Müasirlik çox geniş mövzudur. Hər kəs bunu öz dünyagörüşünə görə bir cür başa düşür, ona görə də fərqli izah edir. Hər sahədə müasirlik mövcuddur: elm-texnikada, iqtisadiyyatda, mədəniyyətdə, münasibətlərdə və s. Lakin biz məsələyə sosial aspektdən yanaşacağıq. O yerdən ki, hər gün bu və ya digər dərəcədə iştirakçısı və ya şahidi oluruq.
Çox təəssüf ki, bir çox insanlar müasirliyi məhz maddiyyatda görürlər. Məsələn, dövrümüzdə bahalı maşın sürmək müasirlik əlaməti kimi qəbul edilir. Halbuki elə sükan arxasındaca həmin insanın necə müasir olduğunu görmək mümkündür. Məsələn, maşın hər nə qədər bahalı olur olsun, əgər sürücü yersiz şəkildə səs və işıq siqnallarından istifadə edirsə və başqalarının narazılığına və narahatlığına səbəb olursa, o zaman bunun harası müasirlik oldu. Hələ mən həmin sürücünün lazımsız hesab etdiyi əşyanı elə küçənin ortasındaca aynadan atmasını, tüpürməsini demirəm. Yol hərəkəti qaydalarını pozmaq, nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətmək, bilərəkdən tıxac yaratmaq, yolu kəsə getmək üçün qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxaraq ədəbsizlik etmək də öz yerində.
Tərbiyəvermə məsələsində geridə qalmışıq
Deyilənə görə, adamlar var ki, gedəcəkləri toy məclislərində çəngəl-bıçağı “avropasayağı” tuta bilmək üçün bir həftə öncədən məşq edirlər. Gah bıçağı sol ələ alırlar, gah da çəngəli. Toy məclisi qızışandan bir müddət sonra isə baş qarışır və hər şey əvvəlki halına qayıdır.
Görüntü ilə heç nə dəyişmir, məsələnin mahiyyəti sənin dünyagörüşün, tərbiyən, həyata baxışın, əxlaqındır. Çəngəl-bıçaq məşqi edən adam, məsələn, evdən çıxanda zibili binanın blokuna qoyub, tələm-tələsik oradan uzaqlaşacaqsa, yaxud gecələr hamı yatan zaman zibili binanın eyvanından həyətə atacaqsa, o da o qədər “müasirdir”. Eləsi var hətta evi təmizləyəndən sonra kağızın arasına yığdığı zibili küçədən keçən insanların başına tökür. Amma cəmiyyət içinə çıxanda tamam başqa cür davranır.
Bir də görürsən, xoş insan təsiri bağışlayan bir nəfər marşrut avtobusunun sürücüsü ilə, sözün həqiqi mənasında, əməlli-başlı davaya çıxıb. Sürücü naəlac qalıb avtobusu saxlayır. Avtobus uzaqlaşanadək həmin adama diqqət edirsən və görürsən ki, 50 metr məsafənin davasını edirmiş. Nə deyəsən…
Müasir geyimli bir gənc avtobusda anası yaşda qadına yer vermək istəmirsə, vəziyyətdən çıxmaq üçün telefonu çıxarıb qurdalayırsa, saçına nə qədər “jele” sürtür sürtsün, hörməti olmayacaq.
Metro qapılarını bağlanmağa qoymayan və bununla qəhrəmanlıq etdiyini düşünən “müasirlər” də az deyil. “Eskalatorun üzərində oturmaq olmaz!” xəbərdarlığına baxmayaraq, yayxanan gənc özünü nə qədər xoşbəxt hesab edir, ilahi. Bu da bəzi ailələrimizin tərbiyə məsələsində geridəqalmışlığıdır.
Bu məsələdə, heç şübhəsiz ki, əsas yük valideynlərin üzərinə düşür. Amma insan özündə olmayanı başqasına verə bilmir, gərək ola ki, sən də hədiyyə edəsən…
Tərbiyənin köhnəsi-təzəsi olmur…
Biz övladlarımıza müasirliyi sözlə deyil, əməllərimizlə, onlara nümunəvi tərbiyə verməklə öyrətməliyik. Uşağa bahalı telefon ala bilərik, bahalı geyim ala bilərik, ürəkləri istəyən yerlərdə gəzdirə bilərik, amma öz əməlimizlə, mədəniyyətimizlə, etikamızla, davranışımızla nümunə ola bilmiriksə, onda vay o uşağın halına. Çünki uşaq gözünü açıb evdə nə görürsə, elə də tərbiyə alır. Nahaq yerə demirlər ki, hər uşaq bir ailənin güzgüsüdür. Eləcə də yeniyetmələr, gənclər…
Uşağın, yeniyetmənin, gəncin müasirliyi onun tərbiyəsindədir, aldığı təhsilindədir. Uşağa alınan bahalı telefon sabah və ya birisi gün köhnələ bilər, çünki hər ay yenisi satışa çıxarılır, amma tərbiyə, təhsil köhnəlmir. Tərbiyənin köhnəsi-təzəsi olmur. O, ömürlükdür, ilin hər fəslində, hər günündə, hər saatında işə yarayır. Günlər, aylar, illər ötür və o azalmır, əksinə, kotan torpaq şumladıqca parıldayan kimi, daha da kəsərli olur.
Övlada verilən tərbiyə gələcəkdə onun ətrafında olacaq insanlar – iş yoldaşları, ailə üzvləri və s. üçün də önəmlidir.
Əgər o, müasir, mədəni, tərbiyəli insan olacaqsa, gələcəkdə öz ailəsində də eyni şəraiti yaradacaq. Müdir olacaqsa, öz iş yerində həmin mühiti formalaşdıracaq. Beləcə, bu tərbiyəvi, mədəni mühit daha da şaxələnəcək, daha da genişlənəcək…
İnsan nə qədər savadlıdırsa, nə qədər tərbiyəlidirsə, nə qədər ağıllıdırsa, uzaqgörəndirsə müasirdir. Və ən əsası insan insan olduğu qədər müasirdir.
Nicat İntiqam, ZAMAN