“Televizor almağa pulumuz olmadığı üçün Allah da bizə bu kinoları göstərir”

0
45

Balaca ÇobanMüəllim yuxu görməklə bağlı bir tədqiqat aparırdı. Yuxu görməyin insan üçün nə qədər vacib olduğunu deyəndən sonra: – İndi deyin görüm, bu gecə yuxunuzda nə görmüsünüz?.. – deyə soruşdu.

Uşaqlar bir-bir əl qaldırıb yuxularını danışmağa başladılar. O həftəki yuxuların çoxu üç gün əvvəl baş verən qatar qəzası və qətl hadisəsi ilə bağlı idi. Müəllim arxa partada oturan bir şagirdin əl qaldırmadığını gördü. Ona yaxınlaşıb: – Bəs sən niyə əl qaldırmırsan. Yoxsa, sən heç yuxu görmürsən? – deyə sorşudu.

– Əlbəttə görürəm, – şagird gülümsədi, – Ancaq mənim yuxularım bir az başqa cürdür…

– Elə isə gördüklərini danış. Yuxunun başqaları ilə eyni olması vacib deyil, – deyə müəllim dilləndi.

– Mən yuxuda balıq ovuna getmişdim. Babamla bir yerdə idik. Kəndimizə yaxın bir çayda balıq tuturduq. Sonra böyük bir balıq tutub, evimizə apardıq…

Şagird yuxusunu yenicə qurtarmışdı ki, zəng çalındı.

Bu sorğu sonrakı dərsdə də davam etdi. O həftə yuxuların çoxunda neft ölkələrindən birinin bombalanması və bu bombardmanda ölən yüzlərlə uşaq var idi. Başqa yuxular isə məşhur bir müğənninin ayağından vurulması və iş adamlarından birinin oğurlanması barədə idi. Müəllim arxa partada əyləşən şagirdə baxdı. O bu dəfə də əl qaldırmamışdı. Yanına getdi və hansı yuxunu gördüyünü soruşdu. Balaca uşaq çöldəki qarlı dağlara baxdı. Sonra:  – Keçən həftə bir-iki quzum doğuldu. Yuxumda onları dağın yamacındakı bulağa aparmışdım. Sonra çiçəklərlə danışdım, göydəki quşlarla uçdum, – dedi…  Müəllimi maraq götürmüşdü. Xeyli sorğu-sualdan sonra qardaşlarının da eyni yuxuları gördüyünü öyrəndi. Hətta babaları da onlardan geri qalmırdı. Axırda müəllim dilləndi:

– Həmişə belə yuxular görməyiniz çox qəribədir. Sanki yuxu deyil kinodur. Bəlkə burada bir sirr var?

– Bilmirəm, bəlkə də… – deyə uşaq gülümsədi, sonra da, – Görünür, televizor almağa pulumuz olmadığı üçün Allah da bizə bu kinoları göstərir, – dedi…

Mənbə: “Ailəm” jurnalı.