Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və Xosrov bəy Sultanov hərbi nazir təyin olunub. 1918-ci il dekabrın 25-də isə peşəkar hərbçi, çar ordusunda şərəfli yol keçmiş general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov isə Bağ Qərargah rəisi təyin ediliblər.
Qısa müddətdə 30 minlik ordu formalaşdırılıb. Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad edib və sentyabrın 17-də Azərbaycan milli hökuməti Gəncədən Bakıya köçüb.
Bütün bu nailiyyətlər orduya rəhbərlik edən yüksək rütbəli zabitlər – İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və digərlərinin əməyi sayəsində əldə olunub. Azərbaycan 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən və Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib, komandirlərin böyük hissəsi repressiyaya məruz qalıb və öldürülüb.
Azərbaycan 71 ildən sonra dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb və general-leytenant Valeh Bərşadlı nazir təyin olunub. Həmin il oktyabrın 9-da Azərbaycan Ali Soveti “Silahlı Qüvvələrin yaradılması haqqında” qanun qəbul edib. Bu səbəbdən 1998-ci ilədək məhz 9 oktyabr tarixi Azərbaycan Ordusunun yaranma günü kimi qeyd edilib. 1992-ci il oktyabrın 9-da Silahlı Qüvvələrin ali baş komandanı, prezident Əbülfəz Elçibəyin rəhbərliyi ilə Bakının Azadlıq meydanında Azərbaycanda ilk hərbi parad keçirilib.
Azərbaycan prezidenti Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün – 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələr günü kimi qeyd olunur. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin ali baş komandanı, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da isə üçüncü hərbi parad olub.
Bu gün Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş hərbi parad başlayıb.
Hərbi parada Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Silahlı Qüvvələrin yüksək rütbəli nümayəndələri, xarici diplomatlar, millət vəkilləri, dövlət və hökumət rəsmiləri iştirak edir.
Azərbaycanın ikinci müstəqilliyi dövründə dördüncü olan bu paradda Müdafiə Nazirliyinin ordu birləşmələrinin, sülhməramlı qüvvələr, xüsusi təyinatlı qüvvələrin, dəniz piyadaları Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin DİN Daxili Qoşunlarının, FHN Mülki Müdafiə Qoşunlarının, MTN Akademiyasının şəxsi heyətləri, həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrinin kursantları iştirak edir. Paradla əlaqədar olaraq Hərbi Dəniz Qüvvələri və DSX Sahil Mühafizəsinin gəmiləri də Bakı buxtasında lövbər salıb.
Parada həmçinin Hərbi Hava Qüvvələrinin MiQ-29, Su-25, L-39 döyüş və təlim təyyarələri, Mi-24 və Mi-8/17 helikopterləri, DSX-nin Mi-35M, FHN-in Ka-32 və Mi-8 helikopterləri iştirak edir.
Bu ilki hərbi parad hərbi texnikaların say çoxluğu ilə fərqlənir. Parada Müdafiə Sənayesi Nazirliyi tərəfindən Azərbaycanda istehsal olunmuş “Gürzə” patrul maşını, “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələri keçid edəcək. Xüsusi təyinatlı qüvvələrin istifadəsində yer alan, pulemyot və tank əleyhinə idarə olunan raket kompleksləri ilə silahlandırılmış “Gürzə” maşını ilk dəfədir parada nümayiş olunur.
Bundan başqa, hərbi paradda “Cobra”, “Land Rover Defender”, ZPT, “Storm Sufa” tipli zirehli və zirehsiz hərbi maşınlar, “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatları yer alır.
Bununla yanaşı nəqliyyat vasitələri üzərində Azərbaycan müəssisələrində istehsal edilmiş 82 mm çaplı minaatan da nümayiş etdirilir.
Paradda “Toçka-U” operativ taktiki raketləri, müxtəlif çaplı yedəkdə daşınan haubitsalar, 120 mm çaplı İsrail istehsalı olan «Cardom» avtomatik minaatanı, 120 mm çaprı TR-122 “Sakarya”, 300 mm çaplı 9K58 “Smerç”, İsrail istehsalı olan 120 və 160 mm çaplı reaktiv atəş sistemləri, “Qvozdika”, “Pion”, “Msta-S” özüyeriyən haubitsaları, TOS-1A “Solntsepyok” reaktiv alovsaçanı, modernləşdirilmiş T-72 “Aslan”, silahlanmaya yeni daxil olmuş “T-90 C” tankları, “BMP-2” və “BMP-3” tipli piyadaların döyüş maşınları tribuna önündən keçid edir.
Parada Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarına məxsus modernləşdirilmiş S-125 “Peçora”, “Strela-10”, S-200, S-300 “Favorit” zenit raket kompleksləri ilə yanaşı silahlanmaya yeni daxil olmuş «Buk-MB» zenit-raket kompleksi də qatılıb.