Bu gün Azərbaycanda orta məktəblərdə “son zəng” çalınır. Bu il Azərbaycanda orta məktəblərin XI sinfini 91 min 484 nəfər şagird bitirərək məzun olacaq.
2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil məktəbləri üzrə 216 min 734 nəfər şagirdin buraxılış siniflərinin məzunu olacağı gözlənilir. Onların 125 min 250 nəfəri IX, 91 min 484 nəfəri isə XI sinfi bitirəcək.
Bu tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə tələbələrin gözlənilən buraxılışı 26 min 137 nəfər olacaq. Nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələri üzrə gözlənilən tələbə buraxılışı isə 10 min 399 nəfər təşkil edir.
Bu gün təhsil naziri Mikayıl Cabbarov Bakı şəhərinin 200 saylı tam orta məktəbində keçirilən “Son zəng” tədbirində çıxışı zamanı bunları deyib: “Həyatda övladlarınıza verdiyiniz ən yaxşı miras onların təhsilidir. Belə bir nəticənin əldə edilməsi üçün məktəblərdə münbit və lazımlı şərait yaradılmalıdır. “Son zəng” həm kədərli, həm də sevincli gündür. Bu gün ona görə sevinclidir ki, artıq həyatın bir mərhələsi sona çatır və yenisi başlayır. Ona görə kədərlidir ki, illərlə doğma olan dostlarımızla vidalaşırıq”.
Məzunlara bundan sonrakı fəaliyyətlərində uğur arzulayan nazir onların hər birinin qarşılarına qoyduqları məqsədə çatacaqlarına əmin olduğunu deyib. Onun sözlərinə görə, insan öz məqsədinə çatmaq üçün buna inanmalıdır. Orta məktəbi həyatın ən önəmli məktəbi sayan nazir müəllimləri və validyenləri də təbrik edib: “Valideynlərə təşəkkür edərək demək istəyirəm ki, hər biriniz müasir Azərbaycan üçün övlad və layiqli vətəndaş yetişdirmisiniz. Həyatda övladlarınıza verdiyiniz ən yaxşı miras isə onların təhsilidir. Belə bir nəticənin əldə edilməsi üçün məktəblərdə münbit və lazımlı şərait yaradılmalıdır. Təhsil naziri olaraq bunun həllini valideynlərin məktəblərin idarə edilməsindəki rolunda görürəm”.
Zerdab.com
7 il kecdi menim son zengimden
Comments are closed.