… Ruhumuzu oxşayan, duyğularımıza sığal çəkən saf bir musiqi dinləyəndə qəlbimizdə ən gözəl arzular baş qaldırır. Adama elə gəlir ki, dünya ancaq sülh istəyində, insanlar isə həqiqət sorağındadır. Bir mahnıda deyildiyi kimi: “Hər bir kəsi öz donunda görənləri min yaşasın” istəyi keyfiyyətcə daha əhəmiyyətli bir mərama çevrilir. Hər dəfə Nazim Həsənovu dinləyəndə “Səs Allahın istədiyi bəndəsinə verdiyi nemətdir” fikrinin məhz Nazim Həsənova da aid olduğunu anlayıram.
Nazim Həsənov 15.07.1963-cü ildə Zərdab rayonunda ziyalı bir ailədə anadan olub. Atası Sərkar müəllim rayonun tanınmış, hörmətli insanlarından idi. Qardaşı Həsənağa Həsənov Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini davam etdirmək üçün Xarkovda Rəssamlıq İnstitutunun tətbiqi sənət və dekorasiya fakültəsinə daxil olmuş və buranı da uğurla bitirmişdir. Həsənağa Həsənov hazırda Bakıda yaşayır və işləyir.
İkinci qardaşı Azad Həsənov da rəssamlıq üzrə təhsil alıb və bu gün Zərdabda keçirilən kütləvi-mədəni tədbirlərin təşkilində əlindən gələni əsirgəmir.
Nazim Həsənov şəhər 1 saylı orta məktəbini bitirdikdən sonra 1986-cı ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşalar rejissorluğu fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. 1988-ci ildən Zərdab rayon mədəniyyət evində çalışır, burada fəaliyyət göstərən “Kür “ ansamblında solistlik edir. Hazırda Qoşaoba kənd mədəniyyət evində bədii rəhbərdir. Ailəlidir, iki ğözəl övladı var. Böyük oğlu Hikmət Sərkarzadə rayonda keçirilən “İstedadlar sorağında” adlı müsabiqədə saz ifaçılığına görə qalib gəlmişdir.
Zərdab rayonunda keçirilən kütləvi mədəni tədbirlərdə, bayram şənliklərində iştirak edən hər kəs Nazim Həsənovun ifasını çox bəyənir, hər dəfə səhnəyə çıxanda müğənnini alqışlarla qarşılayır. Çünki repertuarı zəngin və rəngarəngdir. Muğam, təsnif, xalq mahnıları və Azərbaycan bəstəkarlarının əsərlərini ustalıqla ifa edir. Zərdab tamaşaçıları Nazim Həsənovu çox sevir, onun ifasını dinləmək üçün səbirsizliklə gözləyirlər. Xoş avazı, ürəyə yatımlı səsi, yüksək səhnə mədəniyyəti müğənniyə çoxlu sayda pərəstişkar qazandıra bilib.
Nazim Həsənovu dinləyərkən tamaşaçılar müğənninin səsindən sanki mənəvi bir qida alır, Azərbaycan muğamının təsiri altında onlar da mənimlə eyni qənaətə gəlirlər – “Səs Allahın istədiyi bəndəsinə verdiyi nemətdir”. Əlbəttə, bu tamaşaçılar tərəfindən sənətkara verilən yüksək qiymətdir. Belə bir ehtiramı qazanan səsiniz var olsun, Nazim müəllim! Böyük Yaradan Sizi qorusun! Sizin kimi sənətkarlara xalqın ehtiyacı var. Sizə mədəniyyətin bu cür təbliğində uğurlar arzulayırıq. Bir də qarşıdan gələn 50 illik yubileyiniz münasibəti ilə Sizi təbrik edir və can sağlığı diləyirik. Allah Sizi ailənizin üstündən əskik etməsin!
TƏRLAN ABDULLAYEVA, “Əkinçi”nin müxbiri.
http://www.youtube.com/watch?v=c202U88NvAo
ALLAH Bu sesi sene cox gormesin!!!!
Мәрһум сәнәткарымыз, Һаҹыбаба Һүсејнова итфаһ едирәм.
Рәһмәти бол еләсин, танры ҝөрүм, Һаҹы, сәнә,
Нә әҹәб, халг верибдир, мүәллимлик таҹы сәнә!
Инди һәр јердән галхан, мүғәннијәм дејиб, өтүр,
Руһун гој инҹимәсин, ҝәлсә дә бу аҹы сәнә…
Дүнјамыз јашадыгҹа, муғамат да вар олаҹаг,
Әһли үрфан верәҹәк, зөвг илә хәраҹы сәнә.
Нә гәдәр устад олса, бизим муғам тарихиндә,
Олаҹаг талибләрин, даим еһтијаҹы сәнә…
Чох әфсус ки гисмәтим, олмады бир гуллуг едәм,
Дәмләјәм хан пловла, ләвәнҝи тураҹы сәнә…
Сән өзүн ҝетмәсән дә, шәһри Мәккәјә сәҹдәјә,
Лајигди хәлг сөјләсин, һөрмәт илә һаҹы сәнә…
Нә јахшы, әруз илә ајрыҹа мәктәб еләдин,
Фатмеји Зәһра олсун һәшридә гој баҹы сәнә…
О гәдәр дәринди ки, дүнјаја дини бахышын,
Елә бил ки, ҝөстәриб Аллаһым ме`раҹы сәнә…
Муғамы сағалтмаға, Лоғман ҝәлә чарәси јох,
Галыбды, Сабир демиш, Тәнһаын иллаҹы сәнә…
Чох сағ олун Назим бәј, руһумузу охшадын, Аллаһ сәнә дәјмәсин, иншаллаһ ҝөрүшәрик
Comments are closed.