Biz də əlimizi daşın altına qoymalıyıq

0
58

ana dili“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanması dövrün tələbi olaraq qalır”.

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan.

İnsan danışmaq üçün əvvəlcə dinləyən, eşitdiyindən, dinlədiyindən özü üçün nəticə çıxaran və buna görə danışan məxluqdur. İnsan həm də təqlidçidir. Yəni o, bəzi şeyləri ağlına, şüuruna yaxın buraxmadan aldığı kimi təqlid edən məxluqdur. Bəlkə də, Darvin insanın bu təqlidçiliyinə çox aludə olduğundan məsələni qarışdırıb, əsrlər uzunu mübahisələrə səbəb olan nəzəriyyəni ortaya atıb. Kim bilir?

Məsələn, deyək ki, insan dilimizdə “xüsusi,” yaxud “məxsus” kimi sözlər ola-ola yeri gəldi-gəlmədi “eksklüziv”, yaxud “hadisə” əvəzinə “olay” sözlərini bol-bol işlədən məxluqdur. Hamısı haqqında deyə bilmərəm, amma bir hissəsi restoran, şirkət, holdinqlər bir yana, hətta çayçıya, pivəxanaya da ingilis, fransız, rus adı qoymağı sevən məxluqdur.

Bəli, insan danışan məxluqdur. Danışarkən də gözəl danışmaq istəyən, buna görə də gözəl danışan adamlardan nümunə götürən məxluqdur. Bu məxluqların ən safı da uşaqlar, başqa sözlə, məktəblilərdir. Onlar necə danışmağı valideynlərindən, daha sonra müəllimlərindən, sonra da radio və televiziya kanallarından öyrənirlər. Bəzən onlara gülünc gələn danışıq tərzlərini təqlid edərək güldüklərinin də şahid oluruq. Heyhat! Bu gün televiziya və radiolarımızın proqram aparıcıları, diktorları elə gündədirlər ki, dilimizi qorumaq üçün onlardan qaçmağa daha çox üstünlük verirsən. Bir kanalda diktor xəbəri tamaşaçılarla dava edirmiş kimi qaşlarını çataraq bağıra-bağıra, o biri rəhmətlik anam demişkən, “ağzında it boğuşdura-boğuşdura”, o biri səsləri ağzının bir yanında tələffüz edə-edə oxuyurlar.

Telekanallarda, yaxud radiolarda mətn oxuyan bu adamların dediklərini anlamaq çox çətindir. Məsələn, tutaq ki, diktor bu mətni oxuyur: “ABŞ Ali Məhkəməsi dünən bəyan edib ki, “erməni soyqırımı” “qurbanları”nın nəvə-nəticələrinə kompensasiya ödənilməməsi barədə Doqquzuncu Dairə Məhkəməsinin qərarına baxmayacaq. Amerika Erməni Milli Komitəsi və ermənilərin vəkilləri ABŞ Ali Məhkəməsinin qərarını etirazla qarşılayıb. Erməni təşkilatları kompensasiya məsələsi ilə bağlı mübarizəni davam etdirəcəklərini bəyan ediblər.” Bu, bir xəbərdir. Mənaca, məzmunca ifadə etdiyi bir şey vardır. Amma diktorlar bunu hiss edirlərmi? Məsələn, bir diktor belə oxuyur: “ABŞ Ali Məhkməsi. Dünən bəyan edib ki, “erməni soyqırımı” “qurbanları”nın. Nəvə-nəticələrinə kompensasiya ödənilməməsi barədə Doqquzuncu. Dairə Məhkəməsinın qərarına baxmayacaq. Amrika Erməni Milli Komitəsi. Və ermənilərin vəkilləri ABŞ Ali Məhkəməsinın qərarnı etirazla qarşılayıb. Erməni təşkilatları kompensasiya məsələsi ilə. Bağlı mübarizənı davam etdirəcəklərini bəyan edirlər.” Bir də təsəvvür edəndə ki, bu xəbər bağıra-bağıra, dava edirmişcə bir ahəngdə, çox qəribə, anlaşılmaz intonasiyalarla oxunur, məntiqi vurğu anlayışı bir tərəfdə qalır, xəbər şəkilçiləri ixtisar olunur, “i” əvəzinə “ı” tələffüzünə üstünlük verilir və o zaman Məşədi İbad kimi, “Vallahi, mən “Tarixi-Nadiri” yarıyacan oxumuşam, bunların xəbər oxumasından bir şey anlamadım, bu yazıq məktəblilər nə anlasın?” deməkdən başqa çarəm qalmır. Zarafat bir yana, amma iş başqa cürdür. Get-gedə televiziya və radiolar bir-birləri ilə “xəbərçilikdə” və “aparıcılıqda” yarışa-yarışa dilimizi elə qətl edirlər ki, bunu düşmən belə edə bilməz, şeytanın belə ağlına gəlməz. Hətta iş o qədər cığırından çıxıb ki, yüksək dövlət vəzifələri belə tələffüz edilərkən yaman günə salınır, adam qalxıb telefona əl atmaq, studiyaya zəng vurmaq, “insaf!” demək istəyir. Bu selə düşən aktyorlarımız da dilin qanun-qaydalarını itirməyə başlayanda müəllimlərə də başqa iş qalmır. Onların da dərsdə istifadə etdikləri şifahi nitq qaydaları diktorsayağı olur və… vay bizim yetirdiyimiz nəsillərin halına!  Görən onlar necə danışacaqlar? Bunun bir çarəsi yoxdurmu?

P.S. Məqaləyə yuxarıda seçdiyim epiqrafı təkrar-təkrar oxumağı tövsiyə edirəm. Hər şeyi Prezident, dövlət, hökumətdən gözləmək naşükürlükdür. Biz də əlimizi daşın altına, yaxud çiynimizi yükün altına qoymalıyıq.

Nazim Əkbərov, ZAMAN