Bütün xoşbəxtliklər insan olmaqdan keçir

0
343

Bıcaqçıİnsan insan olunca çox dəhşətli mübarizədən, döyüşlərdən keçir. Çox şeydən imtina etməli olur.

Hamı kimi doğulan, hamı kimi “yaşayan” həmişə insan ola bilmir. Hamılıq səviyyə yaratmır, kütləviləşdirir, kütləşdirir. Sevinci kütləviləşdirir; kədəri kütləviləşdirir, hadisələrə, dünyaya baxışı kütləviləşdirir və hər şey əsl dəyər qazana bilmir. Sevinəndə də özün kimi sevinə bilmirsən, qəmlənəndə də. Axı bunların heç biri əslində sənə məxsus deyil – hamınındır. Hamı hamıya aid olan sevinci, kədəri yaşayır deyə özününkü olmur, özü olmur. Hamının olan kimsənin olmur. Hamı özgə bir həyat yaşamaqla məşğul olur. “Palaza bürün, elnən sürün” psixologiyasının ən böyük “uğuru” elə sürünmək ola bilər. Çünki burada ellik hamılıq anlamındadır; “elnən sürün”, yəni hamı kimi ol. Hamı kimi olmaq mövcud olmaqdan başqa bir şey deyil. Hamı kimi olmaq – olmamaqdır.

***

İnsan – arzusu, iradəsi, idrakı olan varlıqdır. Yer üzündə bir-biri ilə eyni olan iki nəfər yoxdur. Bu onu göstərir ki, insan bənzərsizdir, özünəməxsusdur, təkrarsızdır, fərddir. Bundan qorxmaq lazım deyil. Çiçəklərin müxtəlifliyi çəməni daha gözəl edir.

İnsanın insanlığını oxşarlığı deyil, rəngarəngliyi təsdiq edir.

İnsanın böyüklüyünü təkrarsızlığı təsdiq edir. Özü olmaq, özü kimi yaşamaq, bənzəməmək insanı daha da gözəlləşdirir.

Bir anlıq təsəvvür edin ki, Nəsimi, Füzuli, Cəlaləddin Rumi, Kopernik, Qaliley, hamı kimi yaşasaydılar, necə olardı?

Əgər hamı kimi yaşasaydılar, indi biz onların birini də tanımırdıq.

Hamı kimi yaşasaydılar, şair olardılar, amma Nəsimi, Füzuli olmazdılar. Çünki Nəsimilik, Füzulilik şairlikdən daha böyük mahiyyət daşıyır.

Alim olardılar, amma Kopernik, Qaliley olmazdılar. Çünki Koperniklər, Qalileylər yalnız yeni elmi kəşflər etmirlər. İnsanlara həqiqəti dərk etmək üçün yeni imkanlar yaradırlar.

Filosof olardı, amma Cəlaləddin Rumi olmazdı. Çünki Rumi dünyanın, insanın, yaradılışın mənasını görüb anlamaqla qurtarmır. İnsanların ali mahiyyətə qovuşması üçün yol açır.

Bu günə kimi milyardlarla insan hamı kimi “yaşayıb” gedib, amma birinin də adı qalmayıb. Tarixdə yalnız özü olanlar, əsil olanlar qalırlar. Tarixdə hamılıq səviyyəsində olanlar deyil, onun fövqündə duranlar qalır. Özü olmaq bəşəriyyətin rəngarəngliyini, zənginliyini təmin edir. İnsan göylər üçün, ucalıqlar üçün, gözəl əməllər üçün yaradılmışdır. İnsan təbiətən qanadlıdır. O, daim ucalığa, ucalmağa can atır, yüksək ideallar uğrunda çarpışır. O, sürünmək üçün yaranmamışdır. Uçmaq üçün yarananlar sürünməyi bacarmırlar. İnsan adı həm də kamillik, yetkinlik, tamlıq, müdriklik rəmzidir.

Adam isə kamil deyil, tam deyil, yarımçıqdır, nöqsanlıdır. Adamın insan olmaq şansı, imkanı var. Amma insanın adama dönmək yönü yoxdur.

Şərait mifi, zamana mifi heçdir, puçdur, yalandır. Guya insan şəraitin, cəmiyyətin, zamananın məhsuludur. Absurddur. Öz-özünə nə şərait, nə mühit, nə cəmiyyət, nə də zamana olur. “Şərait, zamana necədirsə, insan da elədir” demək adamlığa bəraət qazandırmaqdır; insanı şəraitin, zamananın oyuncağına, alətinə çevirməkdir. Bununla insanın böyüklüyünü danmaq, ucalıqdan salmaq, dəyərsizləşdirmək istəyirlər. İstəyirlər ki, insan özünə inanmasın, özünün böyüklüyünə inanmasın. Demək istəyirlər ki, çox da özünə güvənmə, sən zamananın, şəraitin qulusan, nöqsanlısan, heçsən. Zamana səni əyə, məhv edə bilər. Bu, adamın uydurduğu “fəlsəfə”dir. Bütün zamanalarda, bütün cəmiyyətlərdə bataqlıqda qızıl güllər yetişdirmək mümkündür.

Zamana rahatlığı sevir, toxluğu sevir, harınlığı sevir. Nəticəni sevir, hazırı sevir. Nəticənin hansı yolla əldə edilməsi heç bir əhəmiyyət kəsb etmir.

Heç vaxt pis yolnan yaxşı iş görmək olmaz.

Pis əməlnən xeyirxahlıq mümkün deyil.

Rüşvət alıb xeyriyyəçilik eləmək olmaz.

Zamana insanların hamısını bir qəlibdən keçirməyi sevir. Bu qəlibə sığmayanları tanımaq istəmir. Bu qəlibdən keçənlərin isə qanadları budanır.

Şəraiti adamlar düzəldib deyə kamil deyil. Ən yaxşı şəraitlərdə belə pis adamlar olur. Ən pis şəraitlərdə belə yaxşı insanlar olur. İnsan şəraitin məhsulu olsaydı, hər şəraitin öz insanı olardı.

Mühiti adamlar düzəldib deyə tam deyil.

Cəmiyyəti adamlar düzəldib deyə yetkin deyil.

Zamananı adamlar düzəldib deyə insanı qane etmir.

Şəraiti, mühiti, cəmiyyəti, zamananı adamlar düzəldir deyə antiinsanidir, insana qarşıdır.

Əslində şərait insanlıq üçün şəraitsizlik mühitidir.

Ona görə də şəraitin adamı olur, insanı olmur.

Zamananın adamı olur, insanı olmur.

İnsanı şəraitin, mühitin, cəmiyyətin, zamananın yaratdığını, yetişdirdiyini iddia edənlər insanı endirməyə xidmət göstərənlərdir.

Şəraitdən asılı olanlar şəraitdən artıq ola bilmirlər.

Mühitə pərçim olanlar mühitdən çıxa bilmirlər, mühitləşirlər, mütiləşirlər.

Cəmiyyətin “qanunları” ilə “yaşayanlar” cəmiyyətdə itib-batırlar, görünmürlər.

Zamanaya boyun əyənlər zamanı ötə bilmirlər, donub qalırlar.

Şəraitdən, mühitdən, cəmiyyətdən, zamanadan artıq ola bilmirlər deyə onlara tabe olur, qulluq göstərir, içində itib-batır və insana çata bilmirlər.

Ən pis şəraitdə, ən pis zamanada yaxşı insanlar olub, olacaq. Pis şərait insan yarada bilsəydi, pis insan yaradardı. Ancaq göründüyü kimi, pis şəraitdə də yaxşılar olub. Pis şəraitə uyğunlaşan, boyun əyən adam var, pis şəraitin yaratdığı insan yoxdur.  Yaxşılar pis mühitin məhsulu ola bilməz. Yaxşılıq elə əməl, elə fünksiyadır ki, onun şərait, mühit, zamana adlı arqumenti yoxdur. Yaxşılıq – yaxşıların həyat norması, yaşam tərzinin ifadəsidir. Yaxşılar şəraitdən, mühitdən asılı olmayaraq həmişə yaxşıdırlar. Yaxşılıqla yaxşılar, haradasa, eyni anlam daşıyır. Əslində insan əməli – gördükləri qədərdir. Ona görə də yaxşılar elə yaxşılığa bərabərdilər.

***

İnsan kamildir, tamdır, vicdanlıdır, ədalətlidir, üzü Haqqadır. Elə bunlara görə də insandır. O, başqa cür ola bilmir, yaşamağın, mövcudluğun insan yönündən başqasını tanımır.

Adam da yaxşılıq edər, vətənpərvər olar, düzlük və halallıq uğrunda mübarizə də aparar. Amma adam həm də yalan danışa bilər, rüşvət ala bilər, baş kəsə bilər, ev yıxa bilər. İnsan bunları edə bilməz. Adama yalançı, rüşvətxor, başkəsən, evyıxan və s. demək olar, çünki onun bu cür adlarının sayı-hesabı yoxdur. İnsan üçün isə insan adını itirməkdən dəhşətli şey yoxdur. İnsan adını itirmək elə özünü itirməyə bərabərdir. Çünki insanın öz adından başqa adı yoxdur.

Adam şəraitində, adam mühitində, adam cəmiyyətində, adam zamanasında insana yer yoxdur. Min illərdir belədir.

Dünyanı “adam qanunlarına” tabe etdirməyə çalışır və əksər hallarda buna nail olurlar. Dünyanın üzü isə insana yönəlikdir.

***

İnsanın ağ vərəq kimi doğulduğu barədə fikir söyləyənlər böyük səhvə yol verirlər. Onlar ən azı genetika adlı sanballı bir elmin varlığını şübhə altına alırlar. Guya insan dünyaya ağ vərəq kimi gəlir, yaşadığı mühitdən, şəraitdən asılı olaraq dəyişir, şəraitin məhsuluna çevrilir və bütün bunlar həmin ağ vərəqin üzərinə yazılır. İnsan bu dünyaya özü ilə nəsə gətirir. Amma o bununla kifayətlənməməlidir. İnsanın özü ilə gətirdiyi əksər hallarda insan olmağa çatmır, bəs eləmir. Bu onun xam şəklidir. İnsan olmaq üçün yenidən doğulmaq gərəkdir. İnsan ikinci dəfə doğulmalıdır ki, əsl insan ola bilsin. Bunun üçün gərək insan öz-özünü yenidən yaratmağı bacarsın. Bunun üçün insan gərək özünə qarşı amansız olsun. İnsan özünü döyüb-döyüb insana çevirməlidir. Özünə qarşı bir dəmirçi münasibəti olmalıdır onun həyatında. Kürədə qızdırmaq, zindanda döymək. Daim döymək… Bu çox çətin və fədakarlıq tələb edən bir yoldur. İnsan olmaq üçün gərək çox şeydən keçməyi bacarasan. Adam istəklərindən gərək imtina edəsən.

Cəmiyyət insanı ona görə xoşbəxt edə bilmir ki, adından da göründüyü kimi, o adamların cəmindən ibarətdir, insanların birliyindən ibarət deyil. Cəmiyyət toplumun say göstəricisini ifadə edir, keyfiyyətini deyil. Cəmiyyət insanda kütlədən artıq bir şey görə bilmir. Cəmiyyətin varlığı üçün ona kütlə lazımdır. İnsan üçün isə cəmiyyət azdır. Çünki cəmiyyət insanı görə bilmir. Cəmiyyət ölçüləri insan üçün dardır.

***

Dahilərin, tanınmışların həyatına nəzər salsaq, görərik ki, onların heç biri zamana qəliblərinə pərçimlənməyiblər. Onlar İnsanlıq Ölçülərinə uyğun yaşayıblar. Dərhal belə bir sadəlövh sual ortaya çıxır: hamı dahi olmalıdırmı? Yox. İnsan olmaq, haradasa, elə dahilikdir. Məsələ burasındadır ki, hamı dahi olmaq – insan olmaq istəmir deyə dünya bu gündədir.

Dünyanın üzünə baxın, orada özünüzü görəcəksiniz.

Dünya, haradasa elə insanın özüdür. Dünya ilə insan arasında qəribə bir doğmalıq var.

Yaşamağın insan olmaqdan özgə yolu yoxdur.

Özünütəsdiqin insan olmaqdan gözəl yolu yoxdur.

Bütün xoşbəxtliklər insan olmaqdan keçir.

Bütün zənginliklər insan olmaqdan başlayır.

Bütün sevgilər insan adınadır.

Müəllif; Loğman

Email: m.logman@zaman.az