Yumşaqqəlbli ol ki, fikirlərin ürəklərdə taxt qursun

0
61

gülBir vaxtlar gündəliyimin bir küncünə yazdığım sözlərə yenidən rast gəldim. Müəllifini xatırlamasam da, çox maraqlı sözlərdir: “Yumşaq danış ki, ürəklərin qapıları açılsın. Yumşaqqəlbli ol ki, fikirlərin ürəklərdə taxt qursun”… Əslində bizim bu sözlərə bu gün daha çox ehtiyacımız var. Çünki mənəvi dəyərlərimizi maddi dəyərlərimizə qurban verdiyimiz gündən bir-birimizdən xəbərsiz yaşayırıq. Başqa sözlə, dünyanı qazanmaq üçün axirətimizi rüşvət veririk. Nəticədə həm dünyamızı, həm də axirətimizi itiririk. Məhşər ayağındakı kimi hamımız bir-birimizdən qaçırıq. Ömrümüz işlə ev arasında keçir. Həyat xəritəmizdə nə körpələr evinin, nə də qocalar evinin yeri var. Süfrəmizə bir tikə çörəyə möhtac insanları çağıra bilmirik. Ya beləsini tapa bilmirik, ya da nədənsə çəkinirik. Yalnız özümüz üçün yaşasaq da, xoşbəxt ola bilmirik. Gün keçdikcə gözəl danışmağı, gözəl sözlər söyləməyi də unuduruq. Odur ki, ürəklərin qapılarını da aça bilmirik. Bağlı qapılar arxasında yaşamağa çalışırıq. Mərhəmət sözünü lüğətimizdən sildiyimiz gündən yayın istisində də üşüyürük. Hələ bu az imiş kimi, başqalarını da üşüdürük…

Elə isə gəlin, könül qapılarımızı taybatay açaq. Könüllərimizdə sevgiyə, şəfqətə, səmimiyyətə yer ayıraq. Nə olursa olsun, insan kimi insan olaq. Özümüzü də, başqalarını da “məhv olmaqdan” qoruyaq.

Mənbə: “Ailəm” jurnalı.