəsdən adam öldürməyə cəhd və yaxud narkotik üstündə həbsdə yatır.
– Xeyr.
– Günahsız yerə şərə düşmüsən.
– Allah uzaq eləsin.
– 10 min dollar borcun var.
– Mən o məbləğdə pulu bir dəfə də olsun görməmişəm.
– Səni ölümlə hədələyirlər.
– Heç kimin toyuğuna “kiş“ demirəm, ona görə heç kimin mənimlə işi yoxdur.
– Ağlın, savadın, qabiliyyətin olmadığı üçün işləyə bilmirsən.
– İşləyirəm, aldığım maaşla ailəmi pis-yaxşı dolandıra bilirəm.
– Kreditini verə bilmədiyin üçün mağaza sahibi səni incidir.
– Yox, elə adam deyil. Üstəlik, maaşımı alan kimi birinci kreditimi ödəyirəm.
– İşlədiyin yerdə heç kim səni sevmir.
– Xeyr, dediklərinin tam əksinədir.
Deməli, yuxarıda qeyd etdiklərimin heç biri səndə yoxdur. Amma mən adamlar tanıyıram ki, həmin xəstəliklərin biri və ya ikisi, həmin problemlərin, heç olmasa, biri ilə baş-başa yaşayırlar. Ancaq yenə də özlərini bədbəxt hesab etmirlər. İnandırım səni, hətta onların içərisində bəziləri də var ki, xəstə olmalarına baxmayaraq, talelərindən narazı deyillər. Əksinə, onlardan da ağır xəstəliyə yoluxanları düşünüb, Allaha şükr edirlər. Lakin sən…
Axı sən bu qədər bekaf, bu qədər narazı, bu qədər ümidsiz olmamalısan. Axı sən indiki halına görə Allaha şükür etməlisən. Dur ayağa, çölə çıx, dərindən nəfəs al, göylərə bax və Allaha şükür et. Dur, sənin halına ancaq bu yaraşır…

Zerdab.com