Bazardan Bazar ertəsinə keçən gecə Bəraət gecəsidir. Allah-Təala bizə hər cür bəraətə layiq olmağı nəsib eləsin və bizi bu gecənin bərəkətindən məhrum qoymasın! Bəraət gecəsi elə bəraət qapınız olsun!
Bəzi mənbələrdə “bərat” yazırlar, bəzilərində “bəraət”, əslində “bərat” da elə “bəraət”dir. “Bəraət” bir yükdən, bir ağırlıqdan, cəzadan azad olmaq, qurtulmaqdır, “bərat” isə “bəraət”i təsdiq edən sənəddir. Yükün ən ağırı günahdır, günahdan qurtarmaq ən böyük qurtuluşdur. Bizi günahlardan arındıran tək varlıq bizim Rəbbimizdir. Bəraət istəyən, qurtulduğuna dair bərat sənədini əlində görməyi diləyən gərək tövbə qapısından keçib Rəbbindən əfv diləməyi bacarsın. Bizi Ondan başqa bağışlayacaq, günahlarımızı siləcək bir kimsə yox! Fatifeyi-şərifdə elan etdiyimiz “Yalnız sənə qulluq, ibadət edərik, Yalnız Səndən yardım dilərik” kimi yalnız Ondan əfv, məğfirət istəməliyik.
Onun dərgahından qovulan heç bir məkanda könül xoşluğu, rahatlıq tapa bilməz; Onun dərgahına sığınan heç bir ağrıdan, dərddən üzülməz. Ən böyük dərd Onun mərhəmətindən məhrum olmaq, ən böyük səadət Onu bütün varlığı ilə sevə bilməkdir. Sən hələ bir sev, sən hələ bu sevginin dadını hiss elə, onun cazibəsinə gir, sonra qurtul görüm, necə qurtulursan. Bir də ki, niyə qurtulasan axı?! Bütün istəklərin son ünvanı, bütün könüllərin rahat olduğu tək ünvan bu deyilmi? Başqa bir səadət, başqa bir xoşbəxtlikmi var yoxsa?!
***
Bir zamanlar bütün sovet respublikalarında ağır repressiyalar aparıldı. Başını qaldıran, ədalət istəyən hər kəsi ya öldürdülər, ya da vaqonlara doldurub Sibirə sürgünə göndərdilər. İnsanlara zülm, işgəncə verildi. Xalqımız o amansız rejimdən çox zülmlər gördü, bir-birindən dəyərli övladları əlindən alınıb ya qara torpağa, ya uzaq Sibirin gedər-gəlməz ünvanlarına göndərildi. Aradan 20 il keçməmiş həmin o zülm mexanizmi, həmin cəllad sovet rejimi öldürdüklərinə bəraət verdi. Əslində özü üzr istəməli, yalvarmalı olduğu halda, haqsız yerə öldürdüklərinə bəraət verdi, yəni bir növ bağışladı. Amma daha bağışlasa nə faydası, bağışlamasa, nə zərəri? Olan olmuş, satan stamış, öldürən öldürmüş, ölən ölmüşdü… İndi də durub ölüsünə bəraət verirlər. Dövlətin verdiyi bəraət qaranlıqda görmədiyin hədəfə daş atmaq kimidir. Əsl bəraət Allah-Təalanın verdiyi bəraətdir. Dövlətin əli ölüm qapısının o üzünə uzanmır, amma Allah-Təala dünyanın da, axirətin də sahibidir.
***
İl ərzində bəzi gün və gecələrin bərəkətindən xəbər verilir bizlərə. Məsələn, Ramazanın hər günü bir bayram hökmündədir, əlbəttə, duyana, yaşayana. Ramazan xaricində də bərəkətli günlər və gecələr var ki, Şaban ayının 15-ci gecəsi də bu mübarək zaman dilimləridən sayılır. Həm Bəraət, həm də Bərat gecəsi kimi tanınan bu gecənin bərəkəti haqqında sevimli Peyğəmbərimizin (s.ə.s.) müjdələri mövcuddur. “Şabanın yarısı olanda gecəsini ibadətlə, gündüzünü orucla keçirin. Çünki bəxş etdiyi feyzin sonu yoxdur”, – buyuran Könüllər Sultanı bizə daha bir arınma, qurtuluş qapısı göstərmiş olur.
Bir başqa hədisi-şərifində sevimli Peyğəmbərimiz “Günahlarından tam olaraq dönüb tövbə edən, onu heç işləməmiş kimidir”,- buyuraraq bizə həm tövbənin dəyərini, həm də səmimi tövbə ilə yönəldiyimiz Haqq dərgahındən gələcək əfvin, bəarətin, bərəkətin nə qədər əngin, sonsuz olduğunu göstərir. Həm günah işləmiş olasan, həm də heç o günahı işləməmiş kimi təmizlənəsən, bağışlanasan. Belə Allahın qulu olmağın feyzini, bərəkətini, gözəlliyini anlaya bilmək nə böyük xoşbəxtlikdir.
***
Sən nə qədər səmimi, nə qədər ixlaslı ola bilsən, sənə ünvanlanmış əfv, bəraət də o nisbətdə olar. Bir misalla dediklərimizi açıqlamağa çalışaq:
– Əlində bir yara var, müalicə edirsən, yara sağalır, amma yeri qalır, üstündən illər ötəndən sonra də hər dəfə görəndə o yaranı xatırlayırsan;
– Əlində yara var, müalicə edirsən, yara sağalır, yeri də itir, amma yaddaşında qalır ki, əlində bir yara vardı, sağaldı.
– Əlində bir yara vardı, müalicə edirsən, yara sağalır, yeri itir və heç yaddaşında da qalmır ki, nə zamansa əlində yara olub.
O yara bizim günahlarımız, müalicə isə tövbəmizdir. Tövbə ixlaslı olsa, Rəhman və Rəhim olan Allahımız o günahlarımızı bağışlayar, hələ desən, o günahı yaddaşımızdan da silər ki, xatırlayanda üzülməyək.
***
Kəndin ağaları Həcc ziyarətinə hazırlaşırlar. O kənddə bir gənc vardı ki, “Allah” demədən addım atmaz, həyadan başını qaldırıb insanların üzünə baxmazdı. Yetim, kimsəsiz olduğundan o kənddə hər kəsin buyruğuna baxar, qapılarda odun yarar, yer belləyər, su daşıyar, heyvan otarar, dəyirmanda dən üyüdər, nə desələr, can-başla yerinə yetirərdi. Xəbəri eşidən kimi bu gənc özünü ağalara yetirir və yalvarır ki, onu da özləri ilə aparsınlar. Ağalar da bir şərtlə razılaşırlar ki, yolda onlara xidmət göstərsin, gənc bu şərti qəbul edir və zamanı çatanda yola çıxırlar. Gənc bu mübarək səfərdə ağalara da, onların mindiyi heyvanlara da cani-dildən xidmət edir. Ağalar da arada bir gəncə söz atır, ona sataşırdılar. Amma gənc yenə onlara minnətdar idi, çünki onu Allah evini ziyarətə aparırdılar. Beləcə gəlib Məkkəyə çatırlar, dünyanın hər yerindən gəlmiş zəvvarlara qarışıb Həcc ayinini yerinə yetirir, qurbanlar kəsir və hər şeyi tamamlayıb geri dönürlər. Məkkədən çıxanda ağalardan biri nə düşünürsə, yenə bu gəncə şataşır, əlindəki kağızı çıxarıb göstərir və deyir ki, sənə də bərat verdilərmi? Gənc donub qalır, çünki nə bərat görmüşdü, nə də bu haqda eşitmişdi. Digər ağalar da bu ağaya dəstək verib hərəsi bir kağız göstərir və deyirlər ki, sənə bərat verilməyibsə, demək ziyarətin qəbul olmayıb. Bir an öncəyə qədər könlü güllü-gülüstan olan bu gəncin dünyası bir andaca başına yıxılır. Dəli kimi fəryad edərək geri dönür və Kəbəyə doğru qaçmağa başlayır. Üzünü Kəbənin divarına söykəyib hönkür-hönkür ağlayan o gənc: “Allahım, mən bu dünyada hər əzaba, hər zülmə qatlanmağa hazıram, yetər ki, Sənin rizanı qazana, Sənin rəğbətinə layid ola bilim. Günahımı mənə bildir, Allahım, hamının ziyarətinin qəbul edildiyi halda mənim buradan əliboş, üzüqara dönməyimə səbəb olan o günahımı mənə bildir ki, tövbə edim, Səndən əfv, məğfirət diləyim, Allahım! Məni əfv elə, Allahım!” Gəncin fəryadı yeri-göyü inlədirdi. Bir anda onun çiyninə bir əl qondu, gənc dönüb baxdı, fərqli aləmlərdən gəlmiş mübarək bir zat əlində nurdan od tutub alışan bir sənədi ona uzatdı, “al, bu da sənin bəratın”, – dedi və bir anda gözdən itdi. Ağalar gəncin əlindəki sənədi görüb heyrətə düşdülər, çünki yalan üzərində qurulmuş bir zarafatın bura qədər uzanacağını heç biri təsəvvürünə belə sığışdıra bilməzdi. Amma onların təsəvvürünə sığmayan bir xəyal həqiqət kimi önlərində durmuşdu.
***
Həzrəti Əlinin (r.a.) söylədiyi bir hədisdə Bəraət gecəsinin bərəkəti haqqında belə buyurulur: “Şaban ayının ortasında gecəni ibadətlə, gündüzü oruclu keçirin. O gecə günəş batanda Allah dünya səmasına enər və fəcir doğana (dan yerinin ağarması) qədər “yoxmu məndən əfv diləyən, əfv edim; yoxmu məndən ruzu istəyən, ruzi verim; yoxmu müsibətə uğrayan, onun dərdinə dərman verim” deyə səslənər.”
Həzrəti Aişə anamızın (r.a.) Rəsulullahdan (s.ə.s.) söylədiyi hədis də bu deyiləni dəstəkləməkdədir: “Allah-Təala şaban ayının 15-ci gecəsində rəhmət, məğfirət (bağışlama) və lütfləri ilə dünya səmasına təcəlli edər. Təcəlli edər və Kəlb qəbiləsinin qoyunlarının yununun sayından daha çox insanı əfv edər.” Bu hədisdə işlənən “kəlb qəbiləsinin qoyunlarının yunu” ifadəsi əslində böyük çoxluğu bildirməkdədir. Nə möhtəşəm müjdə, nə xoş xəbər! Yəni bir çırpıntı, qəlbin “Allah” deyə inləyərək Haqqa bir yönəlişi əfvimizə səbəb ola bilər.
***
Həyatı ölümə qədər bilənlərə yazıqlar olsun! Dünya bir hovur yuxu kimidir. Biz ölüncə yox olmuruq, ölüncə yuxudan ayılıb həqiqətlə üz-üzə dayanırıq. Ən böyük peşmançılıq son nəfəsdə, tövbə imkanı olmayan peşmançılıq, ən böyük korluq bu qədər əngin və zəngin dünyada Haqqı görə bilməməkdir. İnsanın Allah qarşısında əyilməsi ucalıq, bəndə qarşısında əyilməsi zəlillikdir. Allaha bel bağlamaq – sarsılmaz zəmanət dairəsinə girmək, dünyaya güvənmək – yaz buludunun altında kölgələnməkdir. Biz insan olaraq xətalardan, günahlardan sığortalanmış deyilik. Günahlardan qurtuluş yolu – tövbə, yəni bir daha o xətaya dönməyəcəyinə dair Allah-Təalaya söz vermək və istiğfar etmək, yəni əfv diləməkdir. Tövbə – bəraət yolunun adıdır.
Bəraət gecəsini ibadətlə keçirmək, Allah-Təalanın “yoxmu dərddən qurtarmaq istəyən, dərdinə dərman verim; yoxmu ruzi istəyən, ruzisini çatdırım; yoxmu şəfa diləyən, sağlığına qovuşdurum”, – buyurduğu bu mübarək gecədə əllərini qaldıraraq: “bu aciz qulun Səndən şəfa diləyir, Allahım! Dərdlərimə dərman ver, məni bu sıxıntıdan, bu halsızlıqdan qurtar”,- deyə yalvarmağa və ya ruzi istəməyə, günahlarının əfvini diləməyə, didərgin düşdüyümüz doğma torpaqlarımıza dönməyimizi istəməyə hansımızın ehtiyacı yoxdur görəsən?!
***
Bəzi mənbələr bu gecənin Qədr gecəsindən sonra ən fəzilətli gecə olduğunu yazır. Bu gecə ibadətlərin qarşılığı qat-qat artığı ilə verilər. Bir Qədr gecəsinin ehyası, yəni ibadətlə, oyaq yaşanması min aydan xeyirli olduğu kimi, bu gecənin ibadətinin də əlli illik bir ibadət hökmünə keçə biləcəyi müjdələnməkdədir. Təbii ki, ibadətlətin zirvəsi dinin dirəyi olan namazdır. İstər təhəccüd namazı qılın, istər təsbih namazı, istər qəza namazı, istərsə də sadəcə iki rükət nafilə namazı, amma Allah-Təalanın hüzurunda dayanıbmış kimi hüşu içində qılın, Onun sizə baxdığını, hər davranışınıza göz qoyduğuna əmin olaraq o namazı qılın və inanın ki, qazancınız düşündüyünüzdən çox-çox yüksək olacaq. Bu gecə dua eləmək, Allahdan günahlarının əfvini diləmək, ailəsi, yaxınları, əcdadı, xalqı, bütün müsəlmanlar üçün dua etməliyik bu cür mübarək gecələrdə. Quran oxumaq, Quranın göstərdiyi istiqamətdə düşünmək, özünü saf-çürük etmək, xətaları üçün tövbə, Allahın verdikləri üçün şükr etmək gərəkdir bu gecə.
Bazardan Bazar ertəsinə keçən gecə Bəraət gecəsidir. Allah-Təala bizə hər cür bəraətə layiq olmağı nəsib eləsin və bizi bu gecənin bərəkətindən məhrum qoymasın! Bəraət gecəsi elə bəraət qapınız olsun!
ƏLi ÇƏRKƏZOĞLU, ZAMAN
bu gun ALLAHIMIZIN EN COX SEVDIYI GUNDU BERBYET GECESIDI ALLAHIMIZA SUKUR ELIYEK VE ALLAH BIZIM GUNAHIMIZDAM KECSIN AMIN
Comments are closed.