Zərdab rayonunda nar emalı müəssisəsinə və saxlama kameralarına ehtiyac var

0
57

zerdab-narZərdab rayonunda nar emalı müəssisəsinin açılmasına ehtiyac var. Belə ki, Zərdabda fərdi təsərrüfatlarda hektarlarla nar bağları var ki, burada hər il tonlarla nar yetişir. Lakin vətəndaşlar narları sata bilmirlər. Söhbət ondan gedir ki, nar məhsullarının alış qiyməti o qədər ucuzdur ki, çəkilən xərci belə ödəmir. Odur ki, hər il rayonda tonlarla nar zay olur. Bundan əlavə, Zərdabda saxlama kameralarının olmaması da nar məhsullarının tələf olmasına gətirib çıxarır. Əgər rayonda saxlama kameraları olsaydı, vətəndaşlar müəyyən məbləğ ödəmək şərti ilə nar məhsullarını orada saxlayar və keyfiyyətli məhsulu baha qiymətə qış fəslində satışa çıxarardılar. İndiki halda vətəndaşlar narı kustar üsulla hazırladıqları şəraitdə saxlamağa məcburdurlar. Lakin qısa müddətdən sonra həmin məhsullar xarab olur və ya çəkisini itirir.
İndiki halda bu problemin həllinin iki çıxış yolu var: ya rayonda nar emalı müəssisəsi açılmaldır, ya da saxlama kameraları quraşdırılmalıdır. Ümid edirik ki, rayon rəhbərliyi bu məsələni də diqqətdə saxlayacaq.
Sonda məlumat üçün qeyd edək ki, Zərdab rayonunun pambıqçılıq və narçılıq üzrə ixtisaslaşması, rayonda bu sahələrin inkişafına nail olunması istiqamətində ilkin addımların atılmasına başlanılıb. Belə ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (İİN SKMF) Zərdab rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Layihələrdə intensiv nar bağlarının, pambıqçılıq təsərrüfatlarının, kiçik və orta həcmli çörək istehsalı və meyvə-tərəvəz emalı müəssisələrinin açılması nəzərdə tutulur. Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər.

www.zerdab.com