Sevgi səadətin sərmayəsidir

0
57

Qoruqbağı kendiSevgi hisslərin fırtınasıdır. Sevgi insanın başqasına ehtiyac hiss etməsidir. Sevgi həyatı bölüşmək istəyidir. Sevgi kiminsə ağrı-acısına, sevincinə şərik olmaq arzusudur. İnsan sevməyi bacarırsa, bədxahlıqdan uzaq olur. İnsan sevməyi bacarırsa, çox müşkülü mümkünə çevrilir…

Bu günlərdə mətbuatda gedən bir xəbər çox cəlbedici idi: qadın 89 il birlikdə yaşadığı ərinin ölümünə ağlayırdı. Bu insanların 89 il bir damın altında eyni qayğıları bölüşməsi nümunə sayıla biləcək bir mənzərədir. İndiki gənclər çox keçməmiş bir-birilərindən bezirlər və heç ağlamadan, sızlamadan ayrılırlar. 89 ilin nə olduğunu təsəvvür edirsinizmi? Düşünürsən ki, əgər Allah ömür versəydi, onlar bundan sonra yüz il də eyni səmimiyyət və sevgi ilə yaşaya bilərdilər. Yaşı yüzü keçmiş bu qadın ömür-gün yoldaşının ölümünə elə kövrəlmişdi, elə ağlayırdı ki, deyirdin bəs dünyadan köçənin olsa-olsa 20-25 yaşı var. Deməli, insanın dəyəri həm də sevilməyi ilədir. İnsan sevilirsə, yüz yaşında da olsa, ölümü kədərli olur.

Sevginin təravəti

Ailədə həya varsa, münasibətlər heç vaxt təravətini itirmir. 50 il, 60 il birlikdə yaşayan ailələrdə tərəflər əksər hallarda bir-birilərinin adlarını belə çəkməyə həya edirlər. Hər kəs qarşı tərəfin hörmətini saxlayır, onun xətrini uca tutur. Ömür boyu bəlkə də bir-birilərinə “səni sevirəm” nədir, heç “səndən xoşum gəlir” də demirlər. Ancaq bu o demək deyil ki, onlar bir-birilərini istəmirlər. İstəyirlər, həm də ən səmimi, ən xoş hisslərlə. Onların sevgiləri “həya iqlimində” saxlanılır. Onlar bu hisslərini dilə gətirmirlər, yaşayırlar və bir ömür boyu öz sədaqətləri ilə isbat edirlər. İnsan bir sözü tez-tez dilinə gətirirsə, artıq o deyilənə şübhə edirsən. Onlar hiss etdiklərini, yaşadıqlarını dilə gətirməyə belə həya edirlər…

Boğazdan yuxarı sözlər, bayağı deyimlər…

Son vaxtlar gənclik teleseriallardan çox şey öyrənir, o cümlədən sevdiyinə müraciəti də: “canım, ürəyim, eşqim, həyatım…” Nə qədər də bayağıdır, elə deyilmi? Əgər bu dedikləri həqiqətdirsə, daha onu dilə gətirməyə nə ehtiyac var? Adama elə gəlir ki, bu cür ifadələr əslində ürəkdəki boşluğu doldurmaq üçündür. Əgər sənin qəlbin sevgi ilə doludursa, sən onu Allahın əmanəti kimi qəbul edirsənsə, əmanətə riayət etmək kifayət edər.

Doğrudur, bəzən insanın xoş sözə, səmimi ifadəyə də ehtiyacı olur. İstəyirsən ki, içəri girəndə səni xoş üzlə qarşılasınlar, şirin bir söz desinlər. Bunlar təbii istəklərdir və öz ölçüsündə olanda əlbəttə ki, gözəldir. Ancaq yeri oldu-olmadı “canım, ürəyim, eşqim, həyatım…” deyilirsə, istər-istəməz ikrah hissi doğurur. O ifadələrin səmimiliyinə də şübhə edirsən.

Hər kəs yerini biləndə…

Dədə-babadan görmüşük ki, süfrə başında əyləşmək təkcə ehtiyacın təmin olunması deyil, həm də mədəniyyətdir. Süfrə mədəniyyəti ailə sağlamlığının ən mühüm göstəricilərindən biridir. Həmişə belə görmüşük: oğul-uşaq süfrənin sağında-solunda oturar, başda atanın yeri boş qalar. O gəlib yerində oturmayana qədər heç kim süfrəyə əlini uzatmaz. Atanın birinci “Bismillah” deməsi ilə hər kəsin əli süfrəyə açılmış olar. Ana çəkdiyi yeməyi birinci atanın qarşısına qoyar. Sonra da ardıcıllıqla yuxarıdan aşağıya doğru yeməklər düzülər. Süfrə başında arabir “nə var, nə yox” söhbətləri də edilər. Ata övladlarının işini-gücünü, halını-əhvalını öyrənər.

Ümumiyyətlə, ailədə hər kəs öz yerini biləndə və öz yerini tutanda hər şey öz axarında davam edir. Çünki bu nizam-intizam təkcə süfrə başında qalmır, həyatın hər məqamında bu ailənin kiçiyi böyüyünün yolunu gözləyir, böyüyü də kiçiyindən himayəsini əsirgəmir. Bundan gözəl tərbiyə daha nəyə deyirsiniz ki?

Sevgi ipəkqurdu kimidir

Bir alim sevgini ipəkqurduna bənzədir və deyir ki, gənclik hissləri ömrün növbəti mərhələlərində ritmini də, şəklini də, atmosferini də dəyişməlidir. İlk günlərində tut yarpağı ilə qidalanan bir qurdun sonradan kəpənəyə çevrildiyi kimi, sevgi də bir yaşdan sonra qanad çıxarmalı, şəklini dəyişərək səmimiyyətə, qayğıya, mərhəmətə çevrilməlidir. Yəni 70 yaşındakı ər-arvad 30 yaşındakı ailədən daha çox bir-biri üçün darıxmalı və qayğısına qalmalıdır. İllər boyu davam edən birgəyaşayış tərəflərin xarakterində yeni cizgilər kəşf edir, onları bir-birinə uyğunlaşdırır və bir çox məqamlarda “oxşarlaşdırır”. El arasında bir söz var: ərlə arvadın torpağı bir yerdən götürülüb. Bu məsəl əslində bizim bir az əvvəl dediyimiz o həqiqətə işarədir. Torpağın haradan götürüldüyünü deyə bilməsək də, onu bilirik ki, 20-30 il birgə yaşayan ər-arvadın xarakterində bir-birinə bənzəyən xeyli xüsusiyyətlər meydana çıxır.

Sizin ən xeyirliniz…

Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) buyurur ki, sizin ən xeyirliniz ailəsinə ən xeyirli olanınızdır. Əslində ailə, övladlar hər kəs üçün bir sınaqdır. Qurani-Kərimdə bildirilir ki, övladlarınız və sərvətiniz sizin üçün fitnədir. Fitnə bu məqamda “çətin imtahan” mənasındadır. Bu imtahandan uğurlu çıxmaq üçün təməldən tərbiyə prinsipinə ciddi fikir verilməlidir. Əgər körpə doğulduğu ailədə sevgi görsə, səmimiyyət görsə, əlbəttə, gördüklərini ruhuna, yaddaşına köçürəcək və gələcəkdə ailə quranda da düzgün seçim edəcək. Yəni, ailədəki sevgi, səmimiyyət, tərəflərin bir-birinə qarşı fədakarlığı uşaqların gələcəyində də çox mühüm rol oynayır.

Dünyanın bu üzü də var

Həmişə hər şey ürəyin istəyən kimi olmur. Bu həyatın müxtəlif çətinlikləri, problemləri də var. Ömrü boyu bir-birinə bir dəfə də olsun “sevirəm” deməmiş həyat yoldaşı xəstə düşəndə günlərlə, aylarla çarpayının başından ayrılmır, hər qayğını, hər ağrını bölüşməyə çalışır. Bu fədakarlıq hansı sevgidən geri qalır ki?.. Əslində bu cür məqamlar, xüsusilə də xəstəliklər, ailədə sevginin, səmimiyyətin, fədakarlığın inkişafına təkan verən mühüm amillərdir. Çünki belə vaxtlarda münasibətləri gizlətmək olmur, əgər sevgi, səmimiyyət və ya fədakarlıq yoxdursa, mütləq haradasa özünü göstərəcək.

Ailə insanı Allaha yaxınlaşdırmalıdır

Evlənmək, ailə qurmaq Allahın əmri, Peyğəmbərimizin buyruğudur. Buyurulur ki, siz ailə quraraq tamamlanırsınız. Uca Peyğəmbərimiz həyat yoldaşına qarşı sevgi ilə, mərhəmətlə davranmağı tövsiyə edir. Təbii ki, evliliyin ilk illərində tərəflərin bir-birinə güzəşt etməsi elə o sevginin tələbi kimi meydana çıxır. Sevgi tərəzi ilə çəkiləcək mal deyil ki, onun azlığını və ya çoxluğunu müəyyən edə biləsən. Bu məsələdə heç şübhəsiz, qarşılıqlı münasibətlərin sağlam, səmimi təməllər üzərində qurulmasına diqqət yetirmək lazımdır.

Sevmək, sevilmək, sevgi atmosferində yaşamaq səadətimizin sərmayəsidir. Həqiqi sevgi insanın bu dünyasını da doldurar və hətta bu dünyasından daşıb axirətinə qədər də uzanar. Qəlbinizə, ruhunuza sevgi arzulayırıq…

Mənbə “Ailəm” jurnalı

Qoruqbağı