Dünya yaxşılıq həsrətində, biz isə yaxşı dünyada yaşamaq istəyirik

5
314
Müəllif: Loğman
Müəllif: Loğman

Təbiətdə, yerdə, göydə, dünyada gözlə görünməyən qəribə bir tarazlıq hökm sürür.

Bu tarazlıq özünəməxsus şəkildə nizamlanır. Fizikada belə bir qanun var: enerjinin itməməsi qanunu. Enerji itmir, nə də yaranmır, o, yalnız formasını dəyişir, yəni bir şəkildən başqa şəklə keçir. Müəyyən hündürlükdən tökülən suyun enerjisi elektrik enerjisinə, elektrik enerjisi isə müxtəlif növ – istilik, işıq, mexaniki və s. enerjilərə çevrilir. Elə bilirəm ki, mənəvi dəyərlərin də eynən bu cür itməməsi qanunu var. Başqasına edilmiş bir yaxşılıq, xeyirxahlıq və ya pislik (o da mənfi enerjidir) yalnız formasını, şəklini dəyişərək onun qəlbində sevincə, fərəhə, xoşbəxtlik duyğusuna, kədərə çevrilir. “Yaxşılıq itmir” el misalı yaxşılığın insanlardan bir-birinə ötürülərək dövr etməsi, yeni duyğuların yaranması, gözəl yaşantıya çevrilməsi və əksər hallarda yenidən özünə qayıtması anlamına gəlir. Doğrudur, bu qayıdış ola bilər ki, birbaşa olmasın, bir neçə mərhələdən sonra baş versin. Amma o inkaredilməzdir ki, yaxşılıq yarıyolda qalmır. Yaxşılıq görən adamın içində elə bir hiss yaranır ki, bu, yenidən yaxşılıq etmək arzusu, istəyi oyadır. Yəni yaxşılıq bir kütlə, maddə kimi işlənib qurtarmır, zəncirvari reaksiya kimi birindən yenisi doğulur, artır, çoxalır.

Yaxşılıq həmişə səndən qabaqda gedir. Bu, bir qırılmaz prosesdir. Yaxşılığın təbiətində elə bir özəllik, elə bir güc var ki, onunla üz-üzə gələn hər kəsi aldığı yaxşılıq (enerji) müqabilində başqalarına qarşı eyni cür davranmaq arzusu oyadır. Bu bəzən çox uzun yol keçərək geriyə qayıdır, bəzən də qısa. Pislik də belədir. Təmənnasızlığın mahiyyəti də buradan qaynaqlanır. Bir xeyirxah işdən ötrü nəsə ummaq bu prosesin sonadək getməsinə mane olur, dəyərin o çevrilmə gedişatını pozur.

Yaxşılığa görə təmənna ummaq, yaxşılıqdan doğan işığı söndürməkdir.

Yaxşılıq öz nuru ilə işıqlanmalıdır.

Yaxşılığın dəyəri içindədir, yaxşılıq edənin həzzindədir, məmnunluğundadır, yaxşılığın insanları, dünyanı dəyişdirəcəyinə qəti inamındadır. Yaxşılıq edən əməlindən məmnun deyilsə, bu iş daxili ehtiyac səviyyəsinə gəlməyibsə, o daha yaxşılıq deyil, çünki mahiyyət etibarilə dəyişmişdir.

Yaxşılığın qarşılığı yaxşılığın həyata keçməsi ilə eyni vaxtda başlayır.

Yaxşılığı bütün digər əməllərdən fərqləndirən özəllik də budur.

Yalnız sənə yaxşılıq etdiyinə görə, sən də qarşıdakına eyni cür yanaşırsansa, bu bir növ tacirlikdir. Amma borcunu qaytarsan da, o adam səndən bir addım qabaqdadır. Çünki bu yaxşılığı o sənin cavab qaytarmağın üçün etməmişdi.

Onun üstünlüyü ilk addımı atmağındadır.

Yaxşılıq etmək “əl əli yuyar, əl də üzü…” düsturu ilə ifadə edilə bilməz.

Yaxşı olmaq insanın normal, təbii halıdır.

Yaxşı olmaq insanın borcudur, missiyasıdır. Yaxşılıq etməkdən yaxşılar doğulur.

Yaxşılıq yaxşıların həyat tərzinə çevrilir.

Əslində insanın yaxşı olmaması qeyri-təbiidir, insanın xəstə halıdır, işıqsız halıdır.

Yaxşılıq azalanda, qıtlaşanda yaxşılığı mükafatlandırmaq ilk baxışda ədalətli görünür. Amma normal olanı mükafatlandırmaq onu normanın fövqünə qaldırır, bununla yaxşı olmayan normal görünür, təbiiləşir. Bununla yaxşı olmayana meydan və yeni status verilir.

Yaxşı olmamaq adiləşir.

Və yaxşı olmayana alışırıq.

Və dolayısıilə yaxşılıq itir.

Yaxşı olmayana meydan verən yaxşılığın azalmasıdır.

Yaxşılıq etmək həm də ona görə lazımdır kı, yaxşı olmayanlar çoxalmasın.

Yaxşılıq etməyə, ilk addımı atmağa tələsin.

Əvəz gözləməyin, təmənna güdməyin.

Ən azı ona görə ki, dünya yaxşılıq həsrətindədir.Biz isə yaxşı dünyada yaşamaq istəyirik…

5 ŞƏRH

  1. Dünya həqiqətən yaxşılıq həsrətindədir.Kaş ki,içimizdəki paxıllıq, qısqanclıq,kiminsə zənginliyinə,inkişafına müfəvvəqiyyətinə köks ötürüb özgənin haqq-hesabını apara – apara daxilini mənəviyyatsızliğa sürükləyən pislikləri boğa biləydik. –BAX O ZAMAN YAXŞI DÜNYADA YAŞAMAQ ARZUMUZ ÇİN OLA BİLƏRDİ.-Şair demişkən—

    BU DÜNYANIN HƏR ÜZÜ VAR
    GECƏSİ VAR, GÜNDÜZÜ VAR
    BİR BALACA GEC_TEZİ VAR
    EDİBSƏNSƏ EDƏCƏKLƏR!

    SƏADƏT SEYİDOVA

Comments are closed.